27 
Mar
2020
12:27
48
167
3325
Virtual karabakh

EVDƏ sağQALMAQ...

27 Mar, 2020
12:27
3325

EVDƏ sağQALMAQ...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

Bir ay bundan əvvəl hər gün işə getməkdən gileylənən, bütün günlərin eyni keçdiyindən şikayətlənən BİZ indi o günlərin qayıtması üçün nəzir-niyaz edirik.

İnsanlığın evdə oturan qisminin nəzir deməklə yanaşı, uşaqları ilə vaxt keçirməyə, çoxdan hal-əhval tutmadığı qohum-əqrəba ilə TELEFONLA danışmağa, evi yığışdırmağa, mətbəxdə ustalıq nümayiş etdirməyə, koronavirus haqqında yazılanları oxumağa, göstərilənlərə baxmağa kifayət qədər vaxtı var. 

Əslində, karantin dövründə evdə oturanlar da GÖZƏGÖRÜNMƏZ qəhrəmanlardır.

Həkimlərə verilən əhəmiyyətli statusu onların əlindən almaq fikrim yoxdur, səhiyyə işçilərinin zəhmətini yüksək qiymətləndirdiyimi, onlara olan dərin hörmətimi ifadə edərək, fikrimi tamamlamaq istərdim.

Evdə oturanlara gözəgörünməz qəhrəman deməkdə səbəbim var. Gözə görünmürlər, çünki çöldə-bayırda yoxdurlar. Yəni, sözün əsl mənasında onları görən yoxdur. Qəhrəmandılar, ona görə ki, müasir insanın evdə oturmağı qəhrəmanlıqdır.

Kimi bu qəhrəmanlığı təvazökarlıqla, sosial mediada heç nə paylaşmadan, kimisi (mənim kimi) də sosial mediada status bolluğu ilə yaşayır. Amma əsas odur ki, EVDƏ yaşayır.

Evdə kökəlmədən qalmaq isə ayrı qəhrəmanlıq hekayəsidir ki, bu haqda gələn dəfə danışacağam.

İndi isə üç nəfərlik, türklər demiş, “çəkirdək” ailəmizlə “çəkirdək” çırtlamaqla vaxt keçirdiyimiz günləri yaşayırıq.

Küçəyə çıxmırıq. Yəni, həm də qohumlarla, dostlarla vaxt keçirmirik. Onlar bizə gəlmir, biz onlara getmirik.

Evdə dostlarla xəngəl party” filan yoxdur. Yəni, olmamalıdır. Əgər siz hələ də dayınızgilə gedib, dayıdostunun bişirdiyi dadlı dövğadan dadıb, uşaqlarla vaxt keçirirsinizsə, bəlkə də xətrinizə dəyəcək, amma SİZ EVDƏ OTURMURSUNUZ.

Karantin o deməkdir ki, hərə öz evindədir.

Bir aydan çoxdur anamı ancaq müasir texnikanın imkanları ilə görə bilirəm.

Elə evdəkilərlə evdə oturanlar darıxır, amma gözəgörünməz olmaqda israrlıdırlar.

Bunun üçün əllərindən gələni və bəlkə də, bu günə kimi gəlmədiyini düşündüklərini də edirlər.

“Evdə oturmaq çətindir” deyənlərə “İnanın, xəstəxanada evdən asan olmayacaq” - deyə, hayqırmaq keçir ürəyimdən.

Hə, bir də, yadımdan çıxmamış, bazarlıqda tez-tez rastlaşdığım iki məsələyə diqqət çəkmək istəyirəm.

Növbədə bir metrilk məsafə saxlayanların qarşısına zənbilində iki aylıq yemək-içməyi ilə keçib, növbə oğurlayanlar tərbiyəsizliyin “KORONA”sını taxanlardır.

Supermarketdə gördüklərimdən ikincisi isə sualdır.

Görəsən, üstü bağlı çörəyin hamısına bir-bir əl vurandan sonra almaq vərdişi hansı xəstəliklə bağlıdır?

Yəni, insanın beyni necə işləməlidir ki, bütün çörəklərə əl vurub, sonra birini ala?

Məlumatlı adamların bu sualıma cavab verəcəklərini ümid edirəm.

Bir də, çox ümid edirəm ki, supermarketlərdə bir metrilk məsafəni saxlayacağıq, lazımsız yerə çölə çıxmayacağıq, bu qədər “evdə qal” çağırışına məhəl qoyacağıq.

Bir də, tezliklə anamı bağrıma basacağam, sosial şəbəkələr #KORONAYAVEDA “party” həştəqləri ilə dolub-daşacaq. 

Sonda bu günlərdə işə getmək məcburiyyətində olanlara: indi “tərəfkeşlik edir” deyəcəksiniz, amma deyin. O cümlədən, ƏZİZ JURNALİST HƏMKARLARIMA DA uğurlar diləyirəm. Canınız sağ olsun, hər gün risk edərək işə gedən, bizi məlumatsız qoymayan qələm əhli.

P.S. Karantinin beşinci günündə yazmaq istədiklərim bunlardır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri