31 
Mar
2020
11:35
40
250
11664
Virtual karabakh

Ziyalı və intellektual: Habil və Qabil məsələsi

31 Mar, 2020
11:35
11664

Ziyalı və intellektual: Habil və Qabil məsələsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Sokrat ziyalı idi, yoxsa intellektual? Bu sual yazımızın havaya açılan start atəşi olsun. 

“Qərb dəyəri” ifadəsini eşidəndə hər ikinci sıravi azərbaycanlının gözünün önündə pornoqrafiya canlanır. Bu, tamamilə doğru bir görüntüdür. Çünki axırıncı dəfə vətəndaşı olduğu Sovet imperiyasını Qərb məhz pornoqrafiyanın gücü ilə yıxıb. “Soyuq müharibə”də “Qızıl ordu” Qərbin populyar “kültür” taktikasını həyata keçirən geylərdən, lezbiyanlardan təşkil olunmuş xaotik qruplara məğlub oldu.

Sovet insanı (eyni zamanda, sovet azərbaycanlısı da) insan azadlığını geylərin, lezbiyanların simasında sevdi, ona heyran oldu. Bunun qırmızı imperiyaya qarşı qurulmuş bir tələ, oxşamaq istədiyi azadlıq sahiblərinin gey, lezbiyan olduğunu anlayanda isə artıq gec idi. 

Azadlıq istəyi mədəni deformasiyaya uğradılmış seks istəyidir.

(Bu gün ictimai təmkinimizi qorumaq üçün belə məsələlərə cinsimizin deyil, irsimizin gözü ilə baxmalıyıq. Bu öz yerində).   

Halbuki, ixrac olunan pornoqrafiya, aşınmasın deyə, dəyəri insandan üstün tutan, insanı dəyərə qurban verən, lap dərinə getsək, dəyərlərin aşınacağı bəhanəsi ilə insanların azadlıqlarını məhdudlaşdıran rejimlərlə Qərbin danışdığı dildir. Ona “Qərb dəyəri” adını da bu cür rejimlər verib. 

Bəs əsl Qərb dəyəri nədir?

Bu yazımızda əsl Qərb dəyərlərindən biri olan, böyük hərflə yazdığımız İntellektual haqqında danışacağıq. Yanlış olaraq bizdə belə fikir var ki, Qərbin “intellektual” dediyi, bizim “ziyalı” dediyimizdir. Lap başdan deyirəm, bu iki tip nəinki bir-birinə yaxın mənanı ünvanlayırlar, tam əksinə, onlar bir-birinin mənəvi, ictimai düşmənləridir.

İntellektualın ilk işi ziyalının yalançılığını ifşa etməkdir. İntellektual işə ziyalılığın tənqidi ilə başlayır. Eyni zamanda, ziyalı hər vəchlə çalışır ki, intellektualı ziyalısı olduğu cəmiyyətin, elitanın gözündən salsın. Çünki ziyalı üzvü olduğu elitanın kütlə üçün təyin etdiyi ictimai ağsaqqaldır. İntellektual isə nəinki elitadan, ümumiyyətlə, mədəniyyətin özündən azad olmuş asidir. 

Qısa cümlələrlə tərif şəklinə salaq, intellektual – mədəniyyətin özünün asisidir, o, mədəniyyətin özünə qarşıdır. Ziyalı isə mövcud mədəniyyəti təmsil edən elitanın əlinin altındakı, bir növ, məlumat kitabçasıdır.

Ziyalı milləti düşünür, intellektual bəşəriyyəti. Ziyalı cəmiyyətin dərdini çəkir, intellektual insanın.

Dediklərimizi biz az açmağa çalışaq. Oxucularımız daha çox idxal fikirlərə, ordan-burdan əkişdirilmiş sitatlara inandığı üçün bu abzasda məşhur fikir adamlarının “intellektual kimdir” sualına verdikləri cavablardan sitatlar gətirəcəyik. İntellektualların əcdadlarından biri sayılan Sartra görə, intellektual elmin özünü yaradan və onu təcrübədə sınayan şəxs deyil, bu təcrübənin insan həyatındakı zərərini və faydasını araşdıran və bunu cəmiyyətlə bölüşən şəxsdir.

İntellektual atomu parçalamır, amma atomu parçalamağın nə demək olduğunu insanlara çatdırır. İntellektual, bir növ, elmin, məlumatın peyğəmbəridir. İnsanlar alimdən fərqli olaraq, onu daş-qalaq edə-edə sevirlər. Nifrət intellektualın mükafatıdır. 

XX əsrin əvvəlində fransız Jülyen Benda “İntellektualların xəyanəti” kitabında bizim “ziyalı”, türklərin “aydın” dediyi zümrə haqqında yazırdı ki, bu zümrə artıq həqiqət carçısı olmaqdan çox uzaqdır, siyasi maraqlara qulluq edir, iqtidarların ehtiraslarına keşik çəkir. Öz qruplarının mənfəətini güdürlər.

Bendaya görə, əsl intellektual həqiqəti söylədiyi üçün inkvizisiya tonqalını özü üçün sönməyə qoymayan, çarmıxını öz çiynində gəzdirən, öz evində də sürgün həyatı yaşayan şəxsdir. 

Russonu intellektualların atası hesab edən tarixçi Pol Conson, Marks, Tolstoy, Heminquey, Rassel kimi intellektual hesab etdiyi 21 şəxsi “dişinə vurduğu” “İntellektuallar” kitabında bu zümrəyə mənsub olan tiplərin orta əsrlərin ruhani təbəqəsinin yerinə keçən sekulyar fikir adamları olduğunu yazır.

Pola görə, intellektual ənənələrə, cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinə əhəmiyyət verməyən, heç bir siyasi, iqtisadi tərəfi tutmayan, özünün fəlsəfi, siyasi, əxlaqi “dünya”sı olan və bu “dünya”nı insanların yaşadığı real dünyanın qarşılığı olaraq onlara təqdim edən insandır. 

Pola görə, intellektual, bizim Nizami Gəncəvi kimi, heç bir “icazə kağızı” olmadan ucdantutma hamıya ağıl verir. Amma Nizami Gəncəvi kimi sifariş və hədiyyə qəbul etmir. Şahlardan aldığı sifarişlər, doqquz kənd və Afaq xanım məsələsi olmasaydı, biz Nizami Gəncəvimizi gəlmiş-keçmiş bütün intellektualların ulu əcdadı adlandıra bilərdik.

Nə yazıq ki, xalis intellektual olmaq heç bir dövrdə mümkün olmayıb. Hətta “ən təmiz” intellektualın köynəyində də dolanışığın şorba, şöhrətin şərab ləkəsi vardır.

“Kimə intellektual deyilə bilər” sualına verilən cavabların ümumi mənzərəsinə baxanda, biz gördük ki, ziyalını intellektualın düşməni adlandırarkən səhvə yol verməmişik, əksinə, çox yumşaq davranmışıq.

Ziyalılar mövcud sistemlərin kahinləridir. Ziyalının funksiyası təmsil etdiyi sistemə görə dəyişir, dəyişməlidir. Məsələn, çar Rusiyasının ziyalıları dindar-liberal düşüncəni dəstəkləyirdilər. Kommunist Rusiyası onları ateist-proletar düşüncəni əldə bayraq edən ziyalılarla əvəzlədi. İntellektualın belə bir ideoloji, morfoloji adaptasiya bacarığı yoxdur, olsa, o da dönüb ziyalı olar. 

Ziyalı dolanışıq və şöhrət xatirinə içində qətlə yetirdiyi, bəzən də içində can verə-verə yaşayan, ölmək bilməyən intellektualın qisasını hər kəsdən, hər an almağa hazır olan “ictimai məmur”dur. Onun aşağılar və yuxarılar qarşısında vəzifəsi var. Ziyalı həm aşağıların, həm də yuxarıların karına gələn adamdır. Cəmiyyətin bir intellektualdan çox, bir ziyalıya ehtiyacı var.

Ziyalı həyəcanla gözlənilən, intellektual isə çağırılmamış qonaqdır. Ziyalı cəmiyyətdə beyinlər, düşüncələr arasında şütüyən bir “təcili yardım” vasitəsidir. O, həm aradüzəldən, eyni zamanda, həm də aravurandır. Və bu xidmətlərinə görə, bir tərəfdən mükafatlandırıldığı kimi, o biri tərəfdən də aşağılanır.

O, bunların hər ikisinə dözməlidir. Həm də mədəni bir formada dözməlidir. Üsyankarlıq ziyalının içindəki qətlə yetirdiyi intellektualı oyada bilər ki, bu da evdə arvad-uşağın ac qalması deməkdir.

İntellektualın belə bir dərdi yoxdur, əgər ailəsi onun həqiqətinə əngəl olacaqsa, arvadını özü başqasına ərə verəcək, uşaqları isə böyütmək üçün qoca anasının yanına göndərəcək.

Məsələn, intellektual ata Volter altmış səkkiz yaşında kralın qorxusundan Fransadan mühacirətə qaçanda dostunun 28 yaşlı arvadını da qoltuğuna vurub aparmışdı. Yaxud onun həm fəlsəfi, həm ictimai irsinin davamçısı Rassel gündə bir arvad alırdı.

İntellektual, bir növ, modern çağın, məlumat dünyasının xəyalpərəstidir, Don Kixotudur. O, nə sistemin, nə cəmiyyətin, nə də özünün xeyrini güdür. O, sadəcə, ortalıqda bir beyin fırtınası kimi dolaşır. Ona istehsalçının gözü ilə baxsaq, demaqoq görəcəyik, istehlakçının gözü ilə baxsaq, başdan xarab.

Ona görə də, intellektual öz cəmiyyətinin (hətta bəzən dünyanın) kimsəsizidir, yalqızıdır. İntellektual həm də bu yalqızlığına görə, mədəniyyətin içində deyil, çölündə yer alır; o, mənsub olduğu mədəniyyətin, bir növ, süni peykidir. Onu can atdığı orbitə həm də qovublar. Qısacası, bacanağın varsa, intellektual deyilsən!

Bir intellektual, məsələn, Stalinin vaxtında Yazıçılar Birliyinə üzv olmaq fikrinə düşürdüsə, dönüb ziyalı olurdu. İndi bilmirəm, vəziyyət necədir. Əsl intellektual üçün ziyalı olmaq, başına gəlməsini istəmədiyi ən pis hadisədir. Biz tərəflərdə intellektual, adətən, toy gecəsi ziyalı olmağa başlayır. Xalq onu ilk növbədə qoltuğuna verdiyi arvadla “etkisiz” hala gətirir. Nağara intellektualı məsafədən zərərsizləşdirən milli preparatdır.

İntellektual olanla mədəni olan eyni tip deyil. Mədəni olan ziyalıdır, ondan intellektuallıq yox, mədənilik tələb olunur. O, bir ictimai, hətta inzibati maket, nümunə olmalıdır.

Mədəni olan gecə saat üçdə də istifadəyə yararlı halda gözləməyi bacarmalıdır. İnsanlar onu heç vaxt yatmayan, yeməyən, ayaqyoluna getməyən universal varlıq kimi təsəvvür etməlidirlər. Mədəni olan yeri gələndə çəkic, yeri gələndə mıx olmalıdır.

Stalin sovet ziyalısı tipini bu şablona uyğun yaratmışdı. Sovet ziyalısı xalqın, cəmiyyətin qarşısında Stalinin təmsilçisi idi. Onun kimi geyinməli, onun kimi qımışmalı, onun kimi öskürməli, onun kimi...

İntellektualın isə mədəni olmaq kimi bir öhdəliyi yoxdur. Əksinə, o, mədəniliyin yerinə azadlığı qoyur. Adətən, əsl intellektual mədəni olmaqdan qaçır, çünki mədəniliyin onu elitanın və kütlənin qulluqçusuna çevirəcəyini bilir.

İntellektual mədəniyyətdən azad (bəlkə də, xilas) olmuş adamdır. Ziyalı intellektuala müharibə elan etdiyi kimi, intellektual da ziyalının təmsil olunduğu mədəniyyətə müharibə elan edir. Çünki o, gözəlliklə yanaşı, eybəcərliyi də mədəniyyətin yaratdığını bilir. 

Mədəni olan etikdir, intellektual olan estetik. Mədəni olan intellektual, intellektual olan mədəni görünmək istədikdə, yaxud buna məcbur edildikdə, zayı çıxır. 

Dostoyevskinin “Böyük İnkivizitor”undan, yəqin ki, bizi oxuyan hər kəsin xəbəri var. Orada İsa peyğəmbər intellektualın, inkivizitor ziyalının arxetipidir. Elə bil, “cəmiyyətə hansının faydası daha çoxdur” dediyinizi eşitdim. Bu suala doğru cavab vermək üçün əvvəlcə cəmiyyətin fayda anlayışını aydınlaşdırmalıyıq. Əgər onun - cəmiyyətin ən böyük arzusu oğul toyunda oynamaqdırsa, öz intellektuallarını tarakan kimi tapdalayıb öldürsün. 

Çünki intellektual məlumatın fayda üçün deyil, həqiqət üçün istismar edilməsini müdafiə edən şəxsdir, faydalı olmaq istəyən intellektual deyil, elm adamıdır. İntellektual bəzən firmalara hamballıq edən elm adamlarının da qəniminə çevrilir. Onun məqsədi oxumaq, gəzmək, yaratmaq deyil, oxuduqlarının, gördüklərinin, yaradılanların içindən ən yaxşılarını seçməkdir.

Yaxşıların içindən ən yaxşısını seçmək. Çünki o bilir ki, yaxşı ən yaxşının düşmənidir.

İntellektualın zəhmətindən qazanan çox vaxt məlumatın özü olur. Sokrat demokratiyanın tənqidçisi idi, Sokratın edamından qazanan da demokratiyanın özü oldu.

Stalin yadigarı olan cəmiyyətimiz bir bütün olaraq hələ ki, mədəni olana tapınır, ziyalı olana sitayiş edir. Biz intellektual olanı anlamırıq. O, bizə ögeydir. O, bizim mədəni mühitimizdə yad ünsürdür. Axtarıb öz cəmiyyətini tapmalıdır. 

Bizim intellektual hələ “özgə qapıları”na üz tutur. Amma ölüm ayağında Vətəndə basdırılmaq istəsə, gözümüzün üstündə yeri var...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri