31 
Mar
2020
14:31
71
63
6046
Virtual karabakh

Lənkərandakı karantin şərtləri, qida keyfiyyəti və digər mətləblər barədə - MÜSAHİBƏ

31 Mar, 2020
14:31
6046

Lənkərandakı karantin şərtləri, qida keyfiyyəti və digər mətləblər barədə - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici ölkələrdən gələn 19 vətəndaşımız COVID-19-un yayılması ilə əlaqədar olaraq, karantinə alınıb. Azərbaycan vətəndaşı olan Yuri Çislov da onlardan biridir. Artıq 10 gündür ki, o, digər həmvətənlərimizlə birlikdə “Lankaran Springs Wellness Resort” beşulduzlu hotelində qalır.

Media.Az onunla karantin və məcburi təcrid şərtləri barədə danışıb.

- Necə oldu ki, Lənkərandakı hotelə yerləşdirildiniz?

- Mən Sankt-Peterburqda idim. Oradan uçuşlar yox idi. Martın 20-də Moskvadan Bakıya uçuşun planlaşdırıldığını öyrəndim. Lakin Rusiyanın paytaxtına gələndə bildim ki, martın 22-də Sankt-Peterburqdan da reys təmin olunur.

Qayıtmağın heç bir mənası yox idi, ona görə Vnukovo hava limanına getdim. Təyyarə eniş etməzdən beş dəqiqə əvvəl bizə Bakıya deyil, Lənkərana uçacağımızı dedilər. Ya ümumiyyətlə, uçmamaq (və bizlərin nələrin gözlədiyini bilməmək), ya da apardıqları yerə getmək arasında seçim etməli idim.

- Karantinə alınacağınızı demişdilər?

- Hər hansı bir məlumat verilməmişdi. Çatdıqdan sonra bizi ağ geyimli insanlar qarşıladılar, pasportlarımızı götürdülər (yeri gəlmişkən, hələ qaytarılmayıb), tibbi maskalar, əlcəklər verdilər və avtobusa yerləşdirdilər. Vəziyyətin özü məni çox narahat edirdi. Həmin vaxt hara aparıldığımızı bilmirdik. Ancaq sonda “Lankaran Springs və Wellness Resort” hotelinə gətirildik.

- Hotelə necə yerləşdirildiniz?

- Ümumilikdə, 50-60 nəfər idik, hər otaqda 2-3 nəfər yerləşdirildik. Sonunculardan olduğum üçün üç nəfərlik otağa düşdüm.

- Bəs neçə nəfər karantindədir?

- Dəqiq bilmirəm, bizə bu barədə məlumat verilmir. Ancaq hotel tamamilə doludursa, deməli, təxminən 500 nəfərdir.

- Hoteldə yoluxmuş insanlar üçün bokslar varmı?

- Virusu təsdiqlənənlər Masallı Rayon Xəstəxanasına göndərilir. Bildiyimə görə, dünən üç nəfəri ora aparıblar.

- Onlar da sizinlə eyni reysdə uçublar?

- Xeyr, onlar iki gün əvvəl (iki oğlan Varşavadan və bir qız Türkiyədən) gecə gəldilər. Səhər testdən keçdilər və ertəsi gün Masallı Rayon Xəstəxanasına yönləndirildilər.

- Test nəticələri mənfi olarsa, tezliklə buraxılacaqsınız...

- Narahat olduğumuz səbəb də məhz budur. Gəlişdən dərhal sonra testdən keçdik (gecə reysi ilə gəlmişdik). Burundan yaxma götürüldü, qan analizi vermədik. Nəticələrdən məmnun olduq, çünki heç kimdə virus aşkarlanmadı. Dünən yenidən testdən keçdik, nəticələrini gözləyirik. Biri deyir ki, 14 gün burada qalacağıq, digərləri 21 gün. Qeyri-müəyyənlik bizi hər şeydən çox gərginləşdirir.

- Karantin şərtləri barədə danışın.

- Bilirsiniz, çölə çıxmaq qadağan olunmasaydı, ümumiyyətlə, özümüzü tətildəki kimi hiss edərdik. Yaxşı şərait var, hər şey təmiz və səliqəlidir, şəxsi gigiyena vasitələri var, bizə gündə üç dəfə dadlı və fərqli yeməklər verirlər. Hətta istəyənlər siqaretlə də təmin olunur. Pəncərələri açmağa, balkona çıxmağımıza icazə verilir. Saxlanma şəraiti ilə bağlı problem yoxdur.

-  Geyimlə təmin edirlər?

- Başmaq, dəsmal... Ancaq pijama və ya başqa əşyalar yoxdur. Paltarlarımızı camaşırxanaya veririk. Hər mərtəbədə çirkli camaşırlar üçün xüsusi zənbillər var: ikisi kişilər üçün, ikisi də qadınlar üçün. Çirkli paltarları əvvəlcədən otaq nömrəsi ilə zənbillərə qoyuruq və ertəsi gün artıq təmiz vəziyyətdə dəhlizdə, üzərində otaq nömrəsi ilə götürürük.

Hamımız Moskvadan çamadanla qayıtmışıq, buna görə də hər kəsin geyimi var. Hər mərtəbədə həkim və tibb bacıları 24 saat növbədədir. Səhhətimizlə bağlı hər hansı bir sual üçün onlara müraciət edə bilərik.

- Hansısa tibbi prosedurlar həyata keçirilirmi?

- Xeyr. Sadəcə, gündə iki dəfə temperaturumuz ölçülür.

- Xüsusi gündəlik qrafik varmı?

- Hər kəs bunu özü müəyyənləşdirir. Məsələn, səhər yeməyi bizə səhər 9-10-da gətirilir, saat 13.00-da nahar edirik, son yemək qəbulu isə axşam saat 19:00-dadır. Boş vaxtlarımızda televizora baxırıq, musiqi dinləyirik, bacardığımız qədər əylənirik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri