Apr
2020
17:46
44
384
4817
Virtual karabakh

Bu gün aprelin biridir...

1 Apr, 2020
17:46
4817

Bu gün aprelin biridir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Bu gün aprelin biridir! Adətən, zarafat günü kimi qeyd olunurdu bütün dünyada. Bu gün isə zarafat edən yoxdur. İtaliyada matəm elan olunub, İspaniya koronavirusla çarpışır,  ABŞ-da COVID-19-a yoluxanların sayı durmadan artır. Azərbaycanda isə vəziyyət hələ ki, belədir: 4518 nəfər karantindədir, 35.000 nəfər test olunub, 328 nəfər müalicə alır, 26 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Bu gün aprelin biridir! Yenə də axmaq adamlar sosial şəbəkələrdə təhsilin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yalan xəbərlər yaydı. Yəni hansı beyinin daşıyıcısı olmalısan ki, belə xəbər yayasan, ay axmaq, ay səy adam!

Bu gün aprelin biridir! Bu gün Azərbaycanda daha 61 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Amma hələ də qonşuda xəstə axtaranlar bu xəbərləri oxuyub lağ edirlər. Fala-falçıya, cadu-pitiyə inanır, amma virusa – xəstəliyə inanmır. Qəribə məxluqdurlar.

Bu gün aprelin biridir! Çində ötən gün 36 şəxsdə koronavirus aşkarlanıb. Bu isə yoluxma halının yenidən çoxalması deməkdir.

Bu gün aprelin biridir! Ölkələr sərhədlərini bağlayıb, təyyarələr uçmur, qatarlar hərəkət etmir. Dünyanın ən müqəddəs məkanları - Məkkədə Kəbə, Romada Müqəddəs Pyotr meydanı bağlıdır. Milanın, Parisin, Madridin küçələri bomboşdur. Bütün dünya virusa qarşı mübarizə aparır. Bizimkilər isə dama çıxır nərd vurmağa. Özü də kollektiv surətdə. Arvad-uşaqla, qohum-qonşu ilə bir yerdə. Samovar qoyub, çay dəmləyərək. İnsanlar hələ də karantinin istirahət günləri ilə fərqini anlamır. Amma “masonlar”ı tanıyır. Axı bütün baş verənlər onların işidir. 

Bu gün aprelin biridir. Metro bağlanıb. Xeyli sayda iş yerləri bağlanıb. Amma işə gedənlərdən savayı, küçələrdə yenə adam görürük. Hara gedir bu insanlar, hara gedir? Polis onları saxlayır, cərimə yazır. İnsanlar isə qarğış edir.

Bu gün aprelin biridir. İnsanımız hələ də baş verənlərin ciddiliyini anlaya bilmir, ya da anlamaq istəmir. Elə hey “mən acam, neyləyim bəs?” deyir. Bacım-qardaşım, bax dövlət pul da ayırıb sənin üçün, kompensasiya da verəcək, çörək də, qaz-işığın pulunda da güzəşt edəcək. Hələ paralel olaraq, xəstələri, həkimləri, polisləri də düşünür. İndi deyəcəksən ki, “dövlətin borcudur, etməlidir!”

Yaxşı, bəs sənin heç borcun yoxdur? İndiyə kimi günəmuzd işləyib, hansı vergini ödəmisən? Hansı işin qulpundan tutub, cəmiyyətə xeyir vermisən? Özündən başqa kimi düşünmüsən? 

Sən deyilmisən “baqaj”da Bakıya keçmək istəyən, sən deyilmisən “təcili tibbi yardım” maşınında karantin zamanı o yan-bu yana yol ölçən? Heç olmasa, indi otur evdə, özünü, yaxınını düşün. 

Bu gün aprelin biridir! Bu gün Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına bir daha çağırış etdi. Bu müraciətdə bir daha xalqımızı səfərbər olmağa çağırdı. Bütün problemlərin tədricən həll olunacağını bir daha vurğuladı. Xalqa bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət etdi.

Xahiş etdi ki, növbəti 20 gün ərzində hami evdə qalsın, vacib zərurət olmadan evlərimizi tərk etməyək!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri