Apr
2020
15:08
305
97
25051
Virtual karabakh

Pomidorun faydaları

3 Apr, 2020
15:08
25051

Pomidorun faydaları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pomidor (lat. Solanum lycopersicum; it. pomo d'oro – qızıl alma sözündən) - badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növüdür.

Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollar sinifinə aid bitkidir. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılıb. Avropaya XVI əsrin ortalarında gətirilib. 

Rusiyada 1780-ci ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür: adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var.

Yetişmiş pomidor, adətən, qırmızı rəngdə olur, sarı, narıncı, yaşıl və bənövşəyi də daxil olmaqla, müxtəlif rənglərdə də ola bilər. Üstəlik, pomidorun bir çox altnövü müxtəlif forma və ləzzətə malikdir. Bir tərəvəz olaraq, qidada istifadə edilir. Pomidor antioksidant sayılan likopenin əsas mənbəyidir. Ürək xəstəlikləri və xərçəng riskinin azaldılması da daxil olmaqla, sağlamlığa faydaları çoxdur.

Tərkibi

Pomidorun tərkibinin 95 faizi sudur. Digər 5 faizi isə, əsasən, karbohidratlardan və lifdən ibarətdir.

100 qram pomidorun qida dəyəri aşağıdakı kimidir:

- Kalori: 18

- Su: 95 faiz

- Zülal: 0,9 qram

- Karbohidrat: 3,9 qram

- Şəkər: 2,6 qram

- Lif: 1,2 qram

- Yağ: 0,2 qram

Karbohidratlar pomidorun 4 faizini təşkil edir. Müqayisə üçün, sadə şəkərlər, məsələn, qlükoza və fruktozanın 70 faizini karbohidratlar təşkil edir.

Lif

100 qram pomidorun tərkibində təxminən 1,5 qram lif var. Pomidorda olan liflərin çoxu (87%) həll olunmayandır, hemisellüloz, sellüloz və liqnin şəklindədir.

Vitaminlər və minerallar

Bu baxımdan, pomidor çox zəngin qida mənbəyidir:

- Vitamin C. Bu vitamin zəruri qida maddəsi və antioksidantdır. Orta ölçülü pomidor gündəlik C vitamin tələbatının təxminən 28 faizini təmin edə bilər.

- Kalium. Əhəmiyyətli mineral olan kalium qan təzyiqini idarə etmək və ürək xəstəliklərinin qarşısının alınması üçün faydalıdır.

- K1 vitamini. Filokinon olaraq da bilinən K1 vitamini qanın laxtalanması və sümük sağlamlığı üçün vacibdir.

- Folat (B9 vitamini). B vitaminlərindən biri olan folat xüsusilə hamilə qadınlarda toxumaların normal böyüməsi və hüceyrə fəaliyyəti üçün vacibdir.

Pomidorda olan vitamin və bitki birləşmələrinin tərkibi çeşid və mövsümlərə görə çox dəyişə bilər.

Pomidorda əsas bitki birləşmələri bunlardır:

- Likopen. Qırmızı piqment və antioksidant olan likopen sağlamlığa faydalı təsirlərinə görə geniş araşdırılıb.

- Beta karotin. Tez-tez qidalara sarı və ya narıncı rəng verən antioksidant olan beta karotin orqanizmdə A vitamininə çevrilir.

- Naringenin. Pomidor qabığında rast gəlinən bu flavinoidin iltihabı azaltdığı və müxtəlif xəstəliklərdən qoruduğu bildirilir.

- Xlorogen turşusu. Güclü antioksidant birləşməsi olan xlorogen turşusu, qan təzyiqi yüksək olan insanlara kömək edə bilər.

- Xlorofil və karotenoidlər likopen kimi pomidorun rəngini müəyyənləşdirir.

Likopen - yetişmiş pomidorda ən çox rast gəlinən bu karotenoid meyvələrin tərkibindəki birləşmələr arasında xüsusilə diqqətəlayiqdir. Pomidorun qabığında ən yüksək konsentrasiyaya malikdir. Ümumiyyətlə, pomidor nə qədər qırmızıdırsa, likopenlə bir o qədər zəngindir.

Ketçup, pomidor şirəsi, tomat pastası və pomidor sousu kimi məhsullar Amerika Birləşmiş Ştatlarında pəhriz likopeninin 80 faizindən çoxunu təmin edən ən zəngin pəhriz mənbələridir.

Emal edilmiş pomidor məhsullarında likopenin miqdarı təzə pomidorla müqayisədə çox olur. Məsələn, ketçupun 3,5 unsiyasında (100 qram) 10-14 mq likopen, kiçik təzə pomidorda (100 qram) isə yalnız 1–8 mq likopen olur. Ancaq unutmayın ki, ketçup çox vaxt az miqdarda istehlak olunur.

Beləliklə, emal edilməmiş pomidor yeyərək, likopen ehtiyacınızı daha asan yolla təmin edə bilərsiniz. Pəhrizinizdəki digər qidalar likopenin mənimsənilməsinə güclü təsir göstərə bilər. Məsələn, pomidorun yağla birlikdə qəbulu onun mənimsənilməsini dörd dəfəyə qədər artıra bilər. Emal edilmiş pomidor məhsulları likopen səviyyəsinə görə daha cəlbedici olsa da, mümkün olduqca təzə, bütöv pomidor istehlak etmək tövsiyə edilir.

Pomidorun sağlamlığa faydaları

Pomidor və pomidor əsaslı məhsullarla qidalanma dəri və ürək xəstəlikləri, həmçinin, xərçəng riskinin azalması baxımından əhəmiyyətlidir.

Ürəyin sağlamlığı

Ürək xəstəlikləri arasında infarktlar dünyada ölümün ən çox yayılmış səbəbidir. Orta yaşlı insanlar üzərində aparılan araşdırmalar sübut edir ki, likopen və beta karoten yüksək qan təzyiqi olan insanlarda infarkt riskini azaldır.

Kliniki tədqiqatlar likopenin LDL (pis) xolesterolunun səviyyəsinin azalmasına kömək etdiyini göstərir. Pomidor məhsullarının kliniki araşdırmaları iltihaba və oksidləşdirici stressin markerlərinə qarşı faydaları sübuta yetirilib. Bunlar qan damarlarının daxili qatlarına qoruyucu təsir edir və qanın laxtalanma riskini azaldır.

Xərçəngin profilaktikası

Xərçəng - anormal hüceyrələrin normal hüdudlarından kənara yayılan, tez-tez bədənin digər hissələrini işğal edən nəzarətsiz böyüməsidir. Kliniki müşahidələr pomidor və pomidor məhsullarından istifadə edən insanlar arasında prostat, ağciyər və mədə xərçənglərinə daha az rast gəlindiyini göstərir. Qadınlar arasında aparılan bir araşdırma isə göstərib ki, pomidorda olan yüksək miqdarda karotenoidlərin süd vəzisi xərçəngindən qoruyucu funksiyası var.

Dərinin sağlamlığı

Pomidor dəri sağlamlığı üçün faydalı hesab olunur. Likopen və digər bitki birləşmələri ilə zəngin olan bu tərəvəz əsasında hazırlanmış kremlər günəş yanmasından qoruya bilər. Bir araşdırmaya görə, gündəlik 16 mq likopenin qəbulu məqsədilə 10 həftə ərzində gündəlik zeytun yağı ilə 40 qram tomat pastası yemiş insanlarda günəş yanmalarına 40 faiz daha az rast gəlinir.

Pomidorun ticari yetişdirilməsi

Pomidor yetişməyə başlayanda etilen adlı qazşəkilli hormon istehsal edir. Kommersiya yolu ilə yetişən pomidor hələ yaşıl və yetişməmiş halda yığılır və daşınır. Satışdan əvvəl onları qırmızılaşdırmaq üçün qida şirkətləri süni etilen qazlı sprey püskürdürlər. Bu proses təbii ləzzətin inkişafına mane olur və satışa dadsız, sağlamlığa zərərli pomidorların çıxarılması ilə nəticələnir.

Yerli pomidorların daha yaxşı dad xüsusiyyətlərinə sahib olmasının səbəbi həmin süni qızarma mərhələsinin olmamasıdır. Yetişməmiş pomidor alsanız, kağız vərəqə büküb bir neçə gün mətbəxdə saxlayaraq, yetişmə prosesini sürətləndirə bilərsiniz.

Allergiya

Pomidora allergiya nadir hallarda rast gəlinsə də, hər halda mümkün haldır. Bu, polen qida allergiyası sindromu və ya ağız-allergiya sindromu adlanır. Ağız-allergiya sindromunda immun sisteminiz polenəbənzər meyvə və bitki zülallarına hücum edir, bu da ağızda, boğazda qaşınma və ağız daxilində toxumaların, boğazın şişməsi kimi allergik reaksiyalara səbəb olur. Lateks allergiyası olan insanlar pomidorlara qarşı çarpaz reaktivliyə də sahib ola bilərlər.

Pomidor pəhrizin dəyərli bir hissəsi olaraq sağlamlığınıza böyük dəstək ola bilər.

Sevinc İbrahimova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri