Apr
2020
23:13
42
224
2414
Virtual karabakh

AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələ ilə bağlı vaxtında qəbul etdiyi effektli qərarlar, atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da koronavirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri tam dəstəkləyir və bu məsələ ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir.

O cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə AMEA tərəfindən yüksək səviyyədə əməl edilir.

Belə ki, Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub. Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda həmçinin AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahısına AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də daxil edilib.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahısına telekommunikasiya və rabitə xidmətləri də daxil edilib. Bu da onunla əlaqədardır ki, xüsusi karantin rejimində informasiya-kommunikasiya texnologiyaları xüsusi rol oynayır. Belə ki, bu şəraitdə dövlət idarəetməsinin, təhlükəsizlik tədbirlərinin, təhsil fəaliyyətinin, digər zəruri xidmətlərin həyata keçirilməsi və istehlakçı tələbatlarının ödənilməsinin ən effektli üsulu informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə virtual münasibətlərin yaradılmasıdır.

AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq , e-mail, veb-portallara xidmət, cloud computing  və s.) ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsi də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən AzScienceNet həmçinin ölkəmizin elm və təhsil müəsissələrinin  GEANT (Avropanın Elm və Təhsil  şəbəkəsi) təşkilatına inteqrasiyasını Mill GRİD Mərkəzinin dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir. Hazırda AMEA-nın əməkdaşları ev şəraitində AzScienceNet-in təqdim etdiyi bu xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.

O cümlədən, Respublika Seysmoloji Xidmət Mərkəzi də öz fəaliyyətində AzScienceNet tərəfindən təqdim edilən yaddaş və hesablama resurslarından, digər İnternet xidmətlərindən istifadə edir.

Hazırda AMEA rəhbərliyi də onlayn rejimdə idarəetməni həyata keçirir, bu qurumun elmi müəssisə və təşkilatları ilə müşavirələr təşkil edir, müzakirələr aparır.   

AMEA-nın digər elmi müəssisə və təşkilatlarının veb-saytları da xüsusi karantin rejimində ev şəraitində məsul əməkdaşlar tərəfindən idarə olunmaqla AzScienceNet-in göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir, müvafiq şəxsləri zəruri informasiya ilə təmin edir.   

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, AzScienceNet-in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institutun əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. İşçi qrup növbətçilik prinsipi əsasında Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin faliyyətinə  texniki dəstək göstərəcək. Burada fəaliyyət göstərən əməkdaşlar xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçiblər.

AMEA prezidentinin digər bir Sərəncamında xüsusi karantin müddətində bu qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədi ilə müvafiq tədrisin İnternet üzərindən həyata keçirmələri tapşırılıb. Həmin sərəncama uyğun olaraq, AMEA-nın ayrı-ayrı elmi müəssisələrində martın 29-dan etibarən müxtəlif İnternet xidmətlərindən istifadə etməklə magistrantlar üçün onlayn rejimdə dərslər təşkil olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri