10 
Apr
2020
14:14
26
167
1511
Virtual karabakh

Bu gün sağ qalmaq böyük nailiyyətdir

Ramin Musayev yazır...

COVID-19 pandemiyası bütün dünyanı bürüyüb və diz üstə qoyub. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) başlamış, hamı evdə qalmağa çağırır. Vaxtaşırı sosial şəbəkələrdə müxtəlif videolar paylaşılır. Həmin videoları hamı bir-birinə göndərir, orada olan məlumat haqqında düşünmədən və buna inanaraq...

Bir çox videolarda koronavirusun saxta olduğu, ondan hansısa məqsədlər üçün istifadə edildiyi, karantinin yersizliyi barədə çıxışlar görürəm. Bunları izləyən, evdə oturmaqdan bezmiş şəxslər deyilənləri əsas gətirərək, öz növbəsində, sosial şəbəkələrdə neqativ statuslar bölüşür, onsuz da çətin vəziyyətdə olan insanlarda stress və depressiya yaradır, onları çaş-baş salırlar. İlk növbədə, bu məlumatları dinlədikdən sonra, heç olmasa, bir az düşünməyi məsləhət görərdim. Çünki kor-koranə belə hərəkətlər insanlara problem yarada bilər.

Bəzən təəssüf hissi yaradan “koronavirus süni yaradılıb ki, dünya əhalisinin sayını azaltsınlar”, “peyvəndi insanlara çip yerləşdirmək üçün düşünüblər”, “nə qədər evdə oturmaq olar?!” və s. ifadələrlə qarşılaşıram. Amma bunlar nə qədər məntiqlidir?

Koronavirusun necə yarandığı artıq vacib deyil, çünki dünyanın bütün ölkələrinə yayılıb və böyük təhlükə yaradıb. İlk baxışdan yoluxanların cəmi 5%-i (əvvəl 2% idi) həcmində ölüm halları qeydə alınan bu pandemiya o qədər də təhlükəli sayılmaya bilər. Bu göstərici məhz xəstəliyin yayılmasının qarşısının alınması üçün tətbiq edilən tədbirlər və karantin rejiminin nəticəsində belə aşağı səviyyədədir. 

Hələ 1919-1920-ci illərdə dünya əhalisinin 29,5 faizi, daha dəqiq desək, 550 milyon adam “ispan qripi”nə yoluxmuşdu. Bu, dünyada ən geniş yayılan pandemiya kimi tarixə düşüb. Həmin pandemiyanın nəticəsində təxmini hesabla 50-100 milyon ölüm hadisəsi qeydə alınıb. Bu da o zaman üçün dünya əhalisinin 5%-i demək idi.

O pandemiya ilə bugünkünün fərqi dünya əhalisi arasında məlumatların daha sürətlə yayılması, TV, internet və medianın güclü olmasıdır. Ona görə, COVID-19-un yayılmasının qarşısı daha tez alınır.

Artıq dünyada COVID-19 virusuna yoluxmuş insanların sayı 1,6 milyonu, virus nəticəsində ölüm sayı 96 mini keçib. Bununla yanaşı, sağalanların sayı 362 mindən çoxdur.

Daha öncə yazdığım məqalədə göstərmişdim ki, statistikaya əsasən, pandemiyadan öncə dünyada hər gün 150 min adam dünyasını dəyişirdi. Koronavirusun meydan oxuduğu müddətdə bu statistika nəinki artmayıb, düşünürəm ki, hətta azalıb. Niyə?

150 mindən 100 mini yaşlanıb, müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərdir. Qalan 50 mini isə müxtəlif hadisələr nəticəsində ölür. Bunlar avtomobil qəzaları, cinayət qurbanları, təsadüfən baş verən hadisələr nəticəsində baş verir. Bu gün insanların çox hissəsinin evdə olmasını nəzərə alsaq, belə hadisələrin sayı sürətlə azalıb.

Yəni sərt karantin, ümumilikdə, insanları ölüm hadisələrindən qoruyur. Bir də həmin rəqəmlərə müxtəlif hadisələr nəticəsində sağlamlığını itirənləri əlavə etsək, deyə bilərik ki, evdə qalmaq insanların ölüm riskini azaldır.

COVID-19-un digər viruslardan fərqi odur ki, o, daha sürətlə yayıla bilir, yoluxanların immunitetinin zəif olmasından istifadə edir.

Peyvənd vasitəsilə insanlara nəzarət etmək üçün xüsusi çiplərin yərləşdirilməsi isteriyası da absurddur. Artıq illərdir ki, bizim üzərimizdə belə çiplər mövcuddur. Bu gün hər kəsin azı bir-iki mobil telefonu, minimum bir ədəd çipli bank kartı, şəxsiyyət vəsiqəsi, xarici pasportu, avtomobilində çip yerləşdirilmiş dövlət nömrə nişanı var. Sizcə, bunlar yetərli deyilmi ki, hələ bir insanın dərisinin altına çip yerləşdirilsin?!

Virusla bağlı təhlükə davam etdikcə, karantin rejimi tətbiq olunacaq. Bu, ümumi təhlükəsizlik üçün edilir.

Aydın məsələdir ki, işsiz gəlir əldə etmək mümkün deyil. Bu istiqamətdə artıq addımlar atılır. İşsizlər, sahibkarlar üçün kompensasiyaların verilməsi, kreditlərin dondurulması barədə müzakirələr gedir və yaxın zamanlarda tətbiq olunması gözlənilir. Əlbəttə ki, bunlar itkiləri müəyyən səviyyədə kompensasiya edə bilər. Amma vəziyyət də qeyri-adidir. Bu gün sağlam və sağ qalmaq böyük nailiyyətdir.

Virus nəzarətə alındıqdan sonra iqtisadiyyat çox qısa zamanda yüksəliş göstərəcək. Çünki bu müddət ərzində istehlak böyükdür, istehsal isə aşağıdır. Karantin bitdikdən sonra istehlak sürətlə artacaq, hamı darıxdığı üçün kafelərə, restoranlara, parklara, gəzintiyə gedəcək. Bu da qısa zamanda dünya iqtisadiyyatını inkişaf etdirəcək.

Bu il yayı yerli turizmlə qeyd edəcəyik. Xarici ölkələrə səfər mümkün olmadığı üçün yerli turizmin inkişafı olacaq. Ona görə, nə qədər evdəsiniz, yeni layihələr üzərində çalışın ki, sonra qaçhaqaça düşməyəsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri