17 
Apr
2020
14:35
29
167
2730
Virtual karabakh

Koronavirus bir sınaqdır

17 Apr, 2020
14:35
2730

Koronavirus bir sınaqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

COVID-19 pandemiyası bütün dünyanı iflic edib. Demək olar ki, dünyanın bütün ölkələrində biznes durğunluq dövrünü yaşayır, hamı sosial təcrid vəziyyətindədir. Belə halda gəlirlər ya çox azalıb, ya da yoxdur. Hamının köməyə ehtiyacı var. 

Dövlət tərəfindən edilən yardım insanlara, fərdi sahibkarlara və iş adamlarına əhəmiyyətli dəstəkdir. Bununla yanaşı, bir çox az imkanlı ailələrin yardıma ehtiyacları var.

Yaranmış problem, çətinlik, faciə insanları sınağa çəkmək üçün, həyatlarında dəyişiklik etmək üçün işarədir. Təəssüf ki, insanların bir-birinə dəstəyi, daha çox diqqətlə və anlayışla yanaşması faciələr zamanı baş verir.

Karantin başlayandan sonra ölkəmizdə də xeyriyyəçilik halları artıb. Bunu həm dövlət strukturları, həm özəl şirkətlər, həm də xeyirxah şəxslər edir. Həmin məlumatları xəbərlərdə eşidirik və sosial şəbəkələrdə oxuyuruq. İmkansızlara yardım edənlər öz üzərinə yük götürərək yardım toplayıb, ehtiyacı olan ailələrə çatdırırlar. Bu, sevindirici haldır.

Amma bununla yanaşı, kədərləndirən hal bu cür insanların tənqid olunmasıdır. Tənqidin müəllifləri xeyriyyəçiləri “özlərini reklam edirlər!”, “edirsənsə, gizli et!” deyə, qınayırlar. Bu nə qədər doğrudur?

Tənqidçilərin bu tələbləri ilə razı deyiləm.

Çünki belə halların ictimailəşdirilməsi digərlərinə də nümunə olmaq üçün yaxşı haldır. Hətta özünü “reklam eləsə də”, bu xeyriyyəçilikdən imkansızlar və ehtiyacı olanlar qazanır. Təsəvvür edin ki, yoxsulluq həddində yaşayan ailənin uşaqlarını bu yardımlar çətin günlərdə nə qədər sevindirir! Onlarda da insanlığa etibar yaradır və motivasiya edir.

Hesab edirəm ki, belə halları alqışlamaq və ictimailəşdirmək lazımdır. Həmçinin, belə xeyriyyəçilərin digərlərini da onlara qoşulmağa çağırması yardımların sayının artmasına gətirib çıxarır. 

Vaxtilə Hacı Zeynalabdin Tağıyev böyük xeyriyyəçilik işləri görüb, ona görə də, adı tarixdə qalıb. Məhz illər boyu onu nümunə gətirərək, fəxr edirik. Bəs necə olur ki, bugünkü halları qınayırsınız? Paradoks isə odur ki, qınayanlar özləri heç bir yardım etmir.

Yeri gəlmişkən, sosial şəbəkələrdə Bill Geyts haqqında yayılan statuslar insanları çaş-baş salır və bunların heç bir əsası yoxdur. Orada deyilir ki, guya COVID-19-u Bill Geyts yaradaraq, dünya əhalisinin sayını azaltmaq istəyir. Guya məqsədi insanlara peyvənd vasitəsilə yeni virusun yeridilməsidir. Digər bir versiya ilə peyvənd vasitəsilə çipin insan orqanizminə quraşdırılmasıdır. Belə statuslara sübut olaraq, İsveçdə əlin dərisinin altına yerləşdirilən çipləri fakt göstərirlər.

Xeyriyyəçilik fondları uzun illərdir ki, fəaliyyət göstərir. 54 milyard ABŞ dolları ilə dünyanın ən böyük xeyriyyə fondunu Bill Geyts və onun həyat yoldaşı Melinda yaradıb. Bill var-dövlətindən 34 milyard dollar ayıraraq, həmin fonda köçürüb. Həmçinin, milyarder Uorren Baffet bu fonda 20 milyard dollar ianə edib. “Bill və Melinda Gates” fondu əhalinin kasıb təbəqəsinə yardım edir, həmçinin təhsilə və səhiyyəyə pul xərcləyir. Fond bu məqsədlərə ildə 3,8 milyard ABŞ dolları ödəyir.

Bu statusları paylaşanlar, heç olmasa, məntiqlə düşünmürlər ki, niyə bu adam dünyanı iflic edərək, hamıya peyvənd vurur ki, yeni pandemiya yaratsın? Niyə bu cür dolayı yolla getsin ki?! Absurd.

Çip məsələsinə gəldikdə, keçən məqaləmdə bunun məntiqsizliyi haqqında yazmışdım. Ona da qeyd edim ki, İsveçdə çiplərdən yalnız arzusu olanlara istifadə edir. Bu çip insanın həyatını asanlaşdırmaq, üzərində daha az açar və kartların olması üçün bir vasitədir. Əgər həmin eksperiment uğurlu olarsa, gələcəkdə (yəqin ki, 25-50 il sonra) daha geniş yayıla bilər. 

Belə əsassız xəbərlərin yayılması onsuz da stress vəziyyətində olan insanları çaş-baş salır və qorxudur. Bu xəbərlərlə bölüşməmişdən öndə, heç olmasa, vəziyyətlə maraqlanın, araşdırın, kor-koranə yazmayın!

Hər zaman xeyir iş görənləri tənqid edənlər çox olub. Çünki kənarda durub, heç bir şey etmədən kimisə qınamaq çox asandır.

Belə çətin günlərdə bir-birinə dəstək olmaq savab işdir. Həmin xeyriyyəçilərə isə belə qınaqlara əhəmiyyət vermədən davam etməklərini məsləhət görərdim. Bunu da bilmək lazımdır ki, mələk olsanız belə, dar fikirli insanlar sizin saf qanadlarınızda da ləkə tapıb, tənqid edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri