22 
Apr
2020
12:29
12
127
2094
Virtual karabakh

Evdə nə etmək olar?

22 Apr, 2020
12:29
2094

Evdə nə etmək olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Tale sizə limon verirsə, ondan limonad hazırlayın. (Deyl Karnegi)

Karantin və özünütəcrid məcburiyyəti hamımızı evdə qalmağa vadar edir. Baharın gəlişi bu vəziyyəti lap çətinləşdirir. Əgər özünüzün və yaxınlarınızın sağlamlığı xatirinə evdə qalmısınızsa, bundan səmərəli istifadə edin. Ağıllı və bacarıqlı insanlar belə halları öz xeyrinə çevirə bilir. Bəs nə etməli?

Çox insan gecə-gündüz işləyir, heç özünə də vaxt ayıra bilmir. Az yatır, idman etməyə vaxtı çatmır, necə gəldi qidalanır, mütaliə edə bilmir. İşinin xətrinə bunlardan imtina etmək məcburiyyətində qalır. İndi məhz bunları kompensasiya etmək zamanı deyilmi?!

Distant iş 

İnternet mövcud olduğu zaman evdə oturaraq, bir çox işləri rahat etmək mümkündür. Əgər bu yolu seçmisinizsə, sizə “Pomodoro” sistemini məsləhət görərdim. Bu sistem üzrə 25 dəqiqə işləyəndən sonra beş dəqiqə fasilə etmək lazımdır. Beləliklə, görülən iş daha effektiv olur, beyin isə yorulmur. Smartfonlar üçün bu proqramların sayı külli miqdardadır. Zövqünüzə uyğununu seçə bilərsiniz. Mən “Fokus To-Do“ tətbiqini istifadə edirəm.

Gimnastika

Az hərəkət etdiyimiz üçün gün ərzində 4-5 dəfə gimnastika etmək məsləhətdir. Səhər tezdən, günorta, axşama yaxın və axşam vaxtı. Bu əzələlərin işləməsinə, bədənin tonusda qalmasına, qan dövranının sürətlənməsinə yardım edəcək. Yoqa, yaxud meditasiya etsəniz, lap yaxşı olar. Vaxtında yatın və səhər tezdən durmaq ehtiyacı olmadığı üçün əvvəllər itirdiyiniz yuxunu alın! Gimnastikanın effektiv yolları üçün smartfonunuza uyğun tətbiq yükləyə bilərsiniz.

Kitab oxuyun!

Uzun zamandır vaxt olmadığı üçün kitab oxuya bilmirdinizsə, onda elə əsl zamanıdır. Çoxdan oxumaq istədiyiniz rəflərinizdəki kitablardan seçin və oxuyun! Kitab oxumaq beyinin inkişafına və dincəlməsinə yardım edir. Yaxud audiokitablar dinləyə bilərsiniz. Bunun üçün Azərbaycan, rus, ingilis və digər dillərdə kitablar olan mobil tətbiqləri yükləyə bilərsiniz. Həmçinin, vebsaytlarda da dinləmək mümkündür.

Filmlərə baxın!

Çoxdan baxmaq arzusunda olduğunuz filmlərin və serialların siyahısını tərtib edib, vebsaytlardakı kinolara baxa bilərsiniz. Bir çox film saytlarında karantin müddətində pulsuz, yaxud ayda bir manat abunə olmaqla film kataloquna daxil ola bilərsiniz. Hətta “Netflix” bir aylıq pulsuz abunə təklif edir. Azərbaycan filmlərini təklif edən yerli saytlar da mövcuddur.

Onlayn seminarlar

Savadınızı və bacarığınızı artırmaq üçün bir çox vebsaytlarda seminarlara, distant təhsil təklif edən resurslara qoşulun! Karantin dövründə pulsuz, yaxud çox ucuz qiymətə tapmaq mümkündür. Yetər ki, doğru axtarış verəsiniz.

Virtual səyahət

Karantinlə bağlı olaraq dünyanın məşhur muzeyləri virtual turlar təklif edirlər. Bu səhifələrə daxil olaraq, həmin muzeylərdə səyahət edərək, incəsənət inciləri ilə tanış ola bilərsiniz. Həmin rəsmlər haqqında məlumat da yerləşdirilib.

Qarderobunuza göz atın!

Evdə olduğunuz müddətdə şkaflarınıza göz gəzdirin! Karantindən sonra hansı geyimləri istifadə edəcəyiniz, hansını etməyəcəyinizə qərar verin! İkinciləri isə seçib, qutuya yığın və kimə hədiyyə edəcəyinizə qərar verin, yaxud saytlara yükləyərək satın! Hətta bundan pul da əldə edə bilərsiniz. Onlayn satış üçün yaxşı başlanğıc ola bilər.

Gələcək planlarınızı qurun!

Yaxın zamanlarda karantin müddəti bitəcək, hamı normal həyata və işə dönəcək. Karantindən sonra nə edəcəyinizə qərar verin, planlaşdırın! Evdə olduğunuz müddətdə yeni ideyalardan yararlanın və yeni layihə yaratmaq haqqında düşünün! Bunu videokonfranslar vasitəsi ilə həmkarlarınızla müzakirə edin və hazırlıq görməyə başlayın! Əgər bu internet layihəsidirsə, onda elə bu gün, evdən çıxmadan ona başlamaq olar. Bu ideya gələcəkdə sizi uğurlu edə bilər.

Yaxınlarınızla vaxt keçirin!

Ən başlıcası isə ailənizə daha çox vaxt ayırın! Hər zaman işdə olarkən bundan məhrum olanlar üçün çox yaxşı imkandır. Valideynlər uşaqları ilə ünsiyyətdə olaraq, onların istək və planları ilə maraqlana bilər, birlikdə müzakirələr edə, hətta yeni bir şey öyrədə bilərlər. Həyat yoldaşınıza diqqət edərək, onun sevgisini qazanın, hətta deyərdim ki, daha yaxından tanış ola bilərsiniz. Atalar deyib ki, yaxşı yoldaş yaman gündə tanınar.

Heç vaxt çətin vəziyyətdən heyifsilənməyin, ondan faydalanın və inkişaf etməyə can atın! Atalar deyib ki, hər bir işdə xeyir var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri