22 
May
2020
12:06
61
72
6106
Virtual karabakh

Rauf Hacıyev: “Karantin tədbirləri ətraf mühitin yaxşılaşdırılmasına kömək etdi” - MÜSAHİBƏ

22 May, 2020
12:06
6106

Rauf Hacıyev: “Karantin tədbirləri ətraf mühitin yaxşılaşdırılmasına kömək etdi” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Oxu.Az-a müsahibə verib:

- 23 May - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bu gün münasibətilə sizi təbrik edirik və bilmək istərdik ki, bu tarix hansı vaxtdan qeyd olunur? 

- Təbrik üçün çox sağ olun. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

23 May tarixi təsadüfən seçilməyib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli fərmanı ilə struktur islahatlarına uyğun olaraq, ölkədə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə ilə bağlı fəaliyyətlərin tənzimlənməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Bu bayram yalnız ekologiya mütəxəssisləri, nazirliyin əməkdaşları tərəfindən deyil, ekologiya sahəsində fəaliyyət göstərən ictimai qurum və təşkilatların nümayəndələri, eləcə də, gələcəyimizi düşünənlərin hamısı tərəfindən qeyd olunur.

Bu gün ölkə sakinlərinin diqqətini ekologiya və ətraf mühit problemlərinə cəlb etmək üçün, adətən, müxtəlif tədbirlər keçirilir. Ənənəvi olaraq, bu gün ətraf mühitin, biomüxtəlifliyin, meşələrin qorunmasına, ekoloji və hidrometeoroloji təhlükəsizliyin təmin olunmasına, cəmiyyətimizdə yeni bir ekoloji mədəniyyətin formalaşmasına töhfə verən aparıcı ekoloq və ictimai xadimlər tərəfindən qeyd olunur.

Bu gün ölkəmizin üzləşdiyi ekoloji problemlərin həlli yolları görülən işlərə görə minnətdarlıq bildirilməklə müzakirə olunur.

- Son illərdə əhalinin ekoloji məsələlərə marağı artıb. Bu, doğrudurmu?

- Son illərdə ekoloji təhlükəsizlik məsələlərinə diqqətin artması tendensiyası müşahidə olunur, əhalimiz ekoloji problemlərin həllində sosial fəallıq və maraq göstərməyə başlayıb. Cəmiyyətdə getdikcə daha çox ekoloji cəhətdən məsuliyyətli vətəndaşlar meydana çıxır.

Ətraf mühitin könüllüləri Heydər Əliyev Fondu və İDEA ictimai təşkilatı ilə birlikdə nazirliyin keçirdiyi kampaniyalarda fəal iştirak edirlər. Şübhəsiz ki, erkən yaşlardan ekoloji mədəniyyətin formalaşması ilə məşğul olmaq lazımdır.

Ekoloji problemlər yalnız qüvvələrin birləşməsi yolu ilə həll edilə bilər. Buna görə də insanların dünya görüşündə ekoloji mədəniyyət öz layiqli yerini tutarsa, şübhəsiz ki, qarşımızda duran bütün vəzifələrin həll olunacağını nikbin şəkildə gözləyə bilərik.

Həqiqətən, ətraf mühitin vəziyyəti ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında mühüm rol oynayır. İnanıram ki, ekoloji təhlükəsizlik məsələlərinə diqqət xüsusilə ekoloqlarımızın fədakar əməyi sayəsində artıb.

- Ətrafımızı çirkləndirən əsas mənbələr hansılardır?

- Hava çirklənməsi böyük problemdir, amma hər birimiz onun həllinə öz töhfəmizi verə bilərik. Müxtəlif çirklənmə növlərinin sağlamlığa və ətraf mühitə təsirlərini başa düşmək havanın keyfiyyətini yaxşılaşdırmaq üçün konkret addımlar atmağa imkan verir.

Karbon qazı tullantılarının yarıdan çoxu nəqliyyat sektorunun payına düşür və bu səviyyə artmaqda davam edir. Bir çox ölkələrdə çirklənmənin əsas mənbələrindən biri enerji istehsalıdır. Havanın çirklənməsinə sənaye prosesləri də təsir edir.

Kənd təsərrüfatında havanın çirklənməsinin iki əsas mənbəyi var: metan və ammonyak, eyni zamanda, kənd təsərrüfatı tullantılarının yandırılması. Dünyadakı istixana qazlarının təxminən 24 faizi kənd, meşə təsərrüfatı və digər torpaq istifadəsi ilə istehsal olunur. Tullantıların və üzvi maddələrin poliqonda açıq şəkildə yandırılması ilə atmosferə zərərli maddələr atılır.

- Karantin tədbirləri ətraf mühitə təsir göstəribmi?

- Ölkədə vaxtında həyata keçirilən karantin tədbirləri əhalinin sağlamlığının qorunmasına yönəldilib. Bununla yanaşı, ətraf mühitin vəziyyətində xeyli yaxşılaşma qeyd olundu ki, bu da ekoloji vəziyyətin yaxşılaşdırılmasının mümkünlüyünü bir daha təsdiqlədi. Ancaq məqsədimiz bu cür nəticələrə ümumi qadağalarla deyil, bütün sahələrdə ekoloji standartlara riayət etməklə nail olmaqdır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri