İyn
2020
01:37
27
259
6726
Virtual karabakh

Nazirlik aksiya keçirən tələbələrlə bağlı məlumat yaydı - VİDEO

Təhsil Nazirliyi iyunun 1-də qəbul edilmiş üç tələbənin nazirliyin binasını sərbəst tərk etdiyini sübut edən videogörüntü paylaşıb.

Bu barədə Təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial mediada açıqlama yayıb. Açıqlamada deyilir:

“May ayından başlayaraq özünə “Tələbə tələbi” şüarı seçmiş bir neçə tələbə 1 iyun tarixində Təhsil Nazirliyinin qarşısına gələrək yay imtahan sessiyasının və təhsil haqqının tamamilə ləğv edilməsinə dair sosial mediada açıq-aydın çağırışlar etməyə başlayır. “Bütün tələbələrə çağırış” adı ilə edilən müraciət hər gün fəal paylaşılır, bütün səhifələrə göndərilir. Müraciətin özəlliyi ondan ibarətdir ki, “gəlin hər şeyi ləğv edək”, “qorxmayın – tələb edin”, “susmayın” kimi şüarlar fonunda tələbin özü yaddan çıxır. Əsas vurğu Nazirliyin önünə toplaşmaq olur. Eyni zamanda, ölkədə xüsusi karantin rejimi və toplaşmaq məhdudiyyəti qüvvədə olmasına baxmayaraq, minlərlə tələbəni onların imtahan sessiyasına hazırlaşdığı bir dövrdə Nazirlik önünə gətirmək cəhdinə “bu aksiya deyil, karantin qaydaları çərçivəsində baş tutacaq müraciətimizdir” kimi ad verilir və bununla da söz və niyyət arasında açıq-aydın ziddiyyət gözə çarpır.

Təhsil Nazirliyinin qarşısına bir ay ərzində çağırılan minlərlə tələbə gəlmir. Onun əvəzinə 1 iyun tarixində aksiya təşkilatçıları özləri gəlir və onlar Nazirlikdə qəbul olunur. Maraqlıdır ki, üç nəfər tələbəni 30-a yaxın ictimai fəal və “Facebook”da canlı yayım açmağı bacaran, “mənə dəymə, jurnalistəm” deyən şəxslər müşayiət edir.

Nazirliyin önü qarşısında mühafizə xidməti göstərən polis əməkdaşları tərəfindən gələn şəxslərə “Qəbula keçmək istəyirsiniz?” sualına hamı eyni cavab verir - “Mən tələbə deyiləm, dəstəyə gəlmişəm” və ağacın altına qaçır.

Xüsusi karantin rejimi ilə bağlı demək olar ki, bütün dövlət orqanlarında vətəndaşların əyani qəbulu hazırda həyata keçirilmir. Amma buna baxmayaraq, təmtəraqla, müşahidəçilərlə, tələbə olmayan şəxslərlə və canlı yayım pərəstişkarı fanatları ilə birlikdə gələn üç tələbəni Nazirliyin aidiyyəti üzrə sektor müdiri və əməkdaşı qəbul edir. Qəbul vətəndaşların rəsmi qəbul otağında baş verir. Qəbul 20 dəqiqə davam edir.

Qəbulda iştirak edən üç tələbə “biz bütün tələbələri təmsil edirik” və “imtahanları və ödənişi ləğv edin” deyir. Nazirliyin məsul şəxsləri bu üç tələbədən pandemiya dövründə onların təhsil aldıqları Bakı Dövlət Universiteti, UNEC və ADU-da təşkil edilmiş məsafədən tədrisə qoşulmaq imkanının olub-olmamasına, olmadıqda, hansı səbəbdən olmamasına, onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək həssas əhali qrupuna aid olan ailələrin üzvü olub-olmamasına və bu kimi digər suallara aydınlıq gətirməyə çalışır.

Tələbələr bu suallara əhəmiyyət vermir, əvəzində imzasız çağırışı təqdim edir, “biz bütün tələbələri təmsil edirik” və “hamısı ləğv olunsun” şüarını israrla təkrarlayır. Hansı tələbələri və nə əsasında təmsil etdiklərini özləri dəqiq bilmir. Bir neçə cəhddən sonra bir-iki suala cavab tapılır və məlum olur ki, üç tələbədən ikisi IV kurs tələbəsidir və Nazirlik tərəfindən edilmiş güzəşt onlara şamil edilir və onlar imtahan verməyəcəklər. İmtahan verməli olan, amma hazır olmayan tələbələrə yay imtahan sessiyasında iştirak etmədən avqust ayında əlavə ödəniş olmadan keçiriləcək icmal mühazirələrə qatılmaq imkanı, habelə təhsil haqqının ödənişi ilə bağlı dövlət tərəfindən ayrılmış maliyyə və onun şərtləri barədə məlumat verilir. Bundan sonra tələbələr qəbul otağını və Nazirliyin binasını tərk edir. Yarım saat sonra Nazirlik bu barədə ictimaiyyətə açıqlama verir.

Artıq məlum olduğu kimi, bu qəbuldan sonra məhkəmənin qərarına əsasən xüsusi karantin rejiminin tələblərini pozduğuna görə bir neçə tələbə inzibati məsuliyyətə cəlb olunur. Karantin rejiminin pozulması ilə Təhsil Nazirliyində tələbələrin qəbulu arasında səbəb-nəticə əlaqəsi yoxdur, karantini pozan qəbuldan qabaq da, qəbuldan sonra da poza bilər. Nazirlik karantin rejimini səbəb gətirərək tələbələri qəbul etməyə də bilərdi və bu zaman tələbələr qəbula düşmədən məsuliyyətə cəlb olunacaqdı. Lakin Nazirlik müraciətçilərin həqiqətən də nə istədiklərini başa düşməyə çalışdı, təşkilatçıları qəbul etdi, dinlədi, məsələyə münasibətini bildirdi, izahatını verdi.

Səbəbindən və şəraitdən asılı olmayaraq, istənilən tələbənin inzibati və ya digər məsuliyyətə cəlb edilməsi arzuolunan hal deyil. Tələbənin yeri bir qayda olaraq auditoriya və kitabxana olmalıdır, təcridxana yox. Bu vacib olduğu qədər, məsələyə düzgün və ədalətli yanaşmanı sərgiləmək bir o qədər də vacibdir.

Qəbulda olan şəxslərin sonradan “bizi qəbul etmədilər” deməkləri, qəbula dəvət edilmiş tələbələr barədə “polis onların qoluna girib binaya dartıb apardı”, “Nazirlik tələbələri binaya salıb aldatdı, orada həbs etdi” kimi ifadələri işlətməyi, inzibati məsuliyyətə cəlb edilmiş bir tələbənin dərhal əfsanə və qəhrəman elan edilməsi, mütəşəkkil qaydada şəkillərinin, tvitlərin paylaşılması, mahnıların bəstələnməsi, operaların yazılması, bir nəfərlik aksiyada “Tələbə tələbi cinayət deyil” kimi bəsit fikirlərlə bizi nəyəsə inandırmağa çalışması (yeri gəlmişkən, biz bunun əksini düşünmürük), cərimənin ödənilməsi üçün dərhal sosial kampaniyanın başlanması və yaxşıları da pis kimi təqdim etmək cəhdləri hansı məqsədlərə qulluq edir? Təhsil mövzusu qalır bir qıraqda, əsas niyyət üzə çıxır. Bunu tək biz görmürük, bunu bir aydır ki, çağırış etdiyiniz və Nazirlik önünə gətirə bilmədiyiniz tələbələr də görür. Bəlkə, məsələ ümumiyyətlə təhsil haqqı və imtahan deyil?!

Ədalət axtarışına çıxan şəxs ilk növbədə özünün də ədalətli davranmasını təmin edə bilsəydi, cəmiyyətimiz daha sağlam olardı. Təhsil Nazirliyinin qapısı isə həqiqətən təhsildən bəhs etməyə gələn hər bir şəxsin üzünə açıqdır”. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri