İyn
2020
13:09
23
158
4039
Virtual karabakh

Azərbaycan xalq mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı - VİDEO

5 İyn, 2020
13:09
4039

Azərbaycan xalq mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının “YouTube” portalında fars mahnısı kimi verilməsi ilə bağlı məsələ nəzarətə götürülüb və müvafiq araşdırma aparılıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bir sıra “YouTube” kanallarında, o cümlədən, “chekhabar1234” və “Persian Song” adlı səhifələrində iranlı musiqiçi Fereydoun Asraeinin ifasında “Dooset daram” adlı mahnı yerləşdirilib. Həmin musiqinin Azərbaycan xalq mahnısı olması barədə isə məlumat qeyd edilməyib.

“Bu ifanın musiqisi Azərbaycanın “Küçələrə su səpmişəm” xalq mahnısınındır. Mahnının sözləri dəyişdirilib. Musiqinin mənşəyi barədə isə məlumat göstərilməyib. Musiqinin bu cür mənimsənilməsi və dolayısı yolla fars mahnısı kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna, eləcə də ifalar və fonoqramlara dair müqavilələrinin müddəalarına ziddir”, - deyə Agentliyin məlumatında qeyd edilib.

Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir:

“Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq, bir sıra Azərbaycan xalq musiqisi toplularına daxil edilib. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan “Azərbaycan Xalq Melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub.

Mahnı eyni zamanda, 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilib.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun özü tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısının yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş yenidən işlənmiş variantı “YouTube” kanalına yüklənib.

“Küçələrə su səpmişəm” xalq mahnısı Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilib, maddi daşıyıcılara yazılaraq “YouTube” səhifələrinə yüklənib.

Xüsusi olaraq vurğulamaq istəyirik ki, “Küçələrə su səpmişəm” xalq mahnısı iranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer alıb. Həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilib və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib”.

Sonda vurğulanıb ki, Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və “YouTube” portalının müvafiq bölməsinə ünvanlanaraq, “chekhabar1234” və “Persian Song” adlı kanallarında, eləcə də digər səhifələrdə “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri