16 
İyn
2020
15:32
20
276
6769
Virtual karabakh

Kürün suyu kəskin azalıb - Səbəblər açıqlandı

16 İyn, 2020
15:32
6769

Kürün suyu kəskin azalıb - Səbəblər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Direktor, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov üç gün müddətində Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar.

İnstitutdan Oxu.Az-a verilən məlumata görə, tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub.

Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər. Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaradıb.

Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya, az da olsa, çay suyu şəklində axır.

Çayın bu hissəsində vaxtı ilə 100-150 m enində yataqboyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 m-ə qədər azalıb.

Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adacıqlar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub.

Kür çayında suyun azalması ilə adacıqların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir neçə səbəbini aydınlaşdırıblar.

Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi;  ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması; üçüncüsü, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi; dördüncü, əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması; beşinci səbəb, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri; altıncısı, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.

Kür çayında  məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı  boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri