30 
İyn
2020
16:27
32
381
5172
Virtual karabakh

Mehdi Əliyev: “Demək olar ki, reanimasiyadakı bütün xəstələr kritik vəziyyətdədir” – MÜSAHİBƏ

30 İyn, 2020
16:27
5172

Mehdi Əliyev: “Demək olar ki, reanimasiyadakı bütün xəstələr kritik vəziyyətdədir” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan da dünyanın bir çox ölkələri kimi koronavirus infeksiyası ilə mübarizə aparır. Bu günə qədər Azərbaycan Respublikasında 16 968 koronavirusa yoluxma halı qeydə alınıb, bu xəstəlikdən 9 369 nəfər sağalıb, 206 nəfər ölüb. Hazırda xüsusi rejimli xəstəxanalarda 7 393 nəfərin müalicəsi davam edir.

Pandemiya şəraitində ən çətin vəziyyət həkimlərdədir. Ağ xalatlı qəhrəmanlardan biri də Media.Az-a koronavirus infeksiyasından əziyyət çəkən ağır xəstələrin müalicəsi barədə danışan anestezioloq-reanimatoloq Mehdi Əliyevdir.

- Pandemiya dövründə sizin iş rejiminiz necə dəyişib?

- Anestezioloq-reanimatoloqlar, prinsipcə, ağır xəstələrlə işləməyə öyrəşiblər. Ancaq pandemiya dövründə bu cür xəstələrin sayı artıb və müvafiq olaraq iş rejimi də daha gərgin olub. Məsələn, əvvəllər reanimasiyada vəziyyəti ağır olan və ya xəstəliyin gedişi ağırlaşan 60-80 faiz xəstə vardısa, indi, demək olar ki, bütün xəstələr kritik vəziyyətdədir.

- Gətirilən xəstələrin neçə faizi reanimasiyaya düşür?

- Bir qayda olaraq, xəstələrin 15-20 faizi. Bəzi ağır xəstələr üçün dərhal reanimasiya müəyyən edilir. Vəziyyəti orta-ağır qiymətləndirilən digərləri, təbii ki, səhhətinin pisləşməsi səbəbindən bizim şöbəyə bir qədər sonra göndərilə bilər.

- Çox xəstələri ağciyərlərin süni ventilyasiyası aparatına qoşmaq lazım gəlir?

- Reanimasiyaya gətirilən xəstələrin böyük hissəsini ağciyərlərin süni ventilyasiyası aparatına qoşmaq lazım gəlir.

Biz sona qədər bu prosesi gecikdirmək üçün çalışırıq, bu xəstəliklə mübarizə aparırıq, amma təəssüf ki, heç də həmişə alınmır və nəticədə, bəzilərini onsuz da ağciyərlərin süni ventilyasiyası aparatına qoşmalı oluruq. Ən böyük problem tənəffüs çatışmazlığıdır ki, bu da insan orqanizmində fəsadlara səbəb olur. Həkimlər eyni vaxtda bir neçə xəstəliyin müalicəsi ilə məşğul olmaq məcburiyyətində qalırlar ki, bu, həkim və xəstənin vəziyyətini daha da çətinləşdirir.

Anlamaq lazımdır ki, xəstələrin sayı daim artır, həkimlərin sayı isə azalır. Bundan əlavə, bizim növbəli işimiz var, çünki həkimlər də, heç olmasa, bir az istirahət etməlidir. Beləliklə, hər bir həkim süni ventilyasiya aparatına qoşulmuş 13-14 xəstəni izləməlidir. Özümüzü infeksiyadan qorumaq üçün geyinməli olduğumuz xüsusi kostyumlar da işimizi çətinləşdirir. Maskalar ağır və narahatdır, xüsusilə də bir xəstədən digərinə qaçmaq məcburiyyətində qaldığınız zaman bu geyimlərdə çox isti olur. Həkimlərin özləri bəzən nəfəs almaqda çətinlik çəkirlər.

- Reanimasiyada yatan xəstələrin yaş kateqoriyası necədir?

- Hazırda reanimasiyada olan xəstələrin yaşı 35-lə 85 arasında dəyişir. Əvvəllər hamı düşünürdü ki, yalnız yaşlılar və ya digər yanaşı xəstəlikləri olanlar reanimasiyaya düşür. Təəssüf ki, bu gün heç bir xroniki xəstəliyi olmasa da, COVİD-19 səbəbindən ağır vəziyyətdə olan gəncləri qəbul edirik. Bəzilərini hətta süni ventilyasiya aparatına qoşmaq lazım gəlir.

- Hazırda ağciyərlərin süni ventilyasiyası aparatına neçə xəstə qoşulub?

- 14 xəstə. Deyə bilərəm ki, bu gün reanimasiya şöbəsi tamamilə doludur. Buna görə də, sözügedən məqsədlə nəzərdə tutulmamış yerlərə çarpayılar yerləşdirməli olmuşuq.

- Deyirlər ki, bir insanın ağciyərlərin süni ventilyasiyası aparatına qoşulması prosesi olduqca travmatikdir...

- Əlbəttə ki, bu, arzuolunmaz prosesdir və bunu yalnız ağır hallarda edirlər. Xəstədə üçüncü-dördüncü dərəcəli tənəffüs çatışmazlığı olduqda süni ventilyasiya aparatına qoşulması vacibdir. Xəstənin ventilyasiya cihazından azad olunması məsələsi əsas və yanaşı xəstəliklərin gedişindən asılıdır.

Koronavirus infeksiyasında xəstəliyin dinamikası əvvəllər görmədiyimiz olduqca qeyri-adi haldır. Süni ventilyasiya cihazına qoşulan xəstələrin 30 faizi həyata qayıda bilsə də, onlarda müəyyən fəsadlara rast gəlinir. Xəstəliyi ağır formada keçirənlər üçün koronavirus fəsadlara, məsələn, fibroz və digər xroniki ağciyər xəstəliklərinə səbəb ola bilər. Ancaq əksər hallarda xəstələr normal həyat tərzinə qayıdırlar. Bu yaxınlarda özünü yaxşı hiss edən və səhhəti bərpa olunmuş gənci süni ventilyasiya cihazından ayırdıq.

- Koronavirus infeksiyasının gedişinin kimlərdə ağır keçəcəyini və ya əksini qabaqcadan proqnozlaşdırmaq olarmı?

- COVID-19 diaqnozu qoyulmuş insanlar ağır xəstələr qrupundadır. Buna görə, əvvəlcədən bir şey söyləmək çox çətindir. Ağciyərlərin kompüter tomoqrafiyasının (KT) nəticələri pnevmoniya göstərən süni ventilyasiya aparatına qoşulmuş xəstə olub, ancaq buna baxmayaraq, onun səhhəti stabilliyi ilə seçilib. Biz artıq onu cihazdan ayırmağı planlaşdırırdıq, ancaq bir gün ərzində vəziyyəti pisləşdi, bunu KT görüntüləri də təsdiqlədi. Sözsüz ki, gənc xəstələrə ümidimiz var, çünki onların sağalmaq şansları daha çoxdur. Yaşlılara və yanaşı xəstəlikləri olan xəstələrə gəldikdə, onlar üçün proqnoz bir qayda olaraq mənfi olur.

- Xəstələri hansı dərmanlarla müalicə edirsiniz?

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş və təsdiqlənmiş bir müalicə protokolu var. Bu, sonradan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təsdiqlənib. Müvafiq olaraq, xəstələrin müalicəsində bu protokolda təyin olunan dərman preparatlarından istifadə edirik. Əlbəttə ki, eyni zamanda xəstəliyin müalicəsi ilə bağlı beynəlxalq təcrübəni də nəzərə alırıq. İstifadə olunan dərmanların siyahısına virus əleyhinə dərmanlar, antibiotiklər, antifunqal, immunosupressantlar, antikoaqulyantlar, vitaminlər və digərləri daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri