İyl
2020
10:25
23
385
3635
Virtual karabakh

Milli Məclisin komitə sədri: “Su çatışmazlığında şəhərin sürətli inkişafının da rolu var” - MÜSAHİBƏ

4 İyl, 2020
10:25
3635

Milli Məclisin komitə sədri: “Su çatışmazlığında şəhərin sürətli inkişafının da rolu var” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun Oxu.Az-a müsahibəsi:

-  “Azərsu” sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyiniz komitənin iclasında ölkədə yaranan su qıtlığını həm də son onilliklərdə bir sıra su mənbələrinin tikililərin altında qalması ilə əlaqələndirdi. Komitə sədri kimi Azərbaycandakı su ehtiyatları ilə bağlı ümumi vəziyyəti necə şərh edərdiniz?

-  İqlim dəyişiklikləri ilə əlaqədar dünyanın hər yerində su qıtlığı yaşanır. Bu, Azərbaycanda da müşahidə edilir. Yaxşı ki, bir neçə il öncə cənab Prezidentin uzaqgörənliyi sayəsində bir sıra layihələr işləndi, o cümlədən Taxtakörpü su anbarı tikildi, mövcud su anbarları isə yeniləndi. Buna görə də, biz su qıtlığı ilə az rastlaşırıq.

“Azərsu” rəhbəri Qorxmaz müəllim komitədə keçirilən dinləmədə dedi ki, son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə artıb. Şəhərin sürətli inkişafının su çatışmazlığında rolu var. 2013-2019-cu illərdə 7 390 binada binadaxili içməli su xətləri yenilənib. 3 350 binanın kommunikasiya xətləri işlənib, 4 040 binanın kommunikasiya xətləri tam quraşdırılmayıb və oradan yenə sular axır, itki baş verir. Bu da sudan səmərəli istifadəni sual altında qoyur.

İnfrastruktur obyektlərinin su mənbələrinə təsiri ilə bağlı hörmətli deputatlar da məsələ qaldırdılar. Bildirdilər ki, Bakının Xəzər rayonunda bir çox su mənbələri doldurularaq, üzərində binalar tikilir. Bu da yay aylarında suyun azalmasına, payızda isə qrunt sularının üzə çıxmasına, həmin evləri su basmasına səbəb olur. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə bizim komitədə dinləmə baş tutdu. Bu proses problemin həlli üçün başlanğıc kimi qəbul edilə bilər. Qərara aldıq ki, “Azərsu” Səhmdar Cəmiyyəti ilə birgə fəaliyyət göstərək, əməkdaşlıq edək və mövcud problemlərin aradan qaldırılması, əhalinin su qıtlığı yaşamaması üçün birgə işləyək.

- “Azərsu”nun fəaliyyətinə nəzarət mexanizminin gücləndirilməsi üçün sizin təklifləriniz nədən ibarətdir?

- Azərbaycanda Su Məcəlləsi var. Birinci növbədə Su Məcəlləsinin yenidən işlənməsinə ehtiyac var. Eyni zamanda, əhaliyə suyun çatdırılması, tullantı sularının, yağış sularının idarə olunması, alternativ su mənbələrinin tapılması ilə bağlı deputatlarımız məsələ qaldırıblar. Həmçinin şor suyun şirinləşdirilməsi təklifləri də irəli sürüldü.

- Duzlu suyun şirinləşdirilərək içməli su halına gətirilməsi təcrübəsini bir çox ölkə tətbiq edir. Azərbaycanda da dəniz suyunun, qrunt sularının duzsuzlaşdırılması prosesinə başlanıla bilərmi?

- Azərbaycanın bu gün su ehtiyatları var, vəziyyət hələ kritik həddə deyil. Sadəcə olaraq, bunların çəkilməsi, daşınması, kommunikasiyaların qurulması problemləri var. Azərbaycanda duzlu suyun şirinləşdirilməsi lokal miqyasda tətbiq olunub. Azərbaycan Dövlət Neft Şirkəti bir neçə il öncə Azərbaycanda bir çox adalarda şor suyun şirin suya çevrilməsi prosesinə başlayıb. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, duzlu suyun şirinləşdirilməsinə çəkiləcək xərclə səmərə əldə etmək olarsa, bunu reallaşdırmaq mümkündür.

Uzaqdan suyun çəkilməsi daha az maliyyə tutumlu və çox səmərə verərsə, o zaman bunun üzərində duracağıq.

- Azərbaycanın duzlu su ehtiyatına da təhdid yaranıb - Xəzər dənizinin suyu çəkilir, eyni zamanda dənizin suyu Kür çayına axır. Xəzərə təhlükə haradan qaynaqlanır?

- Xəzər dənizindəki problemlər təkcə Azərbaycanın deyil, həm də digər Xəzəryanı ölkələrin problemidir. Sadəcə olaraq, Azərbaycanla yanaşı, digər ölkələr – Rusiya, Qazaxıstan, Türkmənistan, İran problemin həllində maraqlı olmalıdırlar.

Problemin Azərbaycana düşən payına gəlincə, bilirsiniz ki, Kür çayı transsərhəd çayıdır, başqa ölkələrdən keçib Azərbaycana gəlir və həmin ölkələr də Kürdən istifadə edirlər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri