İyl
2020
15:57
23
130
3635
Virtual karabakh

ARAF-ın vitse-prezidenti: “Süvarilər dəstəsi bir neçə ölkənin beynəlxalq tədbirlərinə dəvət alıb” - MÜSAHİBƏ

6 İyl, 2020
15:57
3635

ARAF-ın vitse-prezidenti: “Süvarilər dəstəsi bir neçə ölkənin beynəlxalq tədbirlərinə dəvət alıb” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyevin Oxu.Az-a müsahibəsi:

− Salam, Bəhruz müəllim. Müsahibə təklifimizi müsbət dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. İcazə verin, bu müsahibəmizdə at sevən şəxsləri maraqlandıran sualları sizə ünvanlayım. Hazırda milli at cinslərimizin mövcud durumu necədir və onların qorunub-saxlanılması üçün hansı addımlar atılır?

− Mən də bu mövzuya göstərdiyiniz diqqət üçün dərin minnətdarlığımı bildirirəm. Son günlər bəzi kütləvi informasiya vasitələrində Qarabağ cinsli atların mövcudluğu və bugünkü vəziyyəti ilə əlaqədar həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.

Bu məsələnin ictimaiyyətə daha düzgün və dolğun şəkildə çatdırılması üçün mütəxəssis rəylərinə istinadən qeyd etmək olar ki, son illərdə maddi-mənəvi dəyərimiz olan Qarabağ cinsli atların qorunması, saxlanması və bütün dünyada tanıdılması yolunda ölkə rəhbərliyi, dövlət qurumları, Azərbaycan Respublikası Atçılıq Federasiyası, atçılıq klubları, idmançılarımız tərəfindən çox əhəmiyyətli addımlar atılmışdır.

Prezident İlham Əliyevin atçılıq idmanının inkişafına olan xüsusi diqqəti və bu istiqamətdə verdiyi tapşırıqlar atçılığın həm idman kimi inkişafına, həm də milli dəyər kimi qorunmasına və təbliğinə mühüm təsir göstərir.

− Ölkə prezidentinin sərəncamı ilə Ağcabədidə Qarabağ Atçılıq Kompleksi istifadəyə verildi, digər sərəncamla isə Ağstafada Dilbaz Atçılıq Təsərrüfatının yenidənqurma işlərinə başlanıldı. Belə tədbirlərin milli cinslərimizin inkişafına nə kimi təsirləri var?

Bildiyiniz kimi, 5 noyabr 2018-ci ildə Azərbaycan Prezident İlham Əliyevin iştirakı ilə baş tutan Qarabağ Atçılıq Kompleksinin açılışı Qarabağ atlarının qorunub saxlanılmasında və yetişdirilməsində əvəzsiz addım olmaqla, cinsin inkişafı yolunda yeni bir mərhələnin əsasını qoyub.

Məlumdur ki, Qarabağ atları 1993-cü ildə erməni qəsbkarları tərəfindən Ağdam rayonunun işğalı zamanı rayon əhalisi ilə bərabər öz doğma yurdlarını tərk etmiş oldu. Bu, cinsin inkişafına öz mənfi təsirini göstərsə də, ötən müddət ərzində atçılarımız cinsin reabilitasiyası, davamlı inkişafı və dünyada tanıdılması üzrə əsaslı tədbirlər həyata keçiriblər.

Eyni zamanda, Prezident İlham Əliyevin 30 dekabr 2019-cu ildə imzaladığı sərəncamla Ağstafa rayonunda Dilbaz Atçılıq Təsərrüfatı üçün yeni kompleksin tikilib istifadəyə verilməsi nəzərdə tutulub, sözsüz ki, bu da ikinci milli cinsimiz olan Dilbaz atlarının inkişafında yeni mərhələnin əsasını qoymuş olacaq.

− Sizcə, milli cins atlarımızın qorunmasında daha çox məsuliyyət dövlət qurumlarının, yoxsa fərdlərin üzərinə düşür?

Mən hesab edirəm ki, bu məsələdə dövlət qurumları və şəxslər birgə çalışmalıdırlar. Hazırda Atçılıq Federasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Azərbaycan atçılığının, xüsusən də, Qarabağ və Dilbaz atlarının sağlamlığının və genetik saflığının qorunub saxlanması üçün səylə çalışırlar.

Qeyd edilməlidir ki, 2009-cu ildən öz fəaliyyətini genişləndirən Atçılıq Federasiyası bir çox beynəlxalq və regional təşkilatlara üzv kimi qəbul olunub ki, bu da birbaşa milli atçılığımızın inkişafında xüsusi əhəmiyyətə malikdir.

2013-cü ildə Azərbaycanın Atüstü Milli oyunu “Çovqan”ın Qarabağ atı ilə vahid element kimi UNESCO-nun Təxirəsalınmaz Qorunmağa Ehtiyacı olan Qeyri-Maddi Mədəni irs siyahısına daxil edilməsini, habelə  2013-14-cü illərdə Polo üzrə dünya çempionatının “Polo vətəninə qayıdır” devizi altında Azərbaycanda keçirilməsini, Qarabağ və Dilbaz atları üzərində Çovqan oyunçularının dünya poloçuları ilə yarışması və Azərbaycan komandasının Amerikanın polo komandası üzərində qələbəsini nəinki Azərbaycanın, dünya atçılıq tarixinin ən önəmli səhifələrindən hesab etmək olar.

2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” bu qəbildən olan nümunələrdəndir.

Artıq beş ildir ki, Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ölkəmizi və Qarabağ atlarını bütün dünyada qürur hissi ilə təmsil edir. Qeyd etmək lazımdır ki, bu tədbirlər Azərbaycan atçılıq tarixində ilk dəfə olaraq reallaşdırılıb.

Qeyd olunanlarla yanaşı, süvarilər dəstəsinin Qarabağ atları ilə göstərdiyi möhtəşəm şou digər ölkələr tərəfindən də izlənilir və tamaşaçıların dərin rəğbətini qazanır. Bunun nəticəsidir ki, süvarilər dəstəsi Qarabağ atlarımızla artıq bir neçə ölkənin beynəlxalq mədəniyyət tədbirlərinə dəvət alıb. Buna misal olaraq 2019-cu ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində təşkil olunan 4-cü Beynəlxalq Etnospor Festivalını göstərmək olar. 16 ölkənin iştirakı ilə keçirilən tədbirdə DSX-nın süvarilər dəstəsi ölkəmizi təmsil edib.

Həmçinin, 2015-ci ildən bəri ənənəvi olaraq təşkil edilən Çovqan çempionatları həm milli oyunumuzun həm də milli atçılığımızın inkişafında xüsusi rol oynayır.

Atçılıq Federasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağ atlarının əsas kontingentinin DNT analizinin aparılması üçün Çexiyanın və Almaniyanın referens laboratoriyaları ilə əməkdaşlıq edilir.

Ölkə ərazisində milli cins atlarımızın identifikasiyası prosesi başlayıb və davam etdirilir.

– Fikrimcə, siz bütün atçılıq ailəsinin suallarına cavab verdiniz. Əlavə etmək istədiyiniz məqam var?

− Az öncə qeyd etdiyim kimi, bütün bunlar bir daha göstərir ki, ölkə rəhbərliyi və əlaqəli qurumlar öz üzərlərinə düşən məsuliyyəti lazımi səviyyədə dərk edirlər və bu istiqamətdə böyük səylə çalışırlar.

Milli at cinslərimizin qorunub saxlanması istiqamətində tədbirlərin görülməsi, onların saylarının artırılması, eyni zamanda, cins göstəricilərinin yaxşılaşması onu deməyə imkan verir ki, çox yaxın gələcəkdə görülən işlər müsbət nəticəsini verəcək və onların ilbəil inkişafına şərait yaradacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri