21 
İyl
2020
23:52
120
111
2918
Virtual karabakh

Oxu.Az AİJF-in yazı müsabiqəsinin qaliblərindən oldu - FOTO/VİDEO

21 İyl, 2020
23:52
2918

Oxu.Az AİJF-in yazı müsabiqəsinin qaliblərindən oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Oxu.Az xəbər verir ki, görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilmiş “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Bu münasibətlə bu gün AİJF-nın Gənclər və İdman Nazirliyi balansında yerləşən ofisində karantin qaydalarına əməl etməklə keçirilən görüşdə həmin qurumun prezidenti Qabil Mehdiyev 22 iyul – Milli Mətbuat Günü münasibətilə idman jurnalistlərini təbrik edib. Q.Mehdiyev Mirpaşa Miriyevin 100 illiyi çərçivəsində görülən işlərdən, yazı müsabiqəsində iştirakçıların idman mediamızın problemləri ilə bağlı toxunduqları mövzulardan, idman mətbuatının bugünkü vəziyyəti və AİJF-nin planlarından danışıb.

O, qeyd edib ki, Gənclər və İdman Nazirliyi və AİJF Milli Mətbuat Günü münasibəti ilə veteran idman jurnalistlərini (Oqtay Bayramov, Məzahir Süleymanzadə, Şakir Yaqubov və Yaqub Nuriyev nəzərdə tutulur) də diqqət mərkəzində saxlayıb, onlara ərzaq sovqatı paylanıb. Q.Mehdiyev yaxın günlərdə federasiya üzvlərinə vəsiqələrin təqdim ediləcəyini bildirib.

Görüşdə iştirak edən AİJF-nin vitse-prezidenti Mahir Rüstəmli müsabiqəyə təqdim olunan yazılardan danışıb. O bildirib ki, federasiyaya təqdim olunan 10-dan çox yazını dörd münsif yoxlayıb. Yazılar 10 ballıq şkala ilə qiymətləndirilib. Qalib yazılar arasında qiymətləndirmə balları çox aşağı fərqlə olub.

Daha sonra müsabiqənin qalib və mükafatçıları elan edilib. Sport24.az portalının baş redaktoru Ceyhun Əliyev müsabiqədə birinci yeri tutub. Onun “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” yazısı münsiflərin hesablamasına əsasən ən yaxşı seçilib.

Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev ikinci olub. Onun “İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi” yazısı ikinci ən yaxşı məqalə seçilib.

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev isə üçüncü yeri tutub. O, “İdman jurnalistikası üçün ikinci şans” yazısı ilə bu yerə layiq görülüb.

İlk üç yeri tutan jurnalistlərə pul mükafatları ilə yanaşı, diplom və xatirə hədiyyələri təqdim edilib. Xatirə hədiyyələri arasında Oqtay Bayramovun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi”, “İdman” qəzetinin 80 illiyi ilə bağlı kitablar, həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının medalı olub.

Bundan başqa, qaliblər Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” adlı kitabı ilə tanış olmaq imkanı əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri