Avq
2020
12:43
122
29
3561
Virtual karabakh

Virusoloq Aleksandr Çepurnov: “COVID-19-a qarşı anticismlər tədricən yoxa çıxır” – MÜSAHİBƏ

Bu gündən etibarən Azərbaycanın xüsusi karantin rejimi zonasına daxil olan şəhər və rayonlarında bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılıb. Misal olaraq, SMS-icazələr vasitəsilə evdən çıxma sistemi ləğv edilir, çimərliklərin avqustun 31-dək davam edəcək karantin rejiminin tələblərinə uyğun istifadəsinə icazə verilir. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsinin iclasında pandemiya ilə əlaqədar dünyada fövqəladə vəziyyət statusunun qorunmasına qərar verildiyi məlumdur.

Rusiya Elmlər Akademiyasının Klinik və Təcrübi Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya professoru, biologiya elmləri doktoru, “Vektor” Xüsusi təhlükəli infeksiyalar laboratoriyasının keçmiş müdiri Aleksandr Çepurnov Media.Az-a müsahibəsində dünyada və Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib. Qeyd edək ki, həmsöhbətimiz özü də COVID-19-a yoluxmuşdu.

- ÜST arxayınlaşmamağa çağırır, həyəcan təbili çalır. Nə baş verir? Virus mutasiya edir?

- Belə deyək: virus, sadəcə, insandan insana ötürülür. Xoşbəxtlikdən, bu, qrip kimi sürətlə baş vermir, ancaq yayılır. Özünütəcrid tədbirləri, o cümlədən ictimai yerlərin bağlanması nə qədər sərt olsa, infeksiyanın qarşısını almaq bir o qədər effektli olar. Ancaq daha diqqət çəkən məqam iqtisadiyyata vurulan zərbədir. Dünyanın bir çox ölkələrinin səlahiyyətliləri, bizimkilər (Rusiya və Azərbaycan - red.) tədricən məhdudlaşdırıcı tədbirləri aradan qaldırırlar. Bundan əlavə, insanlar yorulublar, onlar artıq bir çox vacib şeylərə diqqət yetirmirlər. Məsələn, hətta əllərini yumağı, maska ​​taxmağı belə unudurlar. Eyni zamanda, artıq xəstələnmiş çox sayda insanımız var, onlar heç nədən qorxmur və məhdudlaşdırıcı tədbirlərə riayət edilməsi onlar üçün çətindir. Həm də gözümün qabağında sərt məhdudiyyətlər qoymayan, insanların öz anlayışına güvənən İsveç nümunəsi var. Onların kifayət qədər müsbət göstəriciləri var.

Lakin koronavirus, şübhəsiz ki, yayılacaq. O, təkcə payızın başlanması ilə ənənəvi respirator infeksiyaların yayıldığı zaman güclənməyəcək. Bütün bunlar yaxın gələcəkdə də baş verə bilər, insanlar aktiv ünsiyyət quracaq, itirdiklərini bərpa etmək üçün dənizdə üzərək, təbiətdə olaraq, istirahət etməyə çalışacaqlar. Müvafiq olaraq, infeksiyanın yayılması daha da güclənəcək, bu, avqustun ikinci yarısından gözlənilə bilər. Ancaq bu, təbii yoluxucu prosesdir.

- Böyük Britaniya hökuməti pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasını dayandırmaq qərarına gəlib...

- Bəli, elədir. Yoluxmanın artması təkcə Böyük Britaniyada deyil, ABŞ-da da müşahidə olunur. Belə demək olarsa, bu, Birləşmiş Ştatlarda “demokratiyanın baş alıb getməsi” ilə əlaqələndirilir. Kütləvi aksiyalar, etirazçıların sıxlığı. Rusiyada da bu, yaxın gələcəkdə baş verəcək. Ancaq səlahiyyətlilərimiz karantin tədbirlərini gücləndirməkdə davam edəcək, ya İsveç modelini seçəcək – bunu bilmirəm.

- Azərbaycanda COVID-19 statistikası müsbətdir. Hər gün yoluxmaların sayı azalır və sağalanlar çoxalır...

- Bu, karantin tədbirlərinin işə yaradığının göstəricidir. Azərbaycan infeksiyanın pik həddini keçib. Az adam xəstələnir və daha çox insan sağalır. Bütün bunlar yaxşıdır, amma bu tendensiyanın davam edəcəyinə dair heç bir zəmanət yoxdur. Yeri gəlmişkən, pandemiyanın “ikinci dalğası” barədə söhbətlər mənə tam aydın deyil. İnsanlar arasında təmasların sayından asılı olaraq xəstəlik artacaq və azalacaq.

- Deməli, ən vacib məqam özünü tənzimləmədir? Skandinaviyalılar bunu tətbiq edirlər, amma ölkələrimizdə insanlar o qədər intizamlı deyillər.

- Tamamilə doğrudur. İstənilən halda, bizdə “qucaqlaşmaq”, əl sıxmaq və s. qalacaq. Amma qeyd etdiyim kimi, zamanla sayıqlıq, sadəcə, darıxdırıcı olmağa başlayır, çoxları qorxmaqdan yorulublar. Ancaq başlıcası, mağazalarda maska taxmaq, əlləri dezinfeksiyaedici vasitə ilə təmizləməkdir. Buna əməl edilməlidir.

- Bəs həkimlər necə, artıq vəziyyətə uyğunlaşıblarmı?

- Bacarıqlar sürətlə inkişaf edir. Üstəlik, həm bizdə, həm də sizdə çox sayda həkim koronavirusu keçirib və artıq daha sakit işləyir. Hər halda, bunu özüm üçün deyə bilərəm. Ağır sətəlcəm keçirdim. Sonra diaqnoz yenə pis oldu, amma məni sağaltdılar. Anticisim testləri aparmaq fürsəti yarandıqda, onları dəfələrlə etdim. Məndə anticisimlər azdır, amma yenə də COVID-19-a yoluxduğum məlum oldu. Əlbəttə ki, işləmək mənim üçün daha asanlaşdı.

- COVID-19 anticisimlərinin zaman keçdikcə yox olduğu barədə oxumuşam...

- Elədir ki var. Bədəndə qıcıqlandırıcı yoxdursa, tədricən istənilən anticisim yox olur. Məsələn, herpes - o da əksər insanlarda bədəndə yaşayır, vaxtaşırı özünü büruzə verir (ya da vermir). Ancaq insanlarda anticisim var, çünki virus bədəndə qalır.

Bədən virusu məğlub etdikdə anticisimlər də yox olur. Ancaq ən başlıcası, yaddaş hüceyrələri qalır və buna görə, infeksiyaya təkrar cavab çox sürətli və güclü olur. Əgər kimsə məlum infeksiyadan xəstələnibsə, onda qorunacaq. COVID-19 anticisimləri bizim üçün ilk növbədə müəyyən bir insanın xəstəliyə məruz qalıb-qalmadığını müəyyən etməyə görə vacibdir. Bir daha təkrar edirəm, qorunma səviyyəsini hüceyrə immuniteti təyin edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri