20 
Avq
2020
11:03
136
45
6145
Virtual karabakh

Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən problemləri var” - MÜSAHİBƏ

20 Avq, 2020
11:03
6145

Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən problemləri var” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnsan fitrət etibarilə iki məchula - keçmişə və gələcəyə meyillidir. Biz həmişə mövcud olmadığımız keçmişə, yaşamadığımız gələcəyə getməyə can atırıq. Bütün münasibətlər belədir. İstədiyimiz şeyi əldə etdikdə o, bizim üçün mənasını itirir. Bu səbəbdən biz dünya məhv olana qədər Allahla maraqlanacaq, onu bir kənara ata bilməyəcəyik, çünki o, məchuldur və biz onu fiziki cəhətdən heç vaxt öyrənməyi bacarmayacağıq”.

Oxu.Az AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovla müsahibəni təqdim edir:

- Bəzən insanlar ruh gördüklərini deyirlər. Özlərini baxıcı kimi təqdim edənlər isə ruhlarla ünsiyyət qura bildiklərini iddia edirlər. Din nə deyir, ölən şəxslərin ruhları bu dünyaya geri qayıda bilərmi?

- Bu, iddiadan başqa bir şey deyil. Ölmüş insanın ruhu bu dünyada qala bilməz. Ruhların bu dünyada var olmasını bədən – fiziki orqanizm təmin edir. İnsan öldükdən sonra ruh mahiyyətcə bizə məlum olmayan formada başqa aləmə köçür. Bu aləmi bəzən bərzəx, bəzən də axirət dünyası adlandırırlar. Bu, müəmmalı məsələdir, dəqiq olanı budur ki, ruhlar insana məlum olan fiziki dünyada yaşamırlar.

Fiziki dünyada hər hansı bir canlının yaşaması üçün fiziki-bioloji sistem, struktur olmalıdır ki, onunla əlaqə yarada bilək. Empirik olmayan varlıq bu dünyada bizimlə birbaşa ünsiyyət qura, əlaqə yarada bilməz. Bu səbəbdən ruhların bu dünyaya qayıtması mümkün deyil. Ruhların köçdüyü aləmin mahiyyəti bizə məlum deyil, sadəcə, bilirik ki, o mövcuddur.

Əgər kimsə ruh gördüyünü, əzizlərinin ruhunun gəldiyini iddia edirsə, ya o insan qarabasma görür, ya da psixoloji cəhətdən problemi var. Real olaraq bu, mümkün deyil. Həm də mötəbər dini mətnlərə görə ruhların dünyaya geri qayıtması mümkün deyil. Nə “Qurani-Kərim”də, nə də digər mötəbər dini mənbələrdə bununla bağlı məlumat yoxdur.

Dediyim kimi, bunu iddia edən insanlarda qarabasma ola bilər. Qarabasmanı isə heç də həmişə psixoloji problemlər doğurmur. Bəzən insan özünü bir şeyə o qədər inandırır ki, bu, onun gözünə görünür. İnsan elə varlıqdır ki, beynini bir yerə qədər idarə edə bilər. Müəyyən hallarda isə beyin insanı idarə etməyə başlayır ki, buna da təhtəlşüur deyilir. Ruhları gördüyünü deyənlərin bir hissəsində psixoloji hallar nəticəsində təhtəlşüurun da diktəsi istisna edilmir. Bu səbəbdən ruhun görünməsi ilə əlaqəli iddialar subyektiv olub, obyektiv deyil.

- Ekstrasenslər paralel dünya ilə əlaqəyə girə bildiklərini iddia edirlər...

- Buna dair mötəbər çəkiliş faktları varmı? Ruhu görüb çəkən, bunu sübuta yetirən varmı? Yəni o şeyi ki empirik cəhətdən isbat edə bilmirik, deməli, onu təsvirə ala da bilmərik, odur ki mən belə şeylərə inanmıram. Bu günə qədər ruhlara dair çoxsaylı videomateriallar yayınlansa da, onları yozmaq mümkündür. Bununla əlaqədar elə “dəlil”, elə “fakt” yoxdur ki, onu hər hansı cəhətə yozmaq mümkün olmasın. İnternetdə yayılan görüntülərin əksəriyyəti saxtadır, ya da tamamilə başqa bir məsələnin yansımasıdır.

Yadıma gəlir, bir saytda oxumuşdum ki, bir nəfər göydə parlaq cisim görüb, onun uçan boşqab olduğunu iddia edirdi. Geniş müzakirələr getdi, bu sahənin mütəxəssisləri mövzu ilə əlaqədar çıxışlar etdilər. Həmin mütəxəssislər elmi dildə buna izah verib bildirdilər ki, hər parıldayan cismi uçan aparat hesab etmək olmaz. Bu, adi sellofan parçası da ola bilər. Yaxud dağılmış kosmik aparatların xüsusi metaldan hazırlanmış xırda hissələri də günəş şüalarını əks etdirir.

Həmin parçalar yerə düşərkən həmişə sabit formada düşmür, müxtəlif tərəflərə çevrilir, dönürlər. Anidən başqa tərəfə çevrilərkən üzərinə düşən günəş şüaları onu parlaq cisim kimi göstərə bilir. Bir neçə saniyə sonra həmin hissə vəziyyətini dəyişdiyindən günəş şüalarını daha əks etdirmir və bir anda “yoxa çıxır”. Görənlər isə bunu möcüzə, əcaib hadisə kimi qəbul edirlər.

Göründüyü kimi, elmin bu mənada konkret cavabları var. Ruh məsələsində də mötəbər dini mənbələrin informasiyası əsas götürülməlidir. Həmçinin, real elmi faktlara inanıram, qeyri-dəqiq, şübhə doğuran, müxtəlif izahlara açıq informasiyalara deyil.

- Bəs insanların müəyyən dövrlərdə gördükləri möcüzələr?

- Əgər biz möcüzə institutunun dindəki yerini düzgün başa düşməsək, sadaladığınız məsələləri möcüzə adlandırıb inanacağıq. Bir çox insan dində möcüzə məfhumunun əsl mənasını hələ də dərk etmir, ona görə də izahı olan hadisələri möcüzə adlandırırlar. Möcüzə heç bir izahı olmayan xariqüladə hala deyilir, möcüzə dində fenomenal haldır. Onun hər kəs şahidi olmalı və o, hər kəs üçün açıq-aydın olmalıdır ki, insanlar Allahın əlamət göstərdiyinə yəqinliklə əmin olsunlar.

Allah öz möcüzələrini yalnız iki-üç nəfərin görə biləcəyi şəkildə yaratmır. Möcüzə səmərəli olmalı, konkret nəticə ilə başa çatmalıdır. Ümumiyyətlə, möcüzə yozuma açıq olmamalıdır. Möcüzədə əzəmət olmalıdır. Fındığın üzərində, pomidorun içərisində Allah yazısının olması möcüzə deyil. Möcüzə sözünün ərəb dilində mənası “aciz qoyan” deməkdir. Allahın yaratdığı möcüzə o şeydir ki, insanlar onun qarşısında acizdirlər, onu izah edə, təkrarlaya bilmirlər.

Məsələn, səmada buludlarda Allah sözünün yazıldığını iddia edənlər bunu möcüzə adlandırırlar. Buludlarda buna bənzər konfiqurasiya ola bilər, amma bu möcüzə sayıla bilməz. Və ya haradasa sunaminin baş verdiyi ərazinin kosmosdan çəkilən təsvirlərində okean dalğalarının Allah sözünün ərəb versiyasına oxşadığını deyənlər də möcüzədən danışırdılar. Bütün bunlara müəyyən kütlələr, təəssüf ki, inanır. Allah möcüzə göstərəcəksə, onu böyük əksəriyyətin gördüyü, dərk etdiyi, eyni zamanda, heyrətə düşdüyü formada meydana çıxaracaqdır.

Möcüzələrə aşkarlıq, aydınlıq, konkretlik və meydanoxumuşluq xasdır. Bəs belə saxta məlumatları kimlər ortaya atır, kimlər yayırlar? Bunlar ya cahil kütlələr, ya da islam əleyhinə iş aparan xüsusi qruplardır. Bu qruplar İslamı nüfuzdan salmaq üçün ideoloji iş aparırlar. Onlar insanları əvvəlcə inandırır, daha sonra isə həmin məsələnin saxta olduğunu müəyyən üsullarla aşkara çıxarıb onların inancların sarsıtmağa çalışırlar.

- Əslində, Allahın möcüzəsi nədir? Bunu insanlar görə bilər?

- İndi artıq möcüzələr dövrü bitib. Amma Allah bəzən müəyyən insanlara yalnız onun özünə məlum bəzi “əlamətlər”i göstərə bilir. Bu, elə bir mənəvi haldır ki, onunla üz-üzə qalan insanlar bunları çox vaxt başqalarına danışmırlar. Möcüzələr fiziki və mücərrəd – mənəvi formada baş verir. Bizim peyğəmbərimizə qədər olan bütün möcüzələr konkretdir, fizikidir və belə möcüzədən həmin möcüzənin göndərildiyi peyğəmbərin zamanında yaşayan insanlar xəbər tuturdular. Yəni fiziki möcüzə müəyyən zaman kəsiyində, müəyyən sayda insanlara göstərilən “birdəfəlik” möcüzədir. Bunda məqsəd peyğəmbərin həqiqiliyini onu inkar edən bir qrup insana sübut etməkdir.

Möcüzə Allaha və onun elçilərinə inanmayan, onları inadkarcasına inkar edən qruplara həqiqəti sübut etmək üçün Allahın “sahəyə enməsi” deməkdir. İnsan oğlu möcüzəni izah edə bilməz. Bu səbəbdən İsa peyğəmbərin möcüzəsi ölüləri diriltməsi idi. Həmin vaxt insanlar bunu görüb, iman gətirsələr də, bunun necə baş verdiyini izah edə bilmirdilər. Belə fiziki, birdəfəlik möcüzənin onu görməyənlər üzərində təsiri yoxdur, məsələn, mən həmin dövrdə yaşamamışam, amma buna inanıram, çünki bunu mənə “Qurani-Kərim” xəbər verir. Mötəbər informasiya olmasaydı, həmin möcüzənin mənim üzərimdə heç bir effekti olmadığından inanmayacaqdım.

Eləcə də, Musa peyğəmbərin dənizi iki yerə bölməsi, əlindəki əsanı yerə atması və əsanın əjdaha formalı ilana çevrilməsi də fiziki möcüzəyə misaldır. “Quran”da deyilir ki, Musa peyğəmbər bu möcüzələri onu dananlara göstərib. Orada olanlar da bu möcüzələrin qarşısında aciz qalıblar. Onlar bilirdilər ki, sehr yolu ilə bunu etmək mümkün deyil.

Möcüzələrin bir növü də əbədi, ümumi, mücərrəd möcüzədir. Bu möcüzə ancaq bizim peyğəmbərimizə verilib. O da “Qurani-Kərim”dir. “Quran” fiziki möcüzə deyildir. O, əsrlər boyu insanlara meydan oxuyan kitabdır. O, təhrif edilməməsi, üslubiyyatı, məzmunu, müəyyən məlumatları ehtiva etməsi, yolgöstərənliyi, hər dövr üçün aktuallığı baxımından möcüzədir. O, hər dövrdə bu xüsusiyyətləri ilə mövcud olduğundan möcüzəviliyi bütün dövrlərə sirayət edir.  

- Dediyiniz möcüzəvilikdən bəhs edin.

- Məsələn, “Quran”da elə ifadələr var ki, yaxud müəyyən fikirlər elə bədii-semantik şəkildə ifadə edilib ki, təkcə ərəbşünas-mütəxəssislər burada nə isə qeyri-bəşəriliyin olduğunu hiss edə  bilirlər. Ərəb dilini dərindən bilmədən bunu aydınlaşdırmaq mümkün deyil. Bəli, biz “Quran”ı tərcümədən oxuduqda orada nələrdən bəhs olunduğunu, hansı hökmlərin mövcud olduğunu öyrənmiş oluruq. Amma tərcüməni oxumaqla bu kitabın səmavi kitab olduğunu müəyyənləşdirə bilmərik. Yəni onun ilahi kəlam olduğunu, ondakı səmavi ruhu hiss etmək üçün ərəb dilini bilmək, ərəb üslubiyyatına bələd olmaq, onu ərəbcə orijinaldan oxumaq lazımdır.

Şərt deyil ki, hər kəs ərəb dilini öyrənsin. Amma insanı maraq bürüsə ki, “Quran”, həqiqətən, səmavi kitabdır, ya yox, onda bunu isbatlamaq üçün ərəb dilini, üslub xüsusiyyətlərini öyrənməlidir. Bu, “Quran”ın üslub, semantika baxımından möcüzəviliyidir. Müəyyən informasiyaları ehtiva etmək baxımından “Quran”ın möcüzəviliyinə gəlincə, onda elə məlumatlar (bu məlumatlar elə də çox deyil) qeyd olunub ki, həmin dövrdə elmə bu faktlar, bu informasiyalar məlum deyildi. Bəs onda bu məlumatları Peyğəmbərə kim öyrətmişdi? Xüsusən də embrionla əlaqəli məsələləri. Xülasə “Quran” adlanan möcüzə ilə tanış olmaq üçün onu oxumalıyıq. Allah “Quran” haqqında belə deyib:

“Bu (“Quran”) sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!”

Deməli, “Quran” müxtəlif mərasimlərdə, ayinlərdə oxunan mistik kitab olmamalıdır. Bu, onun təyinatına, göndərilmə məqsədinə uyğun olmayan şeydir. “Quran” həyata dair təlimat kitabçasıdır.

- Həyata dair təlimat kitabçası olduğunu dedikdə nəyi nəzərdə tutursunuz?

- Bəli, “Quran” həyata dair təlimat kitabçasıdır. Təlimat kitabçası istənilən qurğunu işlək hala gətirməyimiz, işlədərkən xarab etməməyimiz üçün bizi lazımi məlumatla təmin edir. Həyatın da daha dolğun, mənalı olması üçün ona dair təlimat kitabına sahib olmalıyıq. Belə təlimat kitabı rolunu “Qurani-Kərim” oynayır. “Quran” bizə öyrədir ki, nə üçün dünyaya gəlmişik, haradan gəlmişik, haraya gedəcəyik, insan oğlunun dünyadakı əsas vəzifəsi nədən ibarətdir.

Beləliklə, biz “Quran”ın sayəsində həyatın mənası və mənşəyini öyrənirik. İnsan ağlı həyatın mənşəyi və mənası haqqında meydana çıxan bu suallara birmənalı və qənaətbəxş cavablar verə bilməz. Biz ağlımızla fiziki və məişət səviyyəsində necə yaşamağı, məsələn, ev tikməyi, dövlət qurmağı, insanları idarə etməyi müəyyənləşdirə bilirik. Belə məsələləri, icraçılığın necəliyini din bizə öyrətmir, çünki insan zəkası özlüyündə bunu müəyyənləşdirmək potensialına sahibdir.

Bu səbəbdən həm inanclı, həm də inancsız insanlar yaxşı dövlət də qura, ən böyük kəşfləri edə bilirlər. Misal üçün, dövlət qurmaq məsələsini götürək. İslam dinində dövlətin quruluşu, hakimiyyət üsul-idarəsi, hakimiyyətin forması, dövlət orqanları haqqında ayə və hədislər mövcud deyildir. Din bu kimi təcrübi, praktik məsələləri insanların öz ixtiyarına buraxıb. Odur ki, xristianlıqda olduğu kimi, İslamda teokratik dövlət anlayışı yoxdur.

“Quran” və hədislərdə dövlətin, cəmiyyətin idarə edilməsinə dair ümumi, dəyər və prinsip məzmunu göstərişlər mövcuddur. Məsələn, ədalət, “şura” prinsipi (başqalarının fikrini nəzərə alma, məsləhətləşmə) və düzgünlük. Hansı dövlət modeli bu tələblərə cavab verirsə, İslama uyğun dövlət modeli də odur. Deməli, İslama görə, dövlətin forması insan zəkasının, məqsədi, mənası və dəyərləri (mənəvi) dinin sahəsinə daxildir. Xülasə, “Quran” bizə həyatı mənalı yaşamaq üçün dəyərlər sistemi təqdim edir.

- Düşünmürsünüz ki, bəzi hədislər “Quran”nın buyurduqlarına kölgə salır?

- Bəli, bu mümkündür. Amma bu işlə qoy mütəxəssislər məşğul olsunlar, qoy onlar müəyyənləşdirsinlər ki, bu və ya digər hədislə hansı isə “Quran” ayəsi arasında ziddiyyət mövcuddur. Onu da deyim ki, hədislər “Quran” ayələrinin izah edilməsi, tətbiqi xüsusiyyətlərinin göstərilməsi üçün meydana çıxıb. Yəni Peyğəmbər ondan bu və ya digər ayənin izahı soruşanlara izahedici cavablar verir, əməli ayinləri ifadə edən ayələrin praktik şəkildə öyrədilməsi üçün əyani izah üsulundan istifadə edirdi. Bunlar hədislər hesab olunur.

Hədisşünaslıq elmində hədislərin təsnifatı mövcuddur, “Quran”ın ruhuna, İslamın əsas qaydalarına, universal prinsiplərinə uyğun gəlməyən, eyni zamanda, Peyğəmbərin adından danışılan məlumat bu elmin meyarları əsasında öyrənilir. Əlimizdə olan hədis materialı arasında “Quran”ın məzmunu ilə üst-üstə düşməyən rəvayətlər mövcuddur. Həm orta əsrlərdə, həm də indiki dövrdə hədis mütəxəssisləri belə rəvayətləri müəyyənləşdirib, müsəlman kütlələri bu barədə məlumatlandırıblar.

İxtisas sahibi olmayan bəzi həvəskarların “Quran”la hədisləri bir-birinə qarşı qoymaq kimi xəstəliyi var. Unutmaq olmaz ki, bəzən “Quran”a olan subyektiv yanaşmamız hədislərə də sirayət edir və biz səhv yanaşma və natamam öyrənmə nəticəsində ayələrlə hədislər arasında xəyali ziddiyyət tapmağa çalışırıq. Çox vaxt belə ziddiyyət subyektiv yanaşmanın nəticəsi kimi özünü göstərir, əslində, o, heç mövcud deyildir.

Ümumiyyətlə, hədisləri obyektiv şəkildə başa düşmək üçün hədisşünaslıq elmində ciddi qaydalar mövcuddur. Məsələn, hədislərdəki sözlərin, birləşmələrin linqvistik mənalarına bələd olmaq, hədisin kontekstinə diqqət yetirmək, deyilmə səbəbini araşdırmaq, bu və ya digər hədisi “Quran” ayələri və digər eyniməzmunlu hədislər çərçivəsində nəzərdən keçirmək, İslamın başlıca və universal prinsiplərini, məqsədlərini nəzərə almaq və sair.

Bəzi hədislər “Quran” təlimləri ilə qismən, yaxud bütövlükdə üst-üstə düşməyə bilir. Bu ona görədir ki, ya rəvayətçi həmin hədisi Peyğəmbərdən bütöv şəkildə eşitməyib, ya eşitdiyini dəqiqliklə yadda saxlamayıb, ya da hədis müəyyən məqsədlər üçün Peyğəmbərin vəfatından sonrakı dövrdə kimlərsə tərəfindən uydurulub. Belə hədislərin “Quran”a zidd olması mümkündür.

Onu da deyək ki, bəzən, hədis səhih olsa da, onu səhv başa düşür, səhv başa düşdükləri üçün onu “Quran”a zidd hesab edirlər. Bu barədə bir az əvvəl danışmışdıq. 

- Bilirik ki, “Quran” ayələri əsasında müxtəlif dövrlərdə fərqli filmlər çəkilib. İnsanlara həyatın bir dəfə verildiyini bilsək də, “Həzrəti Yusif” filmində səhnələrdən birində bunun əksi təsvir olunub. Orada peyğəmbərin duası ilə Allah Züleyxa obrazının həyatını bir neçə il geri alaraq ona ikinci həyat verir.

- “Quran”ın Yusif peyğəmbərdən bəhs edən ayələrində nə qadının adı, nə də Yusif peyğəmbərin onunla evlənməsi haqqında məlumat yoxdur. Həmin qadının cavanlaşması məsələsi də “Qurani-Kərim”də qeyd olunmayıb, bu, sadəcə olaraq, rejissor təxəyyülünün məhsuludur. Ümumiyyətlə, “Quran”dakı əhvalatlara “Quran” məntiqi ilə yanaşmaq lazımdır. Belə əhvalatlar qissələr adlanır. “Quran”da bir çox əhvalata yer verilib, amma bu əhvalatlar təfsilatı ilə, xırdalıqları ilə diqqətə çatdırılmır.

Məsələn, əhvalatların baş verdiyi tarix, ərazi, iştirakçıların adları çox vaxt göstərilmir. Bu ona görədir ki, “Quran” tarix kitabı, xronika, salnamə deyildir. Allah “Quran”da bu əhvalatları ona görə bizim diqqətimizə çatdırır ki, baş verənlərdən nəticə çıxarıb, dərs alaq, ibrətlənək. Əgər Allah məsləhət bilsəydi, təfərrüata varardı, odur ki biz əsas diqqətimizi bu qissələrdən çıxaracağımız nəticə və dərslərə verməliyik.

- Bu gün tərcümə edilən “Qurani-Kərim”lərin əsrlər əvvəl göndərilən kitabla eyni olduğuna kim zəmanət verir?

- “Quran” tədqiqatçılarının cüzi hissəsi iddia edir ki, “Qurani-Kərim” dəyişdirilib. Lakin əlimizdə iki fərqli “Quran” nüsxəsi olmadığından bu iddianı isbatlamaq mümkün deyil. Məsələn, əlyazmalarla işləyən mütəxəssislərə belə bir qayda yaxşı məlumdur: mövcud nüsxənin kanonikliyi ən qədim nüsxə ilə eyni olduqda mümkündür. Əgər tarixdə, yaxud indiki dövrdə kimsə bunun əksini iddia edirsə, mövcud kanonik nüsxədən fərqli nüsxə təqdim etmədiyi müddətcə iddiası qeyri-elmi hesab olunur. 

“Quran”ın da hər kəsə məlum ən qədim əlyazması ilə bu gün əlimizdə olan, bütün dünyada kanonik hesab olunan variantı arasında heç bir fərq mövcud deyildir. İddianın elmi məzmun kəsb etməsi üçün onu konkret fakt və əşyayi-sübutla isbatlamalıyıq. Mövcud “Quran”dan fərqli versiyaya indiyədək kimsə rast gəlməyib.

- Quranın nazil olduğu dövrdə ərəb yazısı hələ tam formalaşmamışdı, nöqtələr və işarələrdən istifadə olunmurdu. Onda Quranı necə oxuyub, necə köçürə biliblər?

- Ümumiyyətlə, həmin dövrdə mövcud informasiyanın nəqli, yaxud istifadəsi üçün yazıya ehtiyac yox idi. Ərəblər çox nadir hallarda poetik nümunələri yazıya köçürürdülər. Əzbərləmə və dəqiq formada bir-birinə ötürmə ənənəsi geniş yayılmışdı. Bu üsul rəvayətetmə adlanır və informasiyanın nəqli üçün ərəblər arasında geniş surətdə istifadə edilib. Bununla yanaşı, “Quran” ayələri nazil olduqca müsəlmanlar onları əzbərləyir, Peyğəmbər isə xüsusi mirzələrə bu ayələri yazdırır, onları yanında saxlayırdı.

Deməli, həm kütləvi surətdə əzbərləmə, həm yazıya köçürülmə, həm də Peyğəmbərin nəzarəti mövcud ayələrin “Quran” tam nazil olanadək dəyişilmədən qorunub-saxlanılmasını təmin edirdi. Əzbərləmə və rəvayətetmə (nağıletmə) ərəblərin o dövrdə ən yaxşı informasiyanı yaddasaxlama vasitəsi olduğundan onlar bu işi yaxşı bacarırdılar. Lakin Peyğəmbər bununla kifayətlənməyib, “Quran”ı gələcək nəsillər üçün yazdırmışdı.

Həqiqətən də, Peyğəmbərin vəfatından sonra ayrı-ayrı yazı predmetlərində yazıya köçürülmüş ayələrin vahid kitab şəklində dərc edilməsi zərurəti yaranmışdı. Həm birinci xəlifə Əbubəkrin, həm də üçüncü xəlifə Osmanın dövründə istifadə olunan kanonik “Quran” nüsxəsi Peyğəmbərin dövründə nazil olmuş Quran versiyasından heç nə ilə fərqlənmirdi. Əbubəkr mövcud materialları kitab halında dərc etmişdi. Həmin vaxt “Quran” cəm edilərkən hər ayəni əzbər bilən iki şahid şərti qoyulub və “Quran” belə həssaslıqla, dəqiqliklə toplanmışdı. Osmanın dövründə “Quran”ın vahid kanonik variant halına gətirilməsi isə sırf ərəb yazısı ilə əlaqəli məsələdir. Çünki həmin dövrdə ərəb hərfləri nöqtələrlə və hərəkə adlanan xüsusi işarələrlə yazılmırdı. Bu vaxta qədər buna ehtiyac olmamışdı, çünki əzbərləmə sayəsində qarelər (“Quran”ı oxuyanlar) yazılı nüsxədən nöqtələr olmadan da ayələri düzgün oxuya bilirdilər. Amma Osmanın dövründə vəziyyət başqa idi. Xilafətin paytaxtı – Mədinə rəhbərliyi məcbur olur ki, ərəb olmayan, İslamı yenicə qəbul etmiş xalqlara yazı baxımından daha aydın “Quran” nüsxəsi göndərsinlər.

Ümumiyyətlə, mütəvatir (bir qrup dürüst insanın digər dürüst insan qrupuna hansı isə informasiyanı ötürməsi) nağıletmə (rəvayətetmə) “Quran”ın mötəbərliyini isbatlamada əsas arqumentdir. Yazıyaköçürmə sadəcə bir vasitədir. “Quran” yazılarkən onu əzbərdən bilib, sinədəftəri edən çoxlu səhabələr mövcud idi.

Bəzi mənbələrdə qeyd olunub ki, “Quran”ın kanonik nüsxəsi yenidən yazdırılarkən Osman bir ayədəki bir sözü təsirlik halda yazdırıb. Gərək bu söz adlıq halda yazıla idi! Hətta guya Osman deyibmiş: “Müshəfdə (yazdırdığımız bu nüsxədə) tələffüz xətası vardır. Amma ərəblər ona öz dilləri ilə düzəliş verəcəklər”. Ona deyəndə ki: “Onu (səhvi) düzəltməyəcəksənmi?” Deyir: “Boşlayın getsin. Çünki o (səhv), halalı haram, haramı da halal etmir”.

Maraqlıdır ki, bu rəvayətə baxmayaraq, İslam tarixində səhabələr, alimlər, indiki dövrün müsəlman mütəxəssisləri bildirmişlər ki, ayədəki söz düzgündür və onun yazılışında heç bir xəta yoxdur.

Bununla yanaşı, hədis mütəxəssisləri bildiriblər ki, həmin rəvayətin istinad zəncirində “qopuqluq” vardır, odur ki mötəbər hesab edilə bilməz.

- Belə olan halda səhvlər düzəldilmir. Ərəblər bilsə də, ərəb olmayanlar “Quran”ı həmin səhvlərlə öyrənmiş olub? Onda peyğəmbər “Quran”ı gələcək nəsillərə olduğu kimi ötürə bilməyib?

- Qeyd etdiyim kimi, rəvayətdə mövcud olan bu məsələyə elə o dövrdə münasibət bildirilib. Üstəlik, siz fikir versəniz, görəcəksiniz ki, söhbət məna təhrifindən deyil, qrammatik haldan gedir ki, bu da məzmun təhrifinə səbəb olmur. Hətta bəzi müasir ərəb dilçiləri qeyd edirlər ki, bu rəvayəti “Quran”ın ənənəvi (sabit) imla əsasında yazılması ilə əlaqələndirmək mümkündür. Osman və başqaları həmin üslubu olduğu kimi saxlayıblar. Çünki belə orfoqrafiya “Quran”da heç bir məzmun təhrifinə səbəb olmur, mənanı dəyişmir. Buna görə də “Quran” dəyişmədən, dövrümüzədək gəlib çatıb.

Bununla yanaşı, kimsə indiyədək konkret faktlarla “Quran”ın dəyişdirildiyini iddia etməyib, edənlər olsa da, iddialarını sübut edə bilməyiblər. “Quran” yer üzündə dəyişilmədən qalan yeganə vəhy nümunəsidir.

- Dünyanı bir proqram zənn etsək, Allah da bu dünyanı idarə edən şəxsdir. Bəs Allah səhv edə bilərmi?

- Xeyr, bu, mümkün deyil. Allah səhv edə bilməz.

- Allah bağışlayandırsa, cənnət və cəhənnəm anlayışı nə üçün mövcuddur? Ədalətli qərarın bu dünyada təmin edilməsi dünyanı daha sakit, daha anlamlı etməzdimi?

- Bəli, Allah bağışlayandır, biz “Quran”da bu cür ifadələrə tez-tez rast gəlirik. Bağışlamaq, rəhmli davranmaq hər hansı səhvə, günaha münasibəti ifadə edir. “Quran” kontekstində bu ifadənin işlədilməsi iki məqsədə xidmət edir: a) təşviq etmək; b) ümid yaratmaq. Ayələrdə Allahın rəhimli, bağışlayan olmağı bu və ya digər insanın günah işləməsi, Allahın dediklərindən uzaqlaşması, qadağaları pozub, haramlar etməsi konteksti ilə əlaqəlidir. Yəni günahlar sizi qorxutmasın, Allah bağışlayandır, rəhmlidir, elə isə peşman olub, tövbə etməklə bu lütfə, mərhəmətə layiq görülə bilərsiniz. Buna görə də islamda belə bir qayda yoxdur ki, səhv etmisənsə, Allahı danmısansa, günah işləmisənsə hər şey bitdi, məhv oldun.

Bəli, İslamda “bir dəfə günah etdinsə, hər şey bitdi” qaydası yoxdur. Eyni zamanda, xristianlıq təlimində olduğu kimi günahlara arxayınlıq yaradan sonda bağışlanma məfhumuna da islamda rast gəlmirik. Belə yanaşma insanı mənən tərbiyə edə bilməz, onda yalançı ümid yaradar. Mərhəmətli Allah təsəvvürü günahkar insanlarda bağışlanmaq üçün əl açıb Allaha yalvarmağa, Ona qayıtmağa ümid yaradır və onları tövbə edib haqq yolla getməyə təşviq edir.

Allah özünün bağışlayan olmağı ilə bəndələrinə tövbə etmək şansı verir; hər insan səhv edir, günah işləyir, amma ümidsizliyə düşməsin, tövbə etməklə haqq yola qayıda bilər.

Cəhənnəmin mövcudluğu məsələsinə gəlincə, bu, cəzanı ifadə edir. Elə insanlar vardır ki, dünyada ancaq şərə xidmət etmək üçün mövcuddurlar. Allahı danan, dünyaya nə üçün gəldiyinin fərqinə varmayıb ömrünü günahla, zülmlə, alçaqlıqla yaşayan şəxslərə də rast gəlirik. Belə insanların əlindən ətrafdakılar nələr çəkməyiblər?! Ölənədək azğıncasına yaşayan belə kimsələrin cəzalandırılması çox vaxt bir zərurətə çevrilir. Həmçinin Allahın haqqı ilə əlaqəli günahlar olduğu kimi, qul haqqı ilə əlaqəli günahlar da vardır.

Əgər bəndənin etdiyi günah Allahın haqqı ilə bağlıdırsa (Allaha ibadət etməmisən, namaz qılmamısan, vacib dini ayinləri yerinə yetirməmisənsə) O istəyərsə, sizi bağışlayar. Yox, günahlarımız başqa insanların haqqı ilə bağlıdırsa, (kiminsə malını oğurlamısan, ona zülm eləmisən, dövlətin sənə etibar etdiyi əmanəti mənimsəyib talamısansa) dünyadan köçməzdən qabaq haqqına girdiyimiz şəxsdən halallıq almadıqca Allah bizi bağışlamayacaqdır. Boynunda başqalarının haqqı ilə dünyadan köçən oğruların, zalımların, fırıldaqçıların, talançıların cəza yeridir cəhənnəm!

Bəzən də elə olur ki, Allah onun haqqı ilə əlaqəli günahlar işləmiş şəxsi, qul haqqına girməyibsə, bağışlayır, cənnətlə mükafatlandırır. Bu, bütövlükdə Allahın hikməti ilə əlaqəli məsələdir.

Ədalətin bu dünyada təmin edilməsinə gəlincə, bu utopiyadır, islamda utopiya yoxdur. Bununla yanaşı, insan oğlu azad yaradılmışdır, əgər haradasa azadlıq, sərbəst davranmaq varsa, orada istək və meyllərin arxasınca qaçmaq vardır. Dünya imtahan dünyasıdır, dünya həyatında baş verənlərə imtahan dialektikası baxımından nəzər salmalıyıq. İnsan bu dünyaya imtahan edilmək üçün gəlib; ya xeyrin təmsilçisi olacaq, ya da şərə xidmət edəcək. Allahın kənardan ədaləti icbari üsulla bərqərar etməsi, əvvəla, insanın imtahan üçün yaradılması fəlsəfəsi ilə ziddiyyət təşkil edər, digər tərəfdən, imtahan dünyasında azad yaradılmış insan oğlunun axirətdə qiymətləndiriləcək seçiminə bu dünyada ikən müdaxilə olardı.

- Dediniz ki, Allah öz haqqı ilə əlaqəli günahlar etmiş şəxsi bəzən bağışlaya bilir. Dində buna dair hər hansı fakt varmı?

- Var. Həzrət Peyğəmbərin zamanında belə bir hadisə olmuşdu. Müqaviləni pozduqlarına görə peyğəmbərimiz bir yəhudi qəbiləsini cəzalandırmaq məqsədilə hərbi yürüşə çıxır. Yəhudilər kiçik qalalarda yaşadıqları üçün onların mühasirəsi uzun çəkir. Bu ərəfədə Peyğəmbərin yanına bir yəhudi çoban yaxınlaşır, İslamı qəbul etmək istədiyini deyir. Peyğəmbər onu qəbul edir. Daha sonra çoban deyir ki, bəs qoyunları nə edim? Peyğəmbər ona qoyunları qalaya tərəf ötürməsini əmr edib deyir ki, islamı qəbul etsən də, qoyunlar sənin deyildir, sahiblərinindir. Çoban qoyunları qalaya tərəf ötürəndə qaladan atılan daş dəyib onu öldürür. Peyğəmbər onun o cənnətlik olduğunu deyir.

Qala alındıqda Peyğəmbər ordusuna tapşırır ki, onun icazəsi olmadan kimsə qənimət götürməsin. Peyğəmbərin yanında 10 il xidmət etmiş bir şəxs vardı. Mübarizə zamanı ikinci qaladan atılan bir ox həmin şəxsi öldürür. Peyğəmbər onun cəhənnəmlik olduğunu deyib əlavə edir ki, onun üzərində cəhənnəmdən örtük çəkilib. Axtardıqlarında üstündən qaladan icazəsiz götürdüyü muncuq (kəhrəba) tapırlar. Deməli, Peyğəmbərin yanında 10 il xidmət etmək, namaz qılıb, oruc tutmaq hələ heç nə demək deyil. Buna baxmayaraq, Peyğəmbərin əmrinə itaət etmədən kiçik muncuq oğurlamağı ilə elə bir anda elə bir səhv etmişdi ki, bu da onu cəhənnəmə salmışdı. Bunu misalı ona görə çəkirəm ki, mömin insanlar ibadətlərinə arxayın olmasınlar, günahkarlar da ümidlərini üzməsinlər, tövbə edib Allaha qayıtsınlar.

- Maraqlı məqamlardan biri də bu gün yas mərasimlərinin demək olar ki, toy mərasimlərindən seçilməməsidir. Bunun ölən şəxsə faydası varmı?

- Hazırda ölkəmizdəki yas mərasimlərinin nə keçirilmə forması, nə də məqsədi dinimizə uyğun deyil. Halbuki Peyğəmbərin dövründə qaydalar çox sadə idi. Məsələn, vəfat etmiş şəxsin əzizləri bizdə olduğu kimi, ilk gündə, “üçü”ndə, “yeddisi”ndə, “qırxı”nda yemək vermirdilər. Ümumiyyətlə, həmin dövrdə yas düşən evdə yemək bişirmək və gələnlərə ehsan vermək ənənəsi olmayıb. Əksinə, Peyğəmbər tapşırırdı ki, ölü sahibinin, yaxınlarının başı qarışıq olduğundan, cənazə işləri ilə məşğul olduqlarından qonşular onların özü üçün yemək hazırlasınlar.

Məhz bu ənənəni nəzərə alan İslam şəriətində göstərilir ki, şəxs vəfat etdikdə evində ilk gündə gələnlərə ehsan verilməməlidir; yeməyi ancaq uzaqdan gələnlərə aclıqları dəf olunsun deyə vermək olar. Amma sonralar istənilən vaxt ölünün adından ehsan vermək, yaxşı işlər görmək mümkündür. Həmçinin, dinə görə, başsağlığı ölü sahibinə ilk üç gün ərzində verilir. Bir daha deyək ki, ilk gündə ehsan adı ilə yemək vermək, süfrə açmaq şəriətdə mövcud deyildir.

- Hər nə qədər normal qarşılanmasa da, aramızda Allahın mövcudluğunu qəbul etməyənlər - ateistlər də var. İnanclı və inancsız olan hər iki tərəf bir-birinə hörmətlə yanaşmalıdır, elə deyilmi?

- Belə şəxslər başqalarının inancını təhqir etmədikləri təqdirdə allahsızlıq öz seçimləridir. Özləri bilərlər: istər inansınlar, istər inanmasınlar. Əlbəttə ki, inanclı kimsələrlə inanmayanların polemikası, müzakirələri olmalıdır. Bu polemika və müzakirələrdə metodoloji yanaşma ilə yanaşı, dialoq etikasına da əməl olunmalıdır. Bilirsinizmi, “Quran”ın üslubu da belədir: Allah bu kitabda inanmayanların inanmaları üçün empirik, rasional üsullarla dialoq üslubundan istifadə edir. Məsələn, marksist ideoloq, şərqşünas Maksim Rodinson “İslam və kapitalizm” kitabının “Quran etiqadı” fəslində yazırdı ki, “Quran”da Allah mütəmadi şəkildə polemikalara girir, sübutlar təqdim edir. “Quran” tez-tez xatırladır ki, peyğəmbərlər “bəyinnat”, yəni açıq-aşkar təlimlər gətirmişlər; təkzibçilərdən tələb edir ki, onlar da oxşarını təqdim etsinlər...

“Quran” ilahi qüdrəti isbatlamaq üçün rasional arqumentlər göstərir: səma və yerin yaradılmasında, gecə və gündüzün əvəzlənməsində, canlıların artıb-çoxalmasında, ulduz və digər göy cisimlərinin dairəvi hərəkətində, heyvan və bitkilərin müxtəlifliyində ağıl sahibləri üçün dəlillər vardır.

Yəni bütün bu rasional arqumentlər onun üçündür ki, insan oğlunun inancı sağlam olsun, inanc onun həyatının ayrılmaz parçasına çevrilsin. Bundan sonra kimsə inanmırsa, inanmasın. İnanclı insanlar bu mənada ateistlərə təzyiq göstərə bilməzlər, onların işi həqiqəti inandırıcı, rasional formada qarşı tərəfin diqqətinə çatdırmaqdır. İnanmayanların hesaba çəkilməsi Allahın işidir, biz insanların deyil!

- Bəs əgər ateistlər dini inancı olan insanları təhqir ediblərsə, dini məsxərəyə qoyublarsa, onları müsəlman qəbiristanlığında dəfn etmək şəriətə görə icazəlidirmi?

- Allaha inanan, dindar şəxsləri cahil, savadsız adlandıran, xalqın inancını təhqir edən kimsələr öldükdən sonra, şəriətə görə, inanclı şəxslərin haqqı var ki, onların ümumi qəbiristanlıqda dəfn olunmamasını tələb etsinlər. Amma şəriətin qanunverici orqan olaraq seçilmədiyi dünyəvi ölkələrdə məsələ başqa cürdür. Bu ölkələrdə ənənəvi müsəlman sayılan, əslində isə heç inancı olmayan kimsələr də ümumi qəbiristanlıqda dəfn edilirlər və bu qəbiristanlıq xalq arasında müsəlman qəbiristanlığı adlandırılır. Fikrimcə, aşkar təhqir üsuluna əl atan, xalqın inancı ilə oynayan kimsələr öldükdə heç kəs istəməz ki, belələri onların ölüləri ilə yanaşı uyusun. Amma inanclı insanların bu tələbinə dövlət qurumları nə cavab verəcəklər, bu, şəraitə görə olan haldır.

Peyğəmbərin dövründə cəmiyyətin ümumi cizgisini din müəyyən etdiyindən inanclı insanlarla inancsız insanların dəfn olunduğu yerlər fərqli idi. İnancsızlıq cəmiyyətin bütövlüyünə xələl gətirən hal hesab olunurdu. Bununla yanaşı, həmin dövrdə inanmayanlar, əsasən, Peyğəmbərə düşmən kimsələr idilər. İdeoloji düşmənlərin eyni qəbiristanlıqda basdırılması, təbii ki, doğru olmazdı.

Bu gün din dövlətdən ayrı olduğu üçün məsələ fərqlidir. İnsan ateist olsa da, başqalarının inancına hörmətlə yanaşmalıdır. Bu təqdirdə kimsə onun ümumi qəbiristanlıqda dəfn edilməsinə qarşı çıxa bilməz. Amma nə vaxt ki, Azərbaycan cəmiyyətində din bütün münasibət formalarını tənzimləyən qüvvə halına gəlib, cəmiyyətin əsas simasını əmələ gətirəcək, o vaxt insanlar onların inancını təhqir edən kimsələrin, hətta loyal, mədəni ateistlərin başqa qəbiristanlıqda basdırılmasını islam hüququna görə tələb edə biləcəklər. 

Yaxud belə deyə bilərik: əgər sabah bizim cəmiyyətimizdə homoseksuallar artsa, normaldır ki, digər insanlar onların ümumi qəbiristanlıqda dəfn olunmalarına etiraz etsinlər. Bu, o deməkdir ki, homoseksuallıq cəmiyyətin ümumi dəyərlərinə ziddir. Yaxud vətənə xəyanət etmiş kimsələrin qəbirlərinə betonun tökülməsi və ziyarətə açıq olmaması milli dəyərlərin timsalında ümumi dəyərlərin dominantlıq gücünə nümunə göstərilə bilər.

- Bəzən insanlar bir-birilərinə “Allah səni bağışlamayacaq”, “Sən cəhənnəmdə yanacaqsan” və ya “Sən cənnətlik insansan” deyirlər. Bu, günahdırmı?

- Əlbəttə ki, Allahın adından danışıb kimisə “cəhənnəmlik” etmək günahdır. Heç kəs axirətdə kiminsə başına dəqiq nəyin gələcəyini deyə bilməz, bu, Allaha aid məsələdir. Həzrət Peyğəmbərin hədislərində bu barədə məlumat vardır. Məsələn, bir hədisdə Allahın dilindən deyilir: “(Bəzən) insan oğlu deyir: “Allaha and olsun ki, O, filankəsi bağışlamaz. (Bu zaman) Pak və Uca Allah (həmin şəxsə xitabən) buyurar: “Mənim filankəsi bağışlamayacağıma and verən kimdir? Mən artıq onu bağışladım, sənin əməlini isə heç etdim”.

Başqa bir hədisdə isə oxuyuruq: “İsrail oğullarından bir-birini özünə qardaş bilən iki nəfər vardı. Onlardan biri günah işləyir, digəri isə hey ibadətlə məşğul olurdu. İbadət edən hər dəfə dostunu günah işləyərkən gördükdə deyirdi: “Əl çək bu günahlardan.” Bir dəfə dostunu yenə də günah edən gördü və dedi: “Günah etməkdən əl çək.” Dostu da ona belə qarşılıq verdi: “Əl çək məndən, rəbbim bilər, mən bilərəm. Səni üzərimə nəzarətçi göndərməyiblər.” Bunu görən dostu dedi: “And olsun ki, Allah səni bağışlamayacaq, səni Cənnətə göndərməyəcək”.

Sonra Allah onların canlarını aldı. Hər ikisi Aləmlərin rəbbinin yanında görüşdülər. Allah ibadət edənə buyurdu: “Məni tanımırdınmı və nəyə qadir olduğumu bilmirdinmi?” Sonra günahkara buyurdu: “Get və lütfümlə Cənnətə daxil ol”. Daha sonra digərinə xitabən dedi: “Onu Cəhənnəmə aparın”.

Bununla yanaşı, biz vəfat etmiş şəxsin cənnətə düşəcəyini əminliklə söyləməməli, ümid və güman etdiyimizi bildirməliyik. Bu barədə Peyğəmbərin dövründə belə bir hadisə olmuşdu: bir nəfər vəfat etmiş, bir kişi də Peyğəmbər eşidə-eşidə dedi: “O cənnətlikdir”. Peyğəmbər ona baxdı: “Bunu haradan bilirsən? Bəlkə, o, özünə aidiyyəti olmayan şeylər haqda danışıb, imkanlı ola-ola xəsislik edib”.

Bu hədislər onu göstərir ki, bu dünyada namaz qılıb, ibadət edənlərin də, etməyənlərin də cənnətə, yaxud cəhənnəmə gedəcəyini heç kim dəqiq surətdə bilə bilməz.

- Allah kişidir, yoxsa qadın?

- Allah dedikdə nəyi təsəvvür etməyimiz çox mühümdür. Biz bizə məlum, rasional-empirik yolla mahiyyətini izah edə biləcəyimiz varlıqları kateqoriyalarda, yarımkateqoriyalarda təsnif edirik. Allah isə fövqəlvarlıqdır, yəni substansiyası, mahiyyəti məchuldur, deməli, empirik və fiziki deyildir. Odur ki biz təcrübə ilə, empirik üsullarla müəyyən edə bilmədiyimiz varlıq kateqoriyasını hansı isə xassə ilə təsvir edə bilmərik.

Bioloji varlıqların erkəyi, dişisi olur, Allah isə bioloji, fiziki varlıq olmadığından onun cinsi haqqında sual vermək məntiqi və metodoloji baxımdan doğru deyildir. Bu baxımdan “Quran”da Allahın heç nəyə, heç kimi oxşamadığı haqqında danışılır. Amma bizdən dolğun təsəvvür yaransın deyə, Allah özünü bizə məlum atributlarla, adlarla (rəhimli, hər şeyi bilən, daima mövcud olan və s.) tanıdır. Bir sözlə, Allahın mahiyyəti məlum deyildir, əks halda, o, mütləq və ali kateqoriya olmazdı.

Bəli, orası da var ki, ümumi qaydaya görə, Allaha inananlar, onun əmr və qadağalarına əməl edənlər ilahi mükafata, inanmayanlar, onu danıb haram işlər görənlər, dağıdıcı fəaliyyətlə məşğul olanlar isə ilahi cəzaya layiq görüləcəklər. Bu ümumi düsturdur, qaydadır. Amma konkret olaraq, “filankəs cənnətlik, filankəs də cəhənnəmlikdir” demək olmaz.

- Elə insanlar var ki, onlar məhz Allah qorxusundan ibadət edir, namaz qılır. Lakin bunun dərinliyinin fərqinə varmadıqları üçün zina da edirlər, dində haram olan, qadağan olunan əməlləri də törədirlər. O insanlar mömin sayılırmı?

- İnsan elə mühitə düşə bilər ki, orada hər kəs ibadət etdiyindən o da ibadət edir. Belə ibadət, bu cür inanc çox vaxt mexaniki, sövqi-təbii olur. Odur ki şüurlu surətdə, sağlam mühakimə ilə inancımızı möhkəmləndirməli, nə üçün ibadət etdiyimizin fərqinə varmalıyıq. Məhz ənənənin təsiri ilə ibadət edən insanlar sadaladığınız günahları işləyə bilirlər. Belə ibadətin insan üçün heç bir tərbiyəvi əhəmiyyəti yoxdur. İnanc canlı və xatırladıcı olmalıdır.

Əks halda, ibadət mexaniki hərəkətlərdən ibarət quru ayinə çevriləcək, formal məzmun kəsb edəcəkdir. Biz belə ibadətin Allah tərəfindən qəbul edilib-edilmədiyini müzakirə etmirik, bu, başqa məsələnin mövzusudur. Əsas olanı budur ki, ibadətin məğzini başa düşək. Səcdəyə gedərkən oxuduğumuz dua haqqında düşünmək, səcdə ayininin hansı mənaya gəldiyini bilmək lazımdır. Belə olduqda ibadət bizə təsir edir.

Hətta Allahdan şüurlu şəkildə qorxaraq ibadət etmək özü kifayət qədər insanı tərbiyə edə bilir. Mühüm olanı budur ki, həmin qorxu şüurlu olsun, kortəbii fəhmin nəticəsində yaranmasın.

Bununla yanaşı, günahlar bizi qorxutmamalıdır. Günah etməyə meyl insan təbiətində mövcuddur. Günah etmək istəyi hisslərlə əlaqəlidir, ağılla deyil. Ağıl, sadəcə olaraq, həmin günahı etmədə insana kömək edir. İnsan ağlı ilə nəyin pis, nəyin yaxşı, olduğunu dərk edir, başa düşür ki, nə olar, nə olmaz. Lakin hisslər, daxili meyil, instinktiv davranışlar onu günah işləməyə vadar edir.

Hissləri tərbiyə etmək üçün din dəyərlər, prinsiplər təqdim edir, biz bundan istifadə etməklə mənən tərbiyə oluna bilərik. Elə etməliyik ki, günah işləmək nəzərimizdə adiləşməsin. Bunun üçün ibadətimizi layiqi ilə yerinə yetirməliyik ki, vicdanımız, nəfsimiz ayıq qalsın, hisslərimiz ağlımıza təsir göstərməsin.

- Ümumiyyətlə, ölən şəxsin adına ehsan verilə bilərmi?

- İlk üç gün ərzində deyil, digər günlərdə, vəfat etmiş şəxsin adından istənilən formada yaxşılıq edilə bilər. Buraya bizdə “ehsan” adlandırılan yemək süfrələri də daxildir. Ölü yiyələri əsas diqqəti imkansızlara, kasıb insanlara verməlidirlər, məqsədləri daha yaxşı ehsan süfrəsi açmaqla başqaları ilə bəhsləşmək olmamalıdır. Bəhsləşmək niyyəti ilə, eləcə də varlı şəxslərə dəm-dəsgahlı süfrə açmağın nə ölüyə, nə də diriyə xeyri var. Bu, sadəcə göstərişdir.

Ehsanla imkansızları, ac şəxsləri doyuzdurmaq lazımdır. Günlərdir ət yeməyən yoxsullara Allaha xatir istənilən naz-nemətdən ibarət süfrə açmaq mümkündür. Qeyd edim ki, ehsan yaxşılıq deməkdir. Nədənsə, bizdə ehsanı ancaq yemək süfrəsi açmaqla məhdudlaşdırıblar. Ölünün adından istənilən yaxşılığı etmək ehsan adlanır. Yol çəkmək, məktəb tikmək, imkansız bir tələbənin birillik təhsil haqqını ödəmək, yoxsul ailəyə dərmanlarını almağa kömək etmək və sair əməlləri ehsan ənənəmizdə görmək xoş olardı. Bununla yanaşı, bizdə dəm-dəsgahlı yas mərasimi təcrübəsinin davam etməsində maraqlı olan təfəkkür tərzi mövcuddur. Belə təfəkkür tərzi yas mərasimlərini biznesə çevirir, Şəriətin göstərişlərindən daha çox gəlir əldə etməyi düşünür.

- Dəfn mərasiminə molla çağırılmalıdırmı? Nəzərə alsaq ki, insanların əksəriyyəti heç kəlmeyi-şəhadəti əzbər bilmir, fırıldaqçı “mollalar” da az deyil.

- Mərasimlər təşkilatçılıq bacarığı tələb  edir. Yəni mərasimlərdə təşkilatçılığı bacaran kimsə olmalıdır. Yas, eləcə də, dəfn mərasimlərində ayrıca ruhaninin iştirakı ənənəsi daha sonralar meydana çıxan haldır. Mollaların yaslarda, yaxud dəfn mərasimlərində iştirakı o vaxt geniş vüsət aldı ki, xalq islam dininin göstərişlərindən, dəfnlə, ölüm hadisəsi ilə əlaqəli  təlimlərindən xəbərsiz qalmışdı.

Əgər özünə müsəlman deyən kimsə vəfat etmiş şəxslə əlaqəli dini hökmlərdən xəbərsizdirsə, təbii ki, məcbur qalıb bu işi bilən kimsəni çağıracaq. Sonralar mollaların yasları idarə ənənəsi formalaşmış və Azərbaycan cəmiyyəti kimi dini təlimlərin xalq kütlələrinə düzgün formada çatdırılmadığı, dinin tək əldə - ruhani sinfinin əlində cəmləşdiyi cəmiyyətlərdə ayin halına gətirilmiş yas və dəfn mərasimləri meydana çıxmışdı. Məsələn, təhsilin hər kəsə əlçatmaz olduğu dövrdə - Sovet dövründən əvvəl hər kəs “Quran” oxuya bilmirdi, kütlələr şəriətin hökmlərindən xəbərsiz idilər, odur ki şəriəti bilən, “Quran” oxuyan ruhanilərin köməyinə ehtiyac vardı.

Bu gün vəziyyət başqadır. Bayaq dediyim kimi, bu gün dindən sui-istifadə edən, yas və dəfn mərasimlərini biznesə çevirən zehniyyət mövcuddur. Halbuki “Quran” oxumağı bacaran, islamın dəfnlə əlaqəli hökmlərini bilən şəxslər bir qədər maariflənməklə yas mərasimlərini idarə edə bilər, bununla da əlavə xərcə ehtiyac qalmaz. Bununla yanaşı, ölülər üçün edilən dualarda, oxunan “Quran”da əsas şərt niyyətdir, Allah rizasıdır. Pul müqabilində fəaliyyət göstərən şəxslərin çoxunda Allah rizası və ixlası müşahidə etmək çətindir.

Onu da deyim ki, meyiti yumaq, qəbir qazmaq kimi işlərə görə, yaxud yas mərasiminin idarə edilməsinə görə haqqın ödənilməsini islam dini qəti surətdə qadağan etmir. Amma bir şərtlə ki, ailədə, məhəllədə, kənddə, qəsəbədə, rayonda bu işləri edəcək könüllülər, yaxud yas mərasiminin idarə edilməsini bacaran şəxslər yoxdursa!  Belə olduqda bu işləri bacaran şəxsə itirdiyi vaxta, çəkdiyi zəhmətə görə haqq ödənilməlidir. Belə vəziyyətdən ruhanilərin pul qazanmaq üçün istifadə etməsi, istədiyi qiyməti “oxuması” qəbuledilməzdir. Yaxşı olar ki, bizdə Türkiyədə olduğu kimi vəqf sistemi yaradılsın, yas mərasimlərini idarə edən ruhanilərin maaşı vəqf hesabına ödənilsin, yaxud bu işi dövlət də öz öhdəsinə götürə bilər.

- Sizcə, ölən insan qəbirdə eşidirmi?

- İslam alimləri bu barədə fərqli mövqelərdən çıxış edirlər. Fikrimcə, Həzrət Məhəmməd, şəhidlər və ayrı-ayrı hallar çıxılmaqla, ümumiyyətlə, ölülər qəbirdə dünyada baş verənləri eşitmirlər.

- Bəs ruhlar harada saxlanılır?

- Öldükdən sonra bədən ilə ruhun əlaqəsi müəmmalı məsələdir. İnsan öldükdə ruh bədəni tərk edir. Qəbir fiziki yerdir və bədənin orada olduğunu bilirik. Amma ruh bədəndən çıxdıqdan sonra qəbirdəmi qalır, ayrı bir yerdəmi saxlanılır, bu barədə qəti bir şey demək çətindir. Hər halda, qeyri-maddi mahiyyətin – ruhun saxlanması üçün qeyri-maddi “məkan”a ehtiyac vardır ki, bunun da mahiyyəti haqqında mülahizə yürütmək qeyri-mümkündür.

- Həqiqətənmi, insanın əti sümüyündən 40 gün sonra ayrılmağa başlayır? Təbii olaraq, bədən çürüməlidir, amma bilmək istərdim, ümumiyyətlə, bunun dini baxımdan hansı sirri var?

- Bu proses üçün konkret rəqəm müəyyənləşdirmək çətin məsələdir. Axı çürümə prosesi, ətin sümükdən ayrılması ölünün dəfn olunduğu torpağın tərkibindən, mövsümdən asılıdır. Torpağın gilli, rütubətli olub-olmamağı, havanın qəbirə işləyib-işləməməsi bu prosesə təsir göstərir.

- Belə bir fikir də var ki, dünyanı ruhlar idarə edir. İnsanlar tez-tez ölən yaxınlarının ruhlarını gördüklərini iddia edirlər. Dünya ölkələrində də paranormal hadisələrlə bağlı çoxsaylı layihələr həyata keçirilib.

- Xeyr, dünyanı ruhlar idarə edə bilməz. Dünyanı insan idarə edir, özü də diri ikən! Yer üzü Allah tərəfindən insan oğlunun ixtiyarına verilib, yer üzünün ağası – “Quran”ın təbiri ilə desək, “xəlifə”si insandır.

- İnsan həyatı haqqında bir çox şeyi bilmədən dünyadan köçə bilir. Öldükdən sonra insanı həyatında baş verən bütün hadisələr əyan olurmu?

- Bəli, əyan olur. İlahi Məhkəmədə insanlar sorğu-sual edilərkən bütün gizli-açıq məsələlər ona göstəriləcək.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri