Sen
2020
16:37
12
174
8012
Virtual karabakh

Ailəsinin iki dəfə zorla ərə verdiyi, həbsdən çıxan ögey oğlunun evdən qovduğu qadının HEKAYƏSİ - FOTO

3 Sen, 2020
16:37
8012

Ailəsinin iki dəfə zorla ərə verdiyi, həbsdən çıxan ögey oğlunun evdən qovduğu qadının HEKAYƏSİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu dünyada xəyal etdiyim heç nəyə sahib ola bilmədim. Bəlkə öz səhvimdən, bəlkə də ailəmin səhvindən... Amma onu bilirəm ki, mənə sahib çıxan olmadı. Hərdən düşünürəm ki, böyük qardaşım həyatda olsaydı, yiyəsiz qalmağıma imkan verməzdi.

Bu sözləri 34 yaşlı Nərgiz Əliyeva (ad şərtidir) deyir. Onun sözlərinə görə, böyük, lakin sevgisiz bir ailədə doğulub. Ailədə yeddi uşaq (üç bacı, dörd qardaş) olsalar da, həyat onu ucsuz-bucaqsız çöllərə sovurduğunda əlindən tutan bir nəfər belə tapılmayıb.

Oxu.Az yolu sığınacaqlara düşən daha bir qadının acınacaqlı həyat hekayəsini təqdim edir:

Nərgiz deyir ki, həyatında bütün bədbəxtliklər qardaşının onu zorla öz dostuna ərə verməsi ilə başladı:

“Ailəmizdə sevgi hiss etməsəm də, anamgil mənə qarşı pis olmayıb. Qardaşımın dostu məni görüb, bəyənmişdi. Mənimlə ailə qurmaq istədiyini deyib. Qardaşım da dostuna yox deməyib, anama dedi ki, söz verdim, qızı verəcəm getsin. Heç məndən soruşmadı ki, istəyirəm, ya yox. Evdə məsləhətləşdilər və məni 19 yaşımda ərə verdilər. Bir il yeddi ay onunla evli qaldıq. Oğlanın pis vərdişləri var idi. İçirdi, çəkirdi, narkotik istifadə edirdi. Məni döymürdü, amma hər gün söz-söhbət salırdı”.

“Övladım olmasını istəyirdim, ana olmağıma belə icazə vermədilər”

Həyatda ən böyük arzusunun xoşbəxt ailəyə və övlada sahiblənmək olduğunu deyən Nərgiz bundan da məhrum edildiyini deyir:

“Qayınanam övladımız olmasını istəmirdi. Mənə həmişə “Özünə yazığın gəlmir, günahsız körpəyə yazığın gəlsin. Mənim oğlumdan sənə ər olmadı, uşağına da ata olmayacaq” deyirdi. Hər gün söz-söhbətlərə, hörmətsizliklərə dayana bilmədim, ayrılıb evimizə qayıtdım. Evə qayıdanda qayınanam mənə dedi ki, ailən səni bədbəxt elədi, mənim də əlimdən heç nə gəlmir. “Allah yolunu açıq eləsin” deyib, yola saldı. Mən evə qayıdanda isə qardaşım mənə düşmən kəsildi. Mənə “sən niyə qayıtdın? Sənə görə mən camaat içinə necə çıxacağam?” deyirdi. Evdə yaşamağa imkan vermirdi”.

Nərgiz danışdıqca bir qədər narahat olduğunu hiss edirdim. Sanki psixoloji problemləri var idi. Bilmirəm, bu, yaşadıqlarının təsirindəndi, yoxsa elə başına gələnlər məhz səhhətindəki problemlərlə bağlı idi?

Nərgiz deyir ki, anası qardaşı ilə bacara bilmədiyi üçün 27 yaşında onu 50 yaşlı kişiyə ərə verib:

“Yeddi il söz-söhbətdən sonra anam məni ərə vermək üçün adam axtarmağa başladı. Nəhayət dörd oğlu, bir qızı olan 50 yaşlı kişi tapdılar. Məni onunla molla kəbini ilə evləndirdilər. Birinci qorxurdum, sonra gördüm ki, mənə qayğı ilə yanaşır. Onun sadəcə yeməyini verəcək, pal-paltarını yuyacaq bir nəfərə ehtiyacı vardı. Mən də ona evdə köməklik edirdim. İki il çox gözəl yaşadıq. Evdən kənara çıxmağa qoymazdı. Mənə heç əziyyət verməzdi. Oğlunun həbsdə olduğunu bilirdim, amma mənim ikinci dəfə bədbəxtliyimə səbəb olacağını ağlıma belə gətirməzdim. Oğlu həbsxanadan çıxandan sonra gəlib məni evdən qovdu. Mənə dedi ki, sən atamın var-dövlətindən pay güdürsən, amma əlini üz. Atası nə qədər danışsa da, yola gətirə bilmədi. Məcbur olub, məni evdən yola saldı. Gedəcək yerim yox idi. Anam dedi ki, gəlmə, qardaşın icazə verməyəcək. Çarəsizlikdən sığınacağa üz tutdum”.

“Mən övlada həsrətəm, bu balaca isə anaya, amma bir gün bizi də ayıracaqlarını bilirəm”.

Nərgiz sığınacaqda anasız bir uşağa baxdığını deyir:

“Bura gələndən körpə bir uşağa baxıram. Neçə həftədir ki, yanından ayrılmıram. Həmişə övladım olsun istədim, olmadı. Anası onu necə ata bilib, başa düşə bilmirəm. Bu uşağa çox bağlanmışam. Amma bir gün onu da əlimdən alacaqlarını bilirəm. Mənim olmasa da, onu öz uşağım kimi sevirəm. Bilmirəm, bəlkə də o mənim kimi ana istəməz. “Övlad şirin şeydi” deyirlər. Mənim ailəm məni sevmədi, dayaq durmadı. Onun ailəsi də yəqin onu sevməyib. Mənim övladım olsaydı, heç vaxt atmazdım. Həyat çox qəribədir. Düşünürəm ki, görəsən nə vaxtsa həyatda məndən üz döndərməyəcək biri olacaq?”

Təəssüf ki, Nərgizin bu sualının cavabını verə bilmədim. Həyatda hər kəsin bir qədəri var. Kimisi öz, kimisi də başqalarının seçimlərinin qurbanı olur. Elə həmsöhbətimiz Nərgiz kimi...

Könül Cəfərli 
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri