11 
Sen
2020
15:46
57
135
1233
Virtual karabakh

Dövlət Turizm Agentliyinin rəsmisi: “İstirahət mərkəzləri fürsətdən istifadə edib qiymətləri yüksəltməməlidir”

“Yay mövsümü iyunun 15-dən sentyabrın 15-nə kimi olan müddəti əhatə edir. Hələ ki fürsətimiz var, bir həftə simvolik də olsa, yay mövsümündən bəhrələnməliyik”.

Bunu Lent.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Məlum olduğu kimi, ölkə ərazisində karantin rejimi növbəti dəfə yumşaldılıb. Sentyabrın 8-dən paytaxtdan şəhərlərə, eləcə də rayonlara gediş-gəliş açılıb.

Görəsən, pandemiya dövründə ən çox ziyan dəyən turizm sektoru buna hazırdırmı? Bundan sonra bu sahənin fəaliyyəti necə tənzimlənəcək? Bölgələrimizdə pandemiyadan sonra turizmin tez və effektli dirçəlişi üçün nələr nəzərdə tutulub?

Kənan Quluzadə suallara cavab olaraq bildirib ki, insanların rayonlarda istirahətə böyük marağı var.

Həftə sonu üçün regionlardakı hotellərə sifarişlərin sayı çoxdur:

“Əsas məsələ ondan ibarətdir ki, yenidən sərtləşdirmə tədbirləri zərurəti yaranmasın. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Avqust ayında Nazirlər Kabinetinin pandemiya dövründə hotellərin fəaliyyətinin tənzimlənməsi qaydaları ilə bağlı qərarı olub və monitorinqlərin həyata keçirilməsi Dövlət Turizm Agentliyinə tapşırılıb. Monitorinqlərin bir müsbət məqamı da ondan ibarətdir ki, bəzi hotellər fəaliyyətlərini dondurub, onlar bilmirdilər bu qaydalarla işləyə biləcəklər, ya yox. Artıq beş hotel fəaliyyətini bərpa edib”.

Kənan Quluzadə onu da əlavə edib ki, ümumən monitorinqlər ölkə üzrə 229 hoteli və mehmanxananı əhatə edib.

Kənan Quluzadənin fikrincə, gediş-gəlişin bərpası o demək deyil ki, istirahət mərkəzləri fürsətdən istifadə edib yüksək qiymətlər tətbiq etsinlər:

“Düzdür, qiymət məsələsi dövlət tərəfindən tənzimlənmir. Amma yenə də əhalinin azalmış gəlirləri nəzərə alınmalıdır və hər kəs öz büdcəsinə uyğun yerdə istirahət etməlidir. Biz çox ümid edirik ki, vətəndaşlarımız yaranmış fürsətdən istifadə edəcəklər. Amma xahişimiz var, yenidən sərt karantin rejiminin olmaması üçün qaydalara riayət etsinlər”.

Onun sözlərinə görə, bundan sonra növbəti vacib mərhələ sərhədlərin açılması ilə bağlıdır:

“Daxili turizm başladı, növbəti hədəfimiz xarici ölkələrə gediş-gəlişin bərpası, sərhədlərin açılmasıdır. Biz araşdırırıq ki, bunu hansı mexanizmlərdən, hansı üsullardan istifadə edərək təmin etmək olar. Ümumən turizm dünyada və Azərbaycanda ən çox ziyan çəkən sahədir.

Bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə dörd dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 2,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib. Bakı, Sumqayıt şəhərlərindən və Abşerondan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri