15 
Sen
2020
10:24
32
129
2708
Virtual karabakh

Dövlət Miqrasiya Xidmətinin idarə rəisi: “Bu il 346 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib” - MÜSAHİBƏ

15 Sen, 2020
10:24
2708

Dövlət Miqrasiya Xidmətinin idarə rəisi: “Bu il 346 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya dövründə ölkədə karantinin elan olunması dövlət qurumlarının işini bir qədər mürəkkəbləşdirdi, eyni zamanda sənədləşdirmə işlərinin rəqəmsallaşdırılmasına, əmək bazarının şəffaflaşmasına və digər sahələrə müsbət təsir göstərdi. Bu müstəvidə miqrasiya orqanlarının fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Oxu.Az-ın suallarını Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov cavablandırıb:

- Pandemiya dövrü və sərhədlərin bağlanması miqrasiya işinə necə təsir göstərdi? Ölkəmizdə məcburi qalan xarici vətəndaşlarla iş necə təşkil olunub?

- Məlum olduğu kimi ölkə ərazisində 24 mart 2020-ci il tarixdən xüsusi karantin rejimi elan edilib.

Həm karantindən əvvəlki dövrdə, həm də karantin müddətində vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi, vətəndaşların rahatlığının təmin olunması, bütövlükdə vətəndaş məmnunluğu Dövlət Miqrasiya Xidməti tərəfindən diqqətdə saxlanılıb. Eyni zamanda, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üçün Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri çərçivəsində məsələlərin daha operativ həlli və zəruri məlumatların Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargaha ötürülməsi məqsədilə Dövlət Miqrasiya Xidmətində İşçi Qrupu yaradılıb.

Xidmət tərəfindən fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb. Belə ki, bu müddət ərzində müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması və icazə prosedurunun sadələşdirilməsi təmin edilib.

Xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim edilən sənədlərə dair tələblərin optimallaşdırıması məqsədilə aşağıdakı işlər görülüb:

- İlkin mərhələdə DMX-nin qəbul şöbələrində insanların toplaşmasının qarşısının alınması məqsədilə bir sıra xidmətlər, o cümlədən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, yaşama, eləcə də iş icazələrinin verilməsi (uzadılması), vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər əsasən elektron qaydada (https://eservice.migration.gov.az) həyata keçirilib. 

- Bəzi regionlarda əcnəbilərin elektron xidmətlərdən istifadə imkanlarının olmaması nəzərə alınaraq, Xidmətin regional miqrasiya idarələri üzrə qəbul şöbələrinə sənəd qəbulu yalnız əvvəlcədən yazılmaqla həyata keçirilib.

- Ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət etmələri zərurəti aradan qaldırılıb. Belə ki, ölkədə olduğu yer üzrə qeydiyyata alınmış və olma müddəti bitən əcnəbilər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti müraciət tələb olunmadan uzadılıb.

- Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış dayandırıldığından müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılan əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

- Əcnəbilər tərəfindən elektron qaydada sənədlərin təqdim edilməsində bəzi güzəştlər edilib.

Belə ki, ilkin mərhələdə elektron müraciətlər zamanı notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul edilib.

- Əcnəbilərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən az olduğu hallarda belə onların müraciətləri icraata qəbul edilib.

- Bundan başqa, yaşama icazəsi olan və mövcud vəziyyətlə bağlı ölkəyə qayıda bilməyən əcnəbilərin qanunla riayət etməli olduqları müddətlər növbəti müraciət zamanı nəzərə alınır.

Həmin müddətlər bunlardır: Müvəqqəti yaşama icazəsinin etibarlılıq müddətində 180 gün ərzində 90 gündən çox ölkə ərazisindən kənarda olmamaq; Daimi yaşama icazəsinin etibarlılıq müddətində icazənin verildiyi gündən hesablanmaqla istənilən 1 il ərzində cəmi 180 gündən çox ölkə ərazisindən kənarda olmamaq; Vətəndaşlığa qəbul üçün müraciət etmək niyyətində olan əcnəbilər üçün il ərzində ölkə ərazisini 3 aydan çox olmayan müddətə tərk etməmək.

- Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, bütün elektron xidmətlər yenilənib. Əvvəllər elektron xidmətdən istifadə zamanı əcnəbilər yaşama və iş icazəsinin alınması, müddətinin uzadılması üçün müvafiq ərizə-anketi fiziki olaraq doldurub, skan edib, Xidmətə göndərirdilər. Hazırda elektron xidmətlər daha rahat və təkmil formada tətbiq edilir. Müvafiq məlumatlar əcnəbilər tərəfindən birbaşa Xidmətin sisteminə daxil edilir. Eyni zamanda, hazırda əcnəbilər elektron xidmət vasitəsilə həm ödəniş kodunu, həm sənədin icra vəziyyəti barədə məlumatı, həm də müvəqqəti olma müddətinin uzadılması qərarlarını əldə edə bilərlər. Həmçinin, elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı videotəlimatlar hazırlanaraq Xidmətin müvafiq məlumatlandırma platformalarında yerləşdirilib, eləcə də sosial şəbəkə hesablarında paylaşılıb. Görülən işlərin nəticəsidir ki, əvvəlki dövrlə müqayisədə e-xidmətlərdən istifadə edən əcnəbilərin sayı 12 dəfədən çox artıb.

- Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən “919” Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib və göstərilən xidmətin daha da təkmilləşdirilməsi məqsədilə funksional imkanlar artırılıb. Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal, zərurət olduqda isə araşdırıldıqdan sonra cavablandırılır, məlumatlandırma və məsləhət xidməti göstərilir, həmçinin şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi həyata keçirilir. Bu işlərin nəticəsi olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, cari ilin birinci yarısında zənglərin sayında üç dəfədən çox artım olub.

- Digər sahələr üzrə müraciətlərə gəldikdə - readmissiya ilə bağlı qarşı tərəf dövlətlərin aidiyyəti orqanları ilə qarşılıqlı razılıq əsasında - şəxslərin qəbul edilməsi dayandırılıb. Lakin müvafiq qaydada daxil olan readmissiya sorğuları cavablandırılır.

- Qaçqın məsələləri ilə bağlı - əcnəbilərə təqdim edilən sənədlərin müddətləri elektron qaydada uzadılıb, o cümlədən icrada sənədləri olan şəxslərlə bağlı müvafiq qərarlar qəbul edilib. 

- Hazırda xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Xidmət tərəfindən göstərilən xidmət sahələri üzrə işin təşkili günün tələblərinə uyğunlaşdırılıb.

- Sərhədlərin bağlı olduğu şəraitdə miqrasiya və digər qanunları pozmuş xarici vətəndaşların ölkədən çıxarılması necə həyata keçirilir?

- Mövcud vəziyyətlə əlaqədar əcnəbilərin ölkə hüdudlarından məcburi qaydada kənara çıxarılması müvəqqəti olaraq dayandırılıb. Həmçinin karantində saxlanılan əcnəbilər tərəfindən ölkədə olma və yaşama qaydalarına dair miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasının və nəticədə onların inzibati məsuliyyətə cəlb edilməsinin qarşısının alınması məqsədilə tərəfimizdən xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri ilə mütəmadi olaraq müvafiq işlər görülür.

COVID-19 pandemiyasının qarşısının alınması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair məlumatlar diplomatik kanallarla bütün ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərinə göndərilib.

Həmçinin, sosial məsuliyyətlilik tədbirlərinin tərkib hissəsi kimi, koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində diplomatik korpus nümayəndələri və əcnəbi iş adamları ilə əməkdaşlıq şəraitində Dövlət Miqrasiya Xidməti tərəfindən videoçarx hazırlanıb.

Ölkədə yaşayan həssas miqrant qruplarına sosial yardımın göstərilməsi məqsədilə Xidmətin dəstəyi ilə gənclərdən ibarət miqrasiya könüllüləri tərəfindən Azərbaycanda sığınacaq almış, qaçqın statusu ilə yaşayan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə ərzaq yardımları edilib.

Əlavə olaraq qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, ikitərəfli hökumətlərarası əməkdaşlığın nəticəsi olaraq, bu il Türkmənistan hökuməti ilə miqrasiya sahəsində əməkdaşlıq, o cümlədən Türkiyə Respublikası hökuməti ilə qarşılıqlı olaraq vizadan azadetmə haqqında saziş qüvvəyə minib.

Türkiyə ilə olan sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Həmçinin, vizadan azadetmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.

- Xarici vətəndaşlarla işin təşkilində əsas meyarlar hansılardır? Azərbaycanda xaricdən işçi qüvvəsinin cəlb olunmasına ehtiyac varmı?

- 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur. Həmçinin, Dövlət Miqrasiya Xidməti əcnəbilərlə işin təşkili zamanı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini rəhbər tutaraq, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun, miqrasiya idarəetməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi kimi prinsipləri əsas götürür.

Dövlət Miqrasiya Xidməti Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələrini həyata keçirən zaman Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər) bütün hüquq və azadlıqlarının qorunması, o cümlədən sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, sahibkar kimi fəaliyyət göstərməsi və s. kimi əlaqəli məsələlərin tənzimlənməsini təmin edir.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından ötən müddət ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılıb və bununla bağlı miqrasiya sahəsində bir sıra yeni normativ-hüquqi aktlar qəbul olunub, mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib, institusional və təşkilati tədbirlər həyata keçirilib, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması sahəsində göstərilən xidmətlər və ümumiyyətlə miqrasiya proseslərinin idarə olunması mexanizmi təkmilləşdirilib, elektron informasiya resursları yaradılıb.

Dövlət Miqrasiya Xidməti fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Dünyada miqrasiya sahəsində mövcud olan müsbət təcrübə hər gün öyrənilir. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi zamanı ölkəmizin milli təhlükəsizlik maraqlarının qorunması, tənzimlənməyən miqrasiyanın neqativ nəticələrinin qarşısının alınması və ölkəmizin yerli əmək ehtiyatlarından səmərəli istifadəsinin təmin olunması Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti zamanı əsas tutulan başlıca vəzifələrdəndir. Bu baxımdan dünya təcrübəsi tətbiq olunan zaman mütləq qaydada yuxarıda sadalanan prinsiplər nəzərə alınır.

Bu gün əksər ölkələr miqrantların həm mənşə, həm təyinat, həm də tranzit ölkəsidir. İnkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətlər miqrasiyanın yaratdığı imkanlar və çətinliklərlə qarşılaşırlar və öz siyasətlərini mövcud şəraitə uyğunlaşdırmağa çalışırlar. Qəbul etmək lazımdır ki, dünya ölkələrinin miqrasiyaya, eləcə də miqrantlara münasibətdə siyasətlərində ciddi fərqlər vardır. Bəzi ölkələr əmək bazarında olan boşluqların doldurulması üçün daha açıq miqrasiya siyasəti yürütsələr də, digər dövlətlərdə qanunlar qanunsuz miqrasiya və onun yaratdığı təhlükələrin qarşısının alınması üçün məhdudlaşdırılır.

Azərbaycan Respublikasında da miqrasiya siyasəti həm miqrasiyanın ölkənin inkişafına verəcəyi faydalardan tam yararlanmaq, həm də potensial təhlükələrdən sığortalanmaq üçün qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlib.

- Kimlərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət etmək hüquqları var? Bu il ərzində belə müraciətlərin sayı nə qədər olub?

- Vətəndaşlıq həmçinin, şəxsin hüquqi statusunun vacib elementlərindən biridir. Çünki hər bir şəxsin hüquqlarının, azadlıqlarının və vəzifələrinin dairəsi böyük ölçüdə onun vətəndaşlıq mənsubiyyəti ilə həll olunur. Məhz bu və ya digər dövlətin vətəndaşlığına mənsubiyyət hər bir insana özünün hüquq və azadlıqlarını tam mənada həyata keçirmək imkanı verir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, respublikanın ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, ölkənin Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, son iki il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma haqqında Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam verilir.

Prezidentin müvafiq sərəncamları ilə cari ilin fevral ayında 337 nəfər (övladları ilə birlikdə 346 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub, altı nəfər Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilib.

Həmin şəxslərlə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında andiçmə tədbirləri həyata keçirilib, onlara bu barədə müvafiq arayışlar verilib.

Eyni zamanda qeyd edirik ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə 28 aprel 2015-ci il tarixdən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kompaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir.

- Miqrasiya sahəsində hansı istiqamətlər üzrə hüquqi təkmilləşdirməyə ehtiyac duyulur?

- Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən miqrasiya sahəsində dövlət proqramlarının və qanunvericilik aktlarının layihələrini hazırlayır və ya onların hazırlanmasında digər aidiyyəti dövlət qurumları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birgə iştirak edir. Eyni zamanda, ölkəmizin mövcud qanunvericilik-hüquqi bazasının təkmilləşdirilməsi zamanı beynəlxalq təcrübə öyrənilir və tətbiq olunur. Müasir dövrün tələblərindən irəli gələrək ehtiyac olduğu təqdirdə miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində lazımi təşəbbüs və təkliflərini nəzərə alınması üçün təqdim edir.

Hazırda Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və maraqlarının hərtərəfli və səmərəli müdafiəsi, beynəlxalq sənədlərə uyğun olaraq, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin (qaçqınlar, sığınacaq axtaran şəxslər, vətəndaşlığı olmayan şəxslər, əməkçi miqrantlar və sair barədə) yerinə yetirilməsi, eləcə də daxili miqrasiyanın tənzimlənməsi istiqamətində aparılan işlərin yeni çağırışlar da nəzərə alınmaqla, müasir standartlara uyğun təşkil edilməsi məqsədilə “2020-2025-ci illər üçün Azərbaycan Respublikasının Miqrasiya Strategiyası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

- Digər dövlət qurumları ilə əlaqələndirmə necə həyata keçirilir?

- Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir və xüsusilə miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edir. Miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə imzalanmış Sərəncama əsasən fəaliyyəti təmin edilmiş “Vahid Miqrasiya Məlumat Sistemi” ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb. Bu gün ölkə ərazisində miqrasiya proseslərinin idarəedilməsində əsas məlumat resursu funksiyasını yerinə yetirən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə miqrasiya uçotu aparılır. Eyni zamanda, məlumat-axtarış işlərinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin yaradılması vasitəsilə sistem “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, “Lisenziyalar və icazələr” portalı və “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunur və bu sahədə müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin olunur.

Qeyd olunanlarla yanaşı, Dövlət Miqrasiya Xidməti təkcə dövlət orqanları ilə deyil, özəl sektor - sahibkarlarla əməkdaşlıq əlaqələrinin də genişləndirilməsi məqsədilə işəgötürənlərlə mütəmadi görüşlər keçirir. Bu istiqamətdə cari ilin I yarımilində videokonfrans formatında Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının iclası keçirilib. Görüşdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmini istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda, iş adamları və əcnəbilər təklif və tövsiyələrini səsləndiriblər.

Artıq ənənə halını almış Caspian European Club üzvləri ilə də videokonfrans formatında görüş keçirilib.

Bununla yanaşı, Xidmət tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın dərinləşdirilməsi, insanların ünvanladığı müraciətlər və digər təkliflərlə bağlı məlumat mübadiləsinin genişləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura ilə sıx əməkdaşlıq davam etdirilib.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri