16 
Sen
2020
14:30
171
22
1664
Virtual karabakh

Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər: “Əkin üçün torpaq sahəsi ayrılmır”

16 Sen, 2020
14:30
1664

Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər: “Əkin üçün torpaq sahəsi ayrılmır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonu Boyat kənd sakinləri əkin sahələri ilə bağlı şikayət edirlər.

Bu barədə Oxu.Az-a müraciət edən Boyat kənd sakini Mübariz Əhmədov məlumat verib. O deyir ki, Boyat kənd bələdiyyəsinin ehtiyat fondundan sakinlərə əkin üçün torpaq ayrılmalıdır, amma bizə düşən pay verilmir:

“Bələdiyyənin ehtiyat fondunda isə 52 hektara yaxın torpaq sahəsi var. Bələdiyyə həmin ehtiyat fondunun torpaqlarını öz yaxın adamlarına, qohumlarına verir. Biz müraciət edirik, müraciətimizə baxmırlar. Keçmiş bələdiyyə sədri olan Təvəkkül Hüseynova, indiki bələdiyyə sədri Mütəllim müəllimə müraciət etmişik. Dəfələrlə müraciət etsəm də, gözlə deyə-deyə dörd ildir bu məsələni həll etmirlər. Özümün 30 sot pay torpağım var, amma bu məni qane etmir. Əziyyətlə iki oğul böyüdürəm. Ailəmi dolandıra bilmirəm. Özüm Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm, sağlamlığımı itirmişəm. Xahiş edirəm bu məsələnin həllinə kömək edəsiniz”.

M.Əhmədov deyir ki, bələdiyyənin ehtiyat fondunda olan 52 hektar torpaq sahəsindən onlara da pay ayırsınlar:

“Mən demirəm bütün torpaqları mənə versinlər. O torpaqdan bir hektar, iki hektar nə qədər mümkündürsə bizə versinlər, əkib-becərək. Ailəmizi dolandıraq. Ölkəmizə nə faydalıdırsa, onu əkərik. Boyat kəndində yerləşən bələdiyyə torpağında ferma açıblar. Biz sakinlərin müraciətinə isə baxan yoxdur. Sonuncu müraciətimizdən 4-5 ay keçib. Bizə hədə-qorxu gəldilər. Dedilər ki, gedin öz işinizlə məşğul olun”.

Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quluyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu müraciət araşdırılır.

Təvəkkül Hüseynovla danışmaq istədiyimizi desək də, M.Quluyev onun insult keçirtdiyini dedi.

Sakinin iddialarına cavab verən M.Quluyev deyir ki, vətəndaşların pay torpaqları var:

“Onların əkin üçün pay torpaqları var. Sadəcə olaraq bələdiyyədən əlavə torpaq iddiaları irəli sürürlər. Onların ərizəsi araşdırılır və özlərinə yekun nəticə barədə məlumat veriləcək. Biz kiminsə diqtəsi ilə işləmirik. Araşdırma gedir”.

İcra Hakimiyyətinin nümayəndələrinin sakinlərə hədə-qorxu gəlməsi ilə bağlı iddialara isə M.Quluyev belə cavab verib:

“Sakinlər çox söz deyə bilər. Bu sadəcə şantajdı. Elə yanaşma ola bilməz”.

Sonda M.Quliyev bu məsələ ilə bağlı daha ətraflı məlumatın İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayevdə olduğunu desə də, onunla əlaqə saxlamaq mümkün olmadı.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri