22 
Sen
2020
10:51
338
26
7183
Virtual karabakh

Cəmiyyətin baxışını darmadağın edən cütlük: “Şokolad alıb evlilik təklif etdim” - MÜSAHİBƏ

22 Sen, 2020
10:51
7183

Cəmiyyətin baxışını darmadağın edən cütlük: “Şokolad alıb evlilik təklif etdim” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmiyyətdə fiziki məhdudiyyətli şəxslərə “fiziki qüsurlu” olaraq yanaşmağı seçən insanların olması əlilliyi olan şəxslərin bir çox sosial-psixoloji problemlərlə üzləşməsinə səbəb olur. Bu cür problemli məqamlardan biri fiziki əlilliyi olan şəxslərin cəmiyyətin, hətta bir çox hallarda ailəsinin ciddi psixoloji təzyiqi ilə üzləşdiyi evlilik məsələsidir. Fiziki problemlərinin xüsusilə vurğulanacağından və hisslərinin ikinci plana atılacağından əmin olan bir çox əlilliyi olan şəxs evlilik barəsində danışmağa belə çəkinir. Çünki hər iki tərəf bir-birini sevsə belə, əlil şəxsin sağlam insanla ailə həyatı qurmaq istəməsi cəmiyyətdə birmənalı qarşılanmır, əvvəl ailələrin, sonra ətrafdakıların reaksiyası belə gənclərin evlilik xəyallarını, əslində ən təbii haqlarını əlindən alır.

Azərbaycan Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə  katibi Nərmin Kazımovanın budəfəki müsahibləri də mənəvi gücləri və sevgiləri ilə cəmiyyətin fiziki məhdudiyyətli şəxslərə baxışını, hökmlərini darmadağın edən Nilufər və Tahirdir.

- Tahir və Nilufər, söhbətə sizi tanıyaraq başlayaq.

Nilufər: Mən Məmmədova Nilufər Mübariz qızı, Boccia İdman Federasiyasında fəaliyyətimə könüllü olaraq başlasam da, hazırda boccia asistantıyam. Həmçinin, Boccia milli komandasının idmançısı Tahir Zülfüqarlı ilə evliyəm.

Tahir: Zülfüqarlı Tahir Pərviz oğlu, Boccia İdman Federasiyasının idmançısıyam. Boccia İdman Federasiyasını beynəlxalq arenada təmsil edən ilk bocciaçılardan biriyəm.

- Harada və necə bir ailədə doğulub böyümüsünüz?

Tahir: Quba rayonunda 5 nəfərdən ibarət qayğıkeş və olduqca səmimi bir ailədə doğulmuşam. Bir çox ailələr fiziki məhdudiyyətli övladlarını cəmiyyətdən təcrid edərək, qorumağa çalışır, amma özləri də bilmədən övladlarını təkliyə və asosial həyata məhkum edirlər. Düşünürəm ki, mən bu barədə çox şanslıyam, çünki ailəm hər zaman yanımda olub və qərarlarımı dəstəkləyib.

Nilufər: Lənkəran şəhərində doğulmuşam. Ailəm mehriban, xoş rəftarı olan insanlardır, atam, anam, 2 qardaşım və mən olmaqla 5 nəfərdən ibarətdir. Ailəmizin ən sevdiyim özəlliyi isə yardımsevər olmamızdır.

- Bir az da təhsiliniz barəsində danışaq, ali təhsil almısınız?

Nilufər: 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə Kollecində radio rabitə, radio verilişləri və televiziya ixtisası üzrə orta ixtisas təhsili almışam. Bu il də ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermişəm və ixtisas seçimi mərhələsini gözləyirəm.

Tahir: Orta məktəbi bitirmişəm, ali təhsilim isə yoxdur. Boccia İdman Federasiyasına çox gənc yaşlarımda qatıldım və idman sahəsində özümü inkişafa yönəltdim. Ali təhsilim olmasa da, düşünürəm ki, hazırda olduğum sahədə istedadlıyam və bu yolda çox uğura imza atacağam.

- Keçək əsas məsələyə: Boccia İdman Federasiyası ilə yollarınız nə zaman və necə kəsişdi?

Nilufər: Sizə bu gün həqiqətən dəstəyini, yardımını, mərhəmətini əsirgəməyən insandan bəhs edəcəyəm.

Deməli - boccia haqqında ilk məlumatı dostumdan almışdım. Onda boccia idman növü haqqında heç bir fikrim yox idi, sadəcə hər hansı peşə sahəsində özümü yoxlamaq istədiyim üçün federasiyaya - 1 saylı peşə reabilitasiya mərkəzinə gəldim.

Bura gəldikdən sonra İlham Məhərrəmovla (Boccia Federasiyasının baş katibi) tanış oldum və deyərdim ki, bu, həyatımın dönüm nöqtəsi oldu.

Əvvəllər könüllü kimi çalışırdım və ödənişli olaraq tamam başqa sahədə idim, bir gün İlham müəllimdən zəng gəldi ki, onlara məsuliyyətli əməkdaş lazımdı. Mən isə işə yeni başlamışdım və məni o iş xoşbəxt etmirdi, xoşagəlməz hallar baş verən bir yerdə qalmaq nə dərəcədə insanı sevindirə bilər? Zəngdən sonra razılaşdım, Boccia Federasiyasına ödənişli olaraq çalışmağa gəldim. Bildiyiniz kimi, Azərbaycanda 2014-cü ildən boccia idman növü fəaliyyət göstərir, 2018-ci ildən isə rəsmi olaraq fəaliyyətdədir. Mən də ilk başlayan gündən Bocciadayam. Sosial işlə məşğul olarkən mütləq sevgi göstərməlisən, ümumiyyətlə işi sevərək görmək bir başqadır. Bocciada çalışmaq fürsətini mənə, mənim kimi bir çox gənclərə İlham Məhərrəmov verib. Hər zaman deyirdilər ki, mütləq hər işdə pul keçir, ya da adamın olmalıdır. Mən belə deyimləri çox eşitmişdim, ancaq deyərdim ki, qarşılaşdığım həqiqətlər başqa oldu. Mən və Tahir biz İlham müəllimə nə qədər təşəkkür etsək, azdır.

Bu gün Boccia Azərbaycanda inkişaf edir və bu da bizi sevindirir.

Tahir: İlham müəllim məni də dəvət elədi və bocciayla tanış olmağımı məsləhət gördü.

Daha sonra boccia məşqlərinə başladım və bundan sonra əmin oldum ki, istedadlı olduğum, sevdiyim sahəni tapmışam və bu yola da davam etməliyəm.

- Hər ikiniz müxtəlif fikirlərlə, fərqli zamanlarda federasiyaya gəldiniz və burada yollarınız kəsişdi. Bəs aranızdakı sevgi münasibəti necə yarandı? Kimsə sizi tanış etdi, yoxsa özünüz tanış oldunuz?

Tahir: Bayaq qeyd etdim ki, İlham müəllimlə tanışlıq həyatımın dönüm nöqtəsi oldu. Bunu sadəcə idman sahəsində göstərdiyi dəstək üçün demədim, mənim Nilufərlə tanış olmağımda da, xoşbəxt ailəyə sahib olmağımda da onun payı böyükdür. Nilufərlə bir-birimizi tanısaq da, yaxın münasibətimiz yox idi, sonra İlham müəllim bizi yaxından tanış etdi və Nilufərlə evlənməyə qərar verdim. Bura kimi olanları sizə danışım.

Ailəm məni evləndirmək qərarına gəlmişdi, ancaq elə seçim olmalıydı ki, həm mənim, həm də ailəmin ürəyincə olsun. Ailəm İlham müəllimlə danışmışdı, məsləhət almışdılar. İlham müəllimdən soruşsanız, özü sizə deyəcək ki, bu məsələ ilə bağlı tərəddüdləri var idi, ancaq şükür, hər şey yaxşı oldu. Ən əsas tanışlıq məsələsi İlham müəllim ailəmə söyləmişdi Nilufər haqqında və mən də onu bəyənirdim.

- Nilufər sizin ailəniz necə münasibət göstərdi bəs?

Nilufər: İlk olaraq anam razı deyildi, amma mənim sevgimə əmin olandan sonra razılaşdı.

- Bəs xüsusi evlilik təklifi oldumu ?

Tahir: Nilufərin sevgisinə əmin olandan sonra düşündüm ki, nə edim? Cəsarətimi topladım, bir şokolad alıb, mərkəzə gəldim və Nilufərə evlilik təklif etdim.

- Boccia ailəsindən olan müsahiblərimə verdiyim ənənəvi suala keçək, boccia sizə nə qazandırdı?

Nilufər: Boccia İdman Federasiyasındakı fəaliyyətim ərzində problemlərimizə rəğmən həyatı əylənərək və sevərək, doya-doya yaşamağı öyrəndim. Sadəcə Boccia ailəsinin bir üzvü olmadım, boccia da mənim ailəmə çevrildi.

Tahir: Boccia ailəsinə qatıldıqdan sonra fiziki məhdudiyyətlərimin sevməyimə, uğur qazanmağıma mane olmadığını və həyatı sevərək yaşamağı öyrəndim.

- Dediyinizə görə Bocciaya qatılmaq həyatınıza uğur və sevgi ilə yanaşı, yeni ideologiyalar qatıb, həyata baxışınızı dəyişib. Bunlara görə minnətdar olduğunuz  şəxs və ya şəxslər varmı?

Tahir: Bizə uğur qazandıran bu yolda mənə, eləcə də digər fiziki məhdudiyyətli idmançılara dəstək və qayğısına, boccianın yaradılmasında və inkişafındakı əvəzsiz roluna görə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova, Federasiyanın Baş katibi İlham Məhərrəmova və Boccia İdman Federasiyası yarandığı gündən  federasiyanı maliyyələşdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, cənab Sahil Babayevə minnətdarıq. 

- Biz bu gün bu insanlar sayəsində cəmiyyətdəyik, evdə gizlənib, hər kəsdən qaçmırıq, bu, o qədər önəmlidir ki...

Nilufər: Mən də öz növbəmdə əlavə edim ki, Tahirin də qeyd etdiyi kimi İlqar Rəhimov boccianın təbliğində və Azərbaycanda əsasının qoyulmasında böyük rol oynayıb və bugün də Boccia İdman Federasiyasına və fiziki məhdudiyyətli idmançılarımıza xüsusi qayğı göstərir və bütün layihələrimizdə, yarışlarda bizə dəstək olur.

Bu müsahibə vasitəsi ilə İlqar müəllimə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

Həmçinin, yarışların, federasiya daxilində fəaliyyət göstərən şəxslərin, ümumən  Boccia İdman Federasiyasının maliyyələşdirilməsini təmin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və cənab Sahil Babayevə bizə xüsusi diqqət ayırdıqları üçün minnətdarıq.

***

Müsahibəni son olaraq “Boccia bizə bir-birimiz qazandırdı” deyə ortaq cavabla bitirən gənc cütlük bütün gənclərə fiziki görkəmi, maddi imkanları yox, mənəviyyatı sevməyi məsləhət görür. 

Fiziki əngəlləri aşıb, nümunəvi ailə olan bu cəsur cütlük fiziki məhdudiyyətləri evlilik, təhsil, idman və ya iş sahəsində “maneə”yə çevirən cəmiyyətə bir sosial mesajdır.

Çalışın qəlbiniz əngəlli olmasın!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri