Okt
2020
17:48
1429
84
9370
Virtual karabakh

Biz Qarabağa dönəcəyik!

Kubra Məhərrəmova yazır...

Dünəndən bəri yüzlərlə xəbər oxumuşuq. Azərbaycanın qüdrətli ordusunun uğurlarını əks etdirən videolara baxmışıq. Dəqiq və sərrast atışla göyə sovrulan düşmənləri görmüşük. Qaçan erməni əsgərlərinin yalvarışını eşitmişik.  

İşğaldan azad olunan Vətənin ilk görüntülərini izləmişik. Cəbhəyə yola düşən könüllü oğullarımızın mahnı oxumasını izləmişik. Qürurdan ağlamışıq, hayqırmışıq, bağırmışıq! 
Qələbənin hər an daha da yüksələn uğultusunun içində isə mən “ Sən də Murov?” sualını yaralı hərbçiyə verən Ali Baş Komandanın səsini eşidirəm. Ali Baş Komandanın bir ata kimi qayğısının, diqqətinin təzahürünü görürəm. Səsindəki doğmalığı, Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə səmimi söhbətini eşidirəm. 

Ali Baş Komandanın dünyaya, beynəlxalq təşkilatlara, dünya liderlərinə göndərdiyi sərt, sərrast, dəqiq mesajlarını görürəm. Eyniylə ordumuzun düşmən hədəflərinə atdığı dağıdıcı bombalar kimi.  Dediyi ilə etdiyinin eyni olmasını görürəm. 

Bu gün Azərbaycan xalqının yenidən doğulmasını görürəm! Birləşməsini görürəm. Vahidliyini görürəm. 

Bu gün Ali Baş Komandanın əmri ilə ordumuz və xalqımız eyni amal uğrunda mübarizə aparır. Vətən müharibəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqları uğrunda döyüşür. Düşmənin canını alır. Bütün cəbhə boyu hücum həyata keçirir.  Dayanmadan, durmadan düşmənin başına od tökür!  

Bu gücün, bu qüdrətin yanında isə hərbçilərlə sağollaşanda Birinci xanımın hisslərinə hakim kəsilə bilmədiyini, göz yaşlarını görürəm. Onun mərhəmətini, sevgisini görürəm. 
Mehriban xanım, inanın hamımız sizin kimi qürurdan ağlayırıq. Hamımız sevincdən ağlayırıq. Hamımız nəfəsimizi kəsib Ali Baş Komandandan Qələbə xəbərini gözləyirik. Bu günə kimi axıtdığımız göz yaşlarının əvəzini gözləyirik. 

İnanırıq. Ali Baş Komandana, ordumuza, əsgərimizə, bayrağımıza, qırılmaz mübariz ruhumuza inanırıq. Bayrağımıza sarılaraq hamımız bir nəfər kimi inanırıq. Biz Qarabağa dönəcəyik! Mütləq dönəcəyik! Bir yerdə Şuşada qürurdan, sevincdən hönkürtü vurub ağlayacağıq. Biz bunun bədəlini çoxdan ödəmişik! Qanımızla, canımızla ödəmişik. Buna haqqımız var!  Qarabağ Azərbaycandır və nida!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri