22 
Okt
2020
13:28
43
424
7157
Virtual karabakh

İki cəbhədə mübarizə - Koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ

22 Okt, 2020
13:28
7157

İki cəbhədə mübarizə - Koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusla dünya sarsıldı.

Getdikcə artan xəstəlik Azərbaycan ərazisinə də çatdı. Belə ki, fevral ayında ölkəmizdə ilk COVID-19-a yoluxma halları qeydə alındı.

Hazırda koronavirus bütün qitələri əhatə edib və pandemiyaya çevrilib. Azərbaycan da bu ciddi təhlükədən sığortalanmayıb. 

Nazirlər Kabineti yanında operativ qərargahın karantinlə bağlı qərarları hələ də qüvvədədir. Bir neçə gün əvvəl Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

Burada məqsəd ölkəmizdə maksimum az xəstələnmənin qeydə alınmasıdır ki, bu da təqdirəlayiqdir.

Hər döyüşün öz əsgəri var

Son statistikaya əsasən, Azərbyacanda bu xəstəlikdən ölənlərin sayı 642 nəfər, ümumi yoluxanların sayı 46593 nəfər, ümumi sağalanların sayı 40448 nəfər təşkil edir.

Ötən gün Azərbaycanda koronavirusa 714 yeni yoluxma faktı qeydə alınıb. Eyni zamanda, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, hazırda aktiv xəstə sayı 5503 nəfərdir.

Statistikaya nəzər saldıqda, son günlər həm dünyada, həm də Azərbaycanda COVID-19-la bağlı yoluxmanın artıma doğru getdiyi müşahidə olunur.

Təəssüf ki, bunun səbəbi insanların məsuliyyətsiz davranışı, sosial məsafə saxlanmamasıdır. Düşünmək lazımdır ki, bu xəstəliyə qalib gəlməyin tək bir yolu var: sadə qaydalara əməl etmək...

Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib. Digər ciddi təhlükəyə səbəb olan koronavirus yaddan çıxıb. Azərbaycan vətəndaşı eyni anda iki düşmənə - COVID-19 və erməniyə qarşı mübarizə aparır. Elə buna görə hərbçilərlə, xüsusən bölgələrdə olanlarla görüşməmək lazımdır.

Çünki onlarla sıx təmas yoluxmaların sayının artmasına, gələcəkdə əsgərlərin, zabitlərin yoluxmasına səbəb ola bilər. Nəticədə, xəstəxanalarda həkim, çarpayı qıtlığı yarana bilər. Hazırda döyüşçülərimizin sağlamlığı təkcə tibbi məsələ deyil, ordumuzun qələbəsi bundan asılıdır.

Əsgərlərimiz ermənilərə, biz isə koronavirusa qalib gələk!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın koronavirusla mübarizədə texniki baxımdan heç nəyə ehtiyacı yoxdur:

“Ölkədə kifayət qədər süni tənəffüs aparatları, dərman preparatları, qoruyucu vasitələrimiz var. Amma insan resursları baxımından bütün tibb işçilərimiz cəbhəyə can atırlar. Amma biz heç bir halda koronavirus xəstələrini də diqqətsiz qoya bilmərik. Bütün koronavirus xəstələri də lazımi tibbi yardım alacaqlar. Biz bilməliyik ki, COVID-19-la mübarizə də qələbəyə, orduya dəstəkdir”. 

O vurğulayıb ki, bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir:

“Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq.

Hər bir tibb işçisi ordumuzun arxasında durub. Bizim hər birimizin özünü qoruması tibb işçilərinin işinin artmamasına kömək olacaq. Bu şəkildə qələbəmizə dəstək olarıq”.

Həkimlərimizin iki cəbhəyə bölünməməsinə çalışaq!

Müharibə başlayan ilk gündən TƏBİB-in İdarə heyətinin üzvləri başda olmaqla, işçiləri cəbhə bölgəsindədir. Həkimlər əsgərlərimizin qulluğunda dayanırlar. Bu vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir. 

Arxa cəbhədə olan nailiyyətsizlik ön cəbhə üçün də çətinliklər yarada bilər. Elə etməliyik ki, bu bəla bizim həyatımızdan çıxsın. Əhali təmasdan qaçmalı, zəruri olmadıqca evdən çıxmamalıdır, ən əsası, qapalı məkanlarda maska mütləq taxılmalıdır.

Ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.

Artıq dünyada bu virusa yoluxanların sayı 41 milyon 519 min 351 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.

Gəlin, hər iki düşmənə birlikdə qalib gələk. Qarabağın tezliklə azad edilməsini istəyirsinizsə, birinci özünüzü qoruyun! 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri