Neft qiymətlərinin növbəti 10 ildəki proqnozu açıqlanıb - FOTO
Neft qiymətlərinin növbəti 10 ildəki proqnozu açıqlanıb - FOTO
Dünya Bankı (World Bank) 2021-ci ildə neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb.
Bankın “Commodity markets outlook” hesabatında bildirilib ki, neftin bir barelinin qiyməti 2021-ci ildə cari ildəki 41 ABŞ dollarından 44 ABŞ dollarına qədər yüksələcək.
Məlumatda qeyd olunub ki, pandemiya ilə əlaqədar neftə olan tələbat azaldığından neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinin ardından 2020-ci ilin III rübündə neft qiymətlərində yenidən artım müşahidə olunub. Bu, bazarda neftə tələbatın artması ilə əlaqələndirilib.
Qiymətlərdəki canlanmanın, xüsusilə də, aralarında Azərbaycanın da olduğu OPEK+ ölkələrinin istehsalatı azaltması hesabına əldə edildiyi vurğulanıb. Eyni zamanda, ABŞ və Kanadada qazma qurğularının sayının rekord həddə azaldılmasının da prosesə təsir etdiyi əlavə olunub.
Hesabatda neft qiymətlərinin 2022-ci ildə 50 ABŞ dolları, 2023-cü ildə 52,1 ABŞ dolları, 2024-cü ildə 54,4 ABŞ dolları, 2025-ci ildə 56,7 ABŞ dolları, 2030-cu ildə isə 70 ABŞ dolları həcmində olacağı proqnozlaşdırılıb.
Həmçinin, hesabatda qeyd edilib ki, 2021-ci ildə təbii qaza olan tələbat da artacaq.
Nigar Məmmədova