Noy
2020
10:53
1146
23
6528
Virtual karabakh

Ordumuza sovqat hazırlayan pravoslav rahib: “Əsgərlərə mənəvi dayaq olmalıyıq” - FOTO/MÜSAHİBƏ

Bu gün bütün Azərbaycan xalqı Azərbaycanın apardığı vətən müharibəsində hərbçilərimizin yanındadır. Hər kəs fərd olaraq əllərindən gələni etməyə çalışır. Arxa cəbhədə bu birlik, bərabərlik təbii ki, ön cəbhədə hərbçilərimizə ruh yüksəkliyi gətirir. Qələbəyə doğru addımladığımız bu günlərdə xoş niyyətli yardımlardan biri də Azərbaycan pravoslav xristianlarının şəhərin mərkəzindəki Mixail-Arxangel məbədindən gəlib. Kilsə çalışanları hərbçilərə bir neçə dəfə öz bişirdikləri şirniyyatlardan sovqat göndəriblər.

Bu təşəbbüsü irəli sürən pravoslav məbəd rahibi protoiyerey Mefodiy ilə həmsöhbət olduq:

- Əvvəlcə özünüz barədə qısa məlumat verin.

- Mən Bakı şəhərində 1980-cı ildə anadan olmuşam. 1997-ci ildə orta məktəbi bitirib elə həmin ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) “Rus dili və ədəbiyyatı” fakültəsinə daxil oldum. 2001-ci ildə bakalavr təhsilimi başa vurub, 2001 – 2004-cü  illərdə magistraturada təhsil aldım. 2005 – 2010-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində dini təhsil aldım.

Sizi kilsə ilə bağlayan əsas səbəblər nələrdir?

- Məni kilsəyə bağlayan Allaha xidmət etmək və insanlara köməklik göstərmək arzusudur.

Neçə ildir bu kilsədə çalışırsınız?

- 20 ildir ki Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasında çalışıram. 2005-ci ildən indiyə kimi Bakı Yeparxiya İdarəsinin katibi, eyni zamanda 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr həzrətlərinin əmri ilə Bakı şəhər Arxangel Mixail adına kilsəyə baş keşiş (kilsənin rəhbəri) vəzifəsinə təyin olundum.

Sosial şəbəkələrdə kilsənin cəbhəyə göndərdiyi yardım payı ilə bağlı çoxsaylı paylaşımlar edildi. Bu təşəbbüs necə yarandı?

- Biz çoxmillətli bir ölkədə yaşayırıq. Burada bir neçə din nümayəndələri yaşayır: müsəlmanlar, xristianlar (pravoslavlar, katoliklər, protestantlar və s.) və yəhudilər. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan pravoslav xristianlar da Vətənimizdə gedən bu tarixi hadisələrdən kənarda qala bilməzdi. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə bizdə öz töhfəmizi verməyi, qəhrəman əsgərlərimizə arxa cəbhədə mənəvi dayaq durmağı özümüzə borc bilirik.

Mən təsadüfən öyrəndim ki mənim dostum “Facebook”da olan ən böyük kulinar qrupunun “Azeri Home Chef” rəhbəri Fəxrəndə Həsənzadə hərbi hospitalda yaralı əsgərlərimizi ziyarət etməyə gedir. Mən onunla əlaqə saxladım. Belə qərara gəldik ki, bizim igid yaralı əsgərlərimizə ev şirniyyatı aparaq. Beləliklə bizim kollektiv bu gözəl aksiyada iştirak etdi.

- Bu, neçə nəfərdən ibarət bir kollektivin ərsəyə gətirdiyi iş idi?

- Bu xoşməramlı işdə demək olar ki, bizim bütün kollektivin zəhməti var. Amma işin əsas ağırlığı çörək bişirənlərin və bir neçə məsul şəxslərin üzərinə düşdü.

Tam olaraq bu istiqamətdə neçə dəfə yardım hazırlanıb? Yardımları necə göndərdiniz?

-Biz hazırda bu istiqamətdə dörd dəfə yardım hazırlamışıq. Bu yardımları yuxarıda göstərilən kimi “Azeri Home Chef” təşkil etdiyi aksiyalarda iştirak etməklə həyata keçiririk. Belə ki, şirniyyat hazır olanda biz onu Fəxrəndə Həsənzadəyə və yaxud onun səlahiyyətli nümayəndəsinə təhvil veririk. Onlar isə onu lazımi ünvana çatdırırlar.

Həmin xanımlar xristiandırlar yoxsa müsəlman?

- Bu xanımların bəzisi xristian, bəzisi isə müsəlmandır.

Daha çox nələr bişirilir?

- Biz bir dəfə şorqoğalı, bir dəfə alma tartalet, bir dəfə pirojki və vatruşka bişirmişik. Əsgərlərimizin yanına gedən uşaqlarla söhbət edirik, bir-birimizin fikirlərini öyrənib nə bişirəcəyimizi müzakirə edirik.

Bu təşəbbüslə bağlı ictimaiyyətə verdiyiniz mesaj yüksək qiymətləndirildi.

- Bu təşəbbüsə görə sosial şəbəkələrdə vətəndaşlarımız bizə öz minnətdarlığını bildirdi. Belə ki, dinindən və millətindən asılı olmayaraq biz - Azərbaycan vətəndaşları həmişə birlikdə olmuşuq.

- Bu təşəbbüsə qoşulanlar varmı?

- Bizim bu təşəbbüsə Bakı şəhər Jen-Mironosits adına kafedral soborun və Rojdestva Boqoroditsı adına soborun din xadimləri də qoşularaq cəbhədə döyüşən əsgərlərimizə dəstək olublar. Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrın göstərişi ilə Bakı və Azərbaycan Yeparxiyası Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım fonduna isə 10 000 manat pul köçürülüb.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri