28 
Noy
2020
16:13
578
115
6959
Virtual karabakh

Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEO

28 Noy, 2020
16:13
6959

Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 30 ildə ilk dəfə olaraq azad edilmiş, lakin tamamilə viran olunmuş Füzuli şəhərinin xarabalıqlarında sülh və xeyirxahlığa səsləyən ecazkar musiqi səsləndi. Füzuli rayonunda bir vaxtlar Mədəniyyət Mərkəzi olan binanın dağıntıları yaxınlığında Azərbaycanın Dövlət Simli Kvartetinin birinci skripkası Ceyla Seyidovanın Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etdiyi barədə video dərhal populyarlıq qazandı.

Media.Az musiqiçi ilə azad edilmiş ərazilərə səfər təəssüratları barədə söhbət etdi.

C.Seyidova Füzuli bölgəsinə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə birlikdə getdiyini bildirdi. Onun sözlərinə görə, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət edib.

“Səfərin məqsədi beynəlxalq ictimaiyyəti ermənilərin Füzuli bölgəsinə vurduğu zərərin nəticələri ilə tanış etmək idi. Bu qədər yüksək şərəfə - Füzulidə çıxış edən ilk musiqiçi olmağıma görə çox şadam”, - deyə skripkaçı vurğulayıb.

İfa etmək üçün “Şindlerin siyahısı” filmindən bir kompozisiya, Fikrət Əmirovun “Bulaq başında” bəstəsini və Antonio Vivaldinin konsertinin üçüncü hissəsini seçən C.Seyidova musiqi ilə dünyaya hər şeyin yenidən bərpa ediləcəyi və buranın 30 il əvvəlki qaynar həyata dönəcəyi ismarıcını verdiklərini bildirib.

“Bu səyahət zamanı kədərdən sevinc hissinə qədər emosiyalarım aşıb-daşırdı. Füzulidə ətrafa baxmaqdan qorxurdum, çünki şəhərdə salamat bina qalmamışdı. İşğalçıların getdiyi hər yerdə dağıntılar və yandırılmış torpaq görünürdü”, - deyə ifaçı təəsüratlarını bölüşdü.

O, torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar Ali Baş Komandan, Prezident İlham Əliyevə, həmçinin hərbçilərə dərin minnətdarlığını bildirib, şəhidlərin yaxınlarına başsağlığı verdi.

“Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməyin xəyalını qururam, amma bu dəfə dahi bəstəkarlarımızın musiqisinin səslənəcəyi yeni inşa edilmiş konsert məkanında”, - deyə o, vurğuladı.

Müsahib bunun tezliklə baş verəcəyinə əminliyini bildirdi.

“Tamaşaçılar musiqi vasitəsilə ötürdüyüm bütün ağrıları duydu və hiss etdi. Onların gözlərində yaş var idi. Dağıntılar arasında sənət özlüyündə çox simvolikdir. Bu, sülhə və xeyirxahlığa bir mesaj, erkən bərpa simvolu, musiqinin burada səslənməyə davam edəcəyinə işarədir”, - deyə Ceyla Seyidova qeyd etdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri