30 
Noy
2020
12:18
447
17
5662
Virtual karabakh

Cəbhəyə könüllü gedən neyrocərrah: “Qazimiz amputasiyadan sonra da döyüşə can atırdı...” - MÜSAHİBƏ

30 Noy, 2020
12:18
5662

Cəbhəyə könüllü gedən neyrocərrah: “Qazimiz amputasiyadan sonra da döyüşə can atırdı...” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibənin ilk günlərindən azərbaycanlı tibb işçiləri yaralı əsgərləri xilas etmək üçün könüllü olaraq cəbhəyə yollanıblar.

Media.Az onlardan biri- neyrocərrah Nizami Məmmədovla söhbətləşib.

- Cəbhəçi həkim kimi işə nə vaxt başlamısınız?

- 2005-ci ildən Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında işləyirəm. Müharibənin ilk günlərindən aydın oldu ki, cəbhəyə neyrocərrahlar da lazımdır. Mən iki həmkarım- Azər Zeynalov və Şamil Tahirovla birlikdə tərəddüd etmədən könüllü kimi qeydiyyatdan keçdik. Tezliklə doktor Ş.Tahirov Füzuli bölgəsinə göndərildi, mən isə doktor A.Zeynalovla Naftalan şəhərindəki xəstəxanada işə başladım. 

- Sizin görəcəyiniz işlərə nə daxil idi?

- Mən həm neyrocərrah, həm travmatoloq, həm də ümumi cərrah kimi işləyirdim. Biz əlimizdən gələn hər şeyi edirdik, bundan başqa bütün həkimlər də bir-birinə kömək edirdilər.

- Ən çox nəyi xatırlayırsınız?

- Əsgər və zabitlərimizin döyüş ruhu məni heyrətləndirirdi. Bir yaralının ayağı amputasiya edildi. O, yaxşılaşanda ayağa qalxdı və divarlardan yapışaraq cəbhə bölgəsinə qayıtmaq istədiyini dedi. Elə hey deyirdi ki, yoldaşları ön cəbhədə qalıb. Ümumiyyətlə, xəstələrimiz nə zaman yaxşılaşacaqlarını daim soruşurdular, onların hamısı cəbhəyə geri dönmək istəyirdi. Ən təəccüblüsü bu idi. Yaralıların daşınmasına və onlara yemək verilməsinə kömək edən yerli mülki şəxslərə xüsusi təşəkkür edirəm.

- Qarşılaşmalı olduğunuz ən çətin hadisə hansı oldu?

- Bir dəfə başından güllə yarası almış bir əsgər gətirdilər. O, artıq nəfəs almırdı, ürəyi dayanmışdı. Biz ona ürək masajı etdik və təcili əməliyyata başladıq. Əsgərin praktiki olaraq heç bir şansı yox idi. Kəllə sümüyünü trepanasiyasını və baş beyini dekompressiya etmək lazım idi. Ancaq xəstəmiz möcüzəvi şəkildə xilas oldu və yaxşılaşdı. Onurğada çox sayda əməliyyat oldu, güllələr və qəlpələr çıxarılmalı idi.

- Bəs öz həyatınız üçün təhlükəli vəziyyət yaşamısınız?

- Bir dəfə xəstəxanamızın yaxınlığına mərmi düşdü. Xoşbəxtlikdən partlamadı. Başqa bir hadisə də olmuşdu. Əli cibində yaralı gəldi, sanki nəyisə saxlayırdı. Onu müayinə etdikdə məlum oldu ki, cibində halqası dartılmış vəziyyətdə olan əl qumbarası var. Onun geyimini qumbara qarışıq çıxarıb xəstəxananın həyətinə atdıq. Xoşbəxtlikdən partlamadı. Uca Tanrı hamımızı xilas etdi!

- Yaralıları müalicə etmək üçün Naftalandan kənara getməli olmusunuz?

- Əsasən Naftalanda olmağımıza baxmayaraq, ehtiyac duyulduğunda digər xəstəxanalara və səhra xəstəxanalarına gedirdik. Dayanmadan çalışırdıq. Hətta qəlyanaltı etməyə belə vaxt olmurdu, hələ yatmağı demirəm.

Məsələn, Bərdəyə bomba atıldığı bilinəndə dərhal ora getdik. Çatan kimi elə qəbul şöbəsində yaraları təmizləməyə, tikiş qoymağa və sarımağa başladıq. Bərdədə əsasən travmatoloqlara kömək edirdim. Xəstəxanadakı ajiotaj işi çətinləşdirirdi. Hər xəstənin yanında 3-4 qohumu olurdu. Səs-küy çox olurdu. Tibbi yardıma ehtiyacı olmayanları çıxarmaq üçün polisləri çağırmalı olurduq.

- Hazırda nə işlə məşğulsunuz?

- Döyüş əməliyyatları bitdikdən sonra Bakıya qayıtdım, cəbhə bölgəsindəki xəstəxanalardan bizə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülən yaralıların müalicəsinə davam edirəm.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri