Dek
2020
12:26
277
17
3671
Virtual karabakh

Doğulduğu torpaqda şəhid olan kapitanın atası: “İndi tək istəyim rayona gedib, orada ölməkdir” - VİDEO

2 Dek, 2020
12:26
3671

Doğulduğu torpaqda şəhid olan kapitanın atası: “İndi tək istəyim rayona gedib, orada ölməkdir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid Ruhin Xəlilov Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. Altı yaşında tərk edib isti ocağını. Məktəbi əla qiymətlərlə başa vurub, hüquqşünaslıq ixtisasına yiyələnib.  Pillə-pillə yüksəlib iş həyatında. Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb 10 ilə yaxın müddətdə.

Ruhin nağıl kimi bir ömür bəxş edib ailəsinə, amma nağılın sonu hüznlü oldu.  Kapitan sevdiyi qadını, üç uşağını, yaşlı ata-anasını, rahat işini soyuq səngərə dəyişib. Sanki ürəyinə damıbmış.  33 illik həyatına sığdırıb bütün arzularını. Vətən Müharibəsi başlayanda cəbhəyə yollanıb. Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhidin bacısı Gülnar Xəlilova deyir ki, o, Tovuz hadisələri vaxtı cəbhəyə könüllü yazılıbmış:

“Bizim ondan xəbərimiz olmayıb. Sentyabrın 27-si qeydiyyatdan keçib. Oktyabrın 1-i də getdi. Gedəndən sonra çox danışa bilmirdim. Bircə öz rayonumuzda olanda mənə yazdı ki, buradayam. Sizi buraya gəzməyə gətirəcəyəm”.

Ruhin Xəlilovun atası Müzəffər Xəlilov bildirir ki, o, qəhrəman oğul böyüdüb:

“Mənim qəhrəman oğlum var. Mənim anam da 1993-cü il də rayondan çıxanda şəhid olub. İndi tək istəyim rayona gedib orada ölməkdir”.

Bir qız övladı üçün atası onun ilk sevgisi, güvənc yeri, dayağı, isti qucağıdır.  Qönçə yeddi yaşındadır. Amma nə fərqi var, atasının yoxluğu, həsrəti onun gözlərindən oxunur. Hiss edir... Bir daha onu əzizləməyəcək, qoxusunu içinə çəkməyəcək..

Şəhid həyat yoldaşı Günel Xəlilovaya qələbəyə əminliyindən söz açırmış:

“Deyirdi, Günel, inşallah, qələbə bizim olacaq. Qayıdacağam, sizi buraya ekskursiyaya gətirəcəyəm. Mən indi yaşayıramsa, bu uşaqların sayəsində yaşayıram. Altı yaşlı uşaq mənə dedi ki, ana, biz atamızla qürur duyuruq.

Atamız bizim fəxrimizdir. Mənə dedi, ana, bir üzün ata olacaq, bir üzün ana. O sözdən sonra mən necə yaşamaqdan imtina edim?! Dedim, yaşamaq lazımdır, özü də başı dik”.

Daha ətraflı AZTV-nin videoreportajında:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri