12 
Yan
2021
14:45
236
101
2208
Virtual karabakh

Azərbaycan, Rusiya və Ermənistan arasındakı bəyanat regionda nəyi dəyişəcək? - ŞƏRH

12 Yan, 2021
14:45
2208

Azərbaycan, Rusiya və Ermənistan arasındakı bəyanat regionda nəyi dəyişəcək? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Bəyanat regionda tamamilə yeni vəziyyətin yaranmasına - nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib”. 

Regional kommunikasiyaların açılması perspektivinə münasibət bildirən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib ki, Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb:

“Kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək. Məsələn, qravitasiya modelinə əsasən kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər.

Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq”.

Onun sözlərinə görə, Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada bilər:

“Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı üçün təxmini 434 milyon ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Türkiyədə Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır.

Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi İrəvanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq. Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməlidir. Çünki çətin coğrafi şəraitdə Ermənistan-İran dəmir yol layihəsinin tikintisi üçün 2-3 milyard ABŞ dolları vəsait yatırmağa heç bir investor razı deyil. Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran və Oman körfəzinə, eləcə də Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır”.

Mərkəzin rəhbəri hesab edir ki, Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması, nəqliyyat xərclərinin azalması, ətraf mühitə təsirlərin azaldılması, xarici ticarət imkanlarının artması, turizmin və sərnişin dövriyyəsinin yüksəlməsi və regiona sərmayə cəlbi baxımından əhəmiyyətlidir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri