19 
Yan
2021
09:18
102
9
1593
Virtual karabakh

Soydaşlarımızın Qanlı Yanvar harayı

1989-cu ilin yanvarında Azərbaycan Gənclər Təşkilatının nümayəndə heyəti ilə Almaniyanın Köln şəhərində səfərdə idik. Hər yerdə bizi mehriban qarşılayan almanlar sovet adamlarına qarşı davranışlarında son dərəcə diqqətli idilər.

İkinci Dünya savaşında bizə məğlub olan almanların azad, firavan həyatı, hər yerdə səliqə-səhman sovet mətbuatında Qərbi Almaniya ilə bağlı aparılan təbliğatdan tam fərqlənirdi.

Oxuduqlarımızla gördüklərimiz arasındakı təzaddan heyrətlənməmək mümkün deyildi. Deyəsən bunu bizi müşayiət edən almanlar da hiss etmişdi, ona görə də hər istəyimizi canla-başla yerinə yetirirdilər. Hətta Kölndə olarkən məscidi ziyarət etmək xahişimizi də yerə salmadılar. Məscidlə tanışlıq zamanı Qərbi Almaniyada yaşayan türklərlə ünsiyyət yadda qalan oldu. Dili bir, dini bir qardaşlarımızla dərdləşmək, müzakirə aparmaq nümayəndə heyətinin hər bir üzvü üçün maraqlı idi. Özümüz də bilmədən Alman-Azərbaycan mədəni əlaqələrinin gələcək bünövrəsini qoyurduq. Yerli türklərdən biri Azərbaycandan gəldiyimizi eşidincə təkidlə bizi Karolinger küçəsində yerləşən “Azərbaycan Kafesi”nə dəvət etdi. Uzaq Almaniyada, Köln şəhərində Azərbaycanla bağlı məkan görmək hər birimiz üçün gözlənilməz oldu. Bu mənzərədən hamımız kövrəlmişdik.  

Söhbət və ətraflı tanışlıq zamanı məlum oldu ki, Türkiyənin Qars və İqdır şəhərlərindən qürbət məmləklətə üz tutan Azərbaycan kökənli insanlar tez-tez bu məkana toplaşır, söhbətləşir, tarixi dədə-baba yurdlarında baş verənləri müzakirə edirlər. Səmimi ünsiyyətdən sonra gördük ki, soydaşlarımız da Qarabağda ermənilərin başladığı təhlükəli oyunudan narahatdırlar, Azərbaycanın müstəqillik uğurunda apardığı mücadilənin qələbə ilə başa çatacağına əmindirlər.

Kölndəki “Azərbaycan Kafesi”ndə unudulmaz görüşdə iştirak edənlərdən heç birinin ağlına gəlməzdi ki, cəmi 1 il sonra sovet ordusu Bakıda dəhşətli qətliam törədəcək, Azərbaycan “20 Yanvar” faciəsi yaşayacaq...

Zəngin təəssüratla qayıtdığımız Almaniya səfərindən dönəndən sonra da orada yeni qazandğımız dostlarla əlaqə saxlayırdıq. 1990-ci ilin ilk günlərində aldığımız bir xəbər isə bizi yaxşı mənada təəccübləndirdi, məlum oldu ki, dr. Həsən Gərəvinin təşkilatçılığı ilə əslən Cənubi Azərbaycandan olan həkim soydaşlarımız Qarabağda baş verən hadisələrdən dolayı narahatlıq ifadə edən məktubu BMT-nin Baş katibi Havyer Peres de Kuelyara, ABŞ prezidenti ata Corc Buşa, Almaniyanın Xarici işlər naziri Genşerə göndəriblər və bu barədə Bakıdakı “Vətən” Cəmiyyətini də məlumatlandırıblar.

Qanlı Yanvar faciəsindən sonra dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniyada yaşayan soydaşlarımız etiraz aksiyaları keçirirdilər. Belə tədbirlərdən biri 1990-cı il yanvarın 27-də Bonn şəhərində Badqodesbergdə, SSRİ səfirliyi önündə reallaşıb. Aksiya iştirakçıları Bonn-Brüssel marşurutu üzrə yürüş təşkil edərək “Yenidənqurma” adı altında qanlı hadisə törədən Mixail Qorbaçova etirazlarını bildirib, Azərbaycandakı qardaşları ilə həmrəy olduqlarını nümayiş etdiriblər. Dr.Ağabəy Azərbaycanının həmin aksiyada çıxışı böyük maraqla qarşılanmışdı. 

Münhendə uzun müddət Azadlıq Radiosunda çalışmış Məcid Musazadənin 20 Yanvar faciəsindən bir neçə gün sonra Türkiyə Prezidenti Turqut Özala və BMT-nin Baş katibi Havyer Peres de Kuelyaraya “Azərbaycan Milli Birliyi” Cəmiyyəti adından ünvanladığı etiraz məktubları Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq üçün atılan mühüm addımlardan idi. 

Türkiyədə Azərbaycan Kültür Dərnəyinin fəallarından sayılan dəyərli soydaşımız Nihat Çətinkayanın İstanbulda Bakı ilə həmrəylik yürüşü təşkil etməsi də həmin günlər üçün asan məsələ sayılmırdı.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Bakıda törədilən vəhşiliyə etirazlarını bildirir, 20 Yanvar faciəsinin şəhidləri və şahidlərinə mənəvi dəstək nümayiş etdirirdilər. Belə bir ağır zamanda görkəmli siyasi xadim Heydər Əliyevin repressiyadan və həbsdən qorxmayaraq ailə üzvləri ilə birgə Moskvada keçirdiyi mətbuat konfransı, tədbirdə xalqımıza qarşı vəhşiliyi sifariş verən Qorbaçovun ünvanına sərt açıqlamalar səsləndirməsi xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən müsbət qarşılandı. Heydər Əliyevin bu qətiyyətli addımından sonra soydaşlarımız daha mütəşəkkil formada etiraz aksiyaları keçirməyə başladılar. Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində səsləndirdiyi kəskin fikirlər həmin günlərdə Qərb mətbuatının gündəmindən düşmədi.

Sovet ordusunun vəhşiliyi ilə üzləşən xalqımızın haqq səsinin dünyaya çatdırılmasında  Azadlıq Radiosunun Münhen bürosunun əməkdaşı Mirzə Xəzərin də əməyi danılmazdır. Mirzə Xəzərin həmin günlər Xalq şairi Bəxtiyar Vahabzadə və digər nüfuzlu ziyalılarımızla canlı bağlantı yaratması Bakıda və ayrı-ayrı şəhərlərdə baş verən qırğın haqqında ətraflı, obyektiv mənzərə yarada bildi.

Azərbaycana qarşı törədilən vəhşiliyin beynəlxalq aləmə çatdırılması istiqamətində böyük əziyyəti olan şəxslərdən biri də görkəmli ziyalımız, həmin vaxt UNESCO-da çalışan təcrübəli diplomat Ramiz Abutalıbovdur. Ramiz bəy bir Azərbaycan sevdalısı kimi Parisdə, eləcə də  Fransanın müxtəlif şəhərlərində səsimizi, haqlı mövqeyimizi böyük səylə və yorulmaq bilmədən fransız ictimaiyyətinə çatdırırdı. Ramiz Abutalıbovun köməyi ilə yazıçı Çingiz Abdullayevin, şair Nəriman Həsənzadənin həmin günlər Fransa mətbuatında və televiziyasında çıxışları yayıldı.

Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan 20 Yanvar hadisələrinin növbəti ildönümü ərəfəsində şəhidlərimizi bir daha böyük ehtiramla anır, həmin günlərdə səsimizin dünyada eşidilməsi üçün mücadilə aparan Xalis Tezel, Behruz Kusişi, Məhərrəm Akyol, Yunus Gözəldərə, Məhəmməd Küzakənani, Orxan Aras, Orxan Özişıq və diaspor fəalları olan soydaşlarımıza minnətdarlıq ifadə edirik.

Alman –Azərbaycan Cəmiyyətinin sədri,

professor Çingiz Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri