Fev
2021
17:18
38
248
2405
Virtual karabakh

COVID-19-la mübarizədə dünyaya nümunə olan “Azərbaycan modeli” - ŞƏRH

3 Fev, 2021
17:18
2405

COVID-19-la mübarizədə dünyaya nümunə olan “Azərbaycan modeli” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində tədbirlər görülüb. Ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində koronavirusa yoluxma sayına nəzarət edildi.

Azərbaycanda pandemiya ilə mübarizədə mövcud laboratoriyaların sayı artırılaraq 42-yə çatdırıldı.

Bununla yanaşı bu gün dünya ölkələrində koronavirusla mübarizə çərçivəsində müxtəlif tədbirlər görülür. Son günlərdə ən önəmli məqam isə virusa qarşı vaksinlərin hazırlanmasıdır.
Artıq insan orqanizminə təhlükəsiz olan, müvafiq sınaqlardan keçən vaksin artıq bir çox ölkələr tərəfindən sifariş olunub.  

Azərbaycan da əhalisinin sağlamlığının müdafiəsi istiqamətində  koronavirusa qarşı vaksin sifariş verən ilk ölkələr sırasındadır. Elə bu səbəbdən Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkələrdən biri elə Azərbaycan oldu.

Əbəs yerə deyil ki, ölkə başçısı İlham Əliyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. İlham Əliyev öz çıxışları zamanı bütün ölkələri bu bəlaya qarşı mübarizədə həmrəyliyə çağıraraq, ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib.

Bunun nəticəsidir ki, vətəndaşların dövlətə etibarı və inamı günbəgün artır. Ölkədə iki ay əvvəl koronavirusa gündəlik yoluxma sayına nəzər salsaq görərik ki, bu gün yoluxma dinamikası əsaslı dərəcədə aşağı düşüb.

Bu azalma isə insanların görülən tədbirlərin zəruriliyini anlaması və sərt qaydaları anlayışla qarşılamasının nəticəsidir. Əvvəlki dövrlə müqayisədə əhali arasında karantin qaydalarının pozanların sayı da azalıb. Hər kəs bir nəfər kimi öz üzərinə düşən məsuliyyəti dərk edir və dövlətin onların sağlamlığı üçün atdığı addımları dəstəkləyirlər.

Pandemiya ilə mübarizədən danışarkən həkimləri, tibb işçilərini unutmaq olmaz. Həkimlər də ölkədə aparılan qabaqlayıcı tədbirlərin nəticəsini gördüklərini deyirlər.

Mövzu ilə əlaqədar pandemiya dövründə öz xidmətləri ilə seçilən, gənc infeksionist Nicat Əzimli fikirlərini bölüşüb.

Oxu.Az-a açıqlama verən infeksionist bildirib ki, ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlər öz müsbət nəticəsini verir:

“Həqiqətən də bu məsələ digər dövlətlərdən fərqli olaraq Azərbaycanda xüsusi diqqətdə saxlanılır. Koronavirusa yoluxma sayında kəskin artımlar müşahidə edilən dövrdə ölkə rəhbərliyinin sərt karantin rejimini tətbiq etməsi yoluxma sayında azalmalara gətirib çıxardı. Bəzən əhali bundan narazılıq etsə də, nəticə onu göstərdi ki, bu addımlar yalnız müsbət nəticələr gətirdi”.

N.Əzimli onu da əlavə edib ki, pandemiyadan tamamilə qurtulmağın tək yolu vaksindir:

“Bildiyiniz ki, pandemiya başlayan ilk gündən qabaqlayıcı tədbirlər görən ölkə rəhbərliyi COVİD-19-a qarşı vaksin tapılanda da ilk tədbirləri görən ölkələrdən biri oldu. Artıq Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Ən optimal çıxış yollarından biri və qalıcı effekt bu vaksinasiyanın tətbiqi ilə olacaq. Vaksinasiya prosesi mükəmməl şəkildə təşkil olunur və düşünürəm ki, hər kəs bu prosesdə iştirak etməlidir.

İlk olaraq tibb işçiləri, risk qrupunda olan şəxslərin, xəstələrlə yaxın təmasda olanların, yuxarı yaş qrupunda olan və xroniki xəstəliyi olan şəxslərin vaksinasiyasına önəm verilməsi də vacib məqamdır. Düşünürəm ki, bütün bunlar yaxın zamanda COVID-19 bəlasından qurtulmağımıza kömək edəcək”. 

Lakin onu da qeyd etmək lazımdır ki, dünyada elə bir vaksin yoxdur ki, virusa qarşı 100 faizlik nəticə versin. Bütün bunlarla bağlı kompleks tədbirlərlə həyata keçirilməlidir. Əbəs yerə deyil ki, koronavirusla mübarizədə “Azərbaycan modeli”nin mahiyyəti beynəlxalq təşkilatlar tərəfindən xüsusilə vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizə çərçivəsində dəfələrlə müxtəlif ölkələrdə seminarlar keçirib, görülən tədbirlərin qiymətləndirilməsini aparıb. Bu istiqamətdə “Azərbaycan modeli” xüsusi olaraq vurğulanıb.

Azərbaycan irəli sürdüyü təşəbbüslərlə həm də Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil edərək, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. Belə ki, ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının toplanması diplomatik uğurumuz olmaqla yanaşı, ölkəmizin artıq dünya liderləri sırasında yer aldığını göstərmiş oldu.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən məqamlardan biri Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsidir. Rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü bir çox təkliflər dünya ölkələri tərəfindən dəstəklənib, hətta meyar rolunu oynayıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev öz müsahibəsində vaksinasiya prosesindəki ədalətsizliyə dair bir sıra faktları ortaya qoyaraq real mənzərəni ifadə edib:

"Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir".

Ölkə başçısı, eyni zamanda ədalətsiz vaksin bölgüsü ilə bağlı konkret misallar səsləndirib:

"Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?".

Fikirləri şərh etməyə ehtiyac belə yoxdur, çünki irəli sürülən faktlar vətəndaşın, əhalinin haqlarını ortaya qoyur. Səhiyyə sistemi geridə qalan ölkələrin əhalisinin sağlamlığı düşünülməməlidir? Bu mənada Prezidentin dünyada cərəyan edən arzuolunmaz proseslərə dair səsləndirdiyi “neomüstəmləkəçilik dövrü” fikri günün reallığını əks etdirir. Bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı ölkələrin daha sıx birləşməsi, bir-birinə dəstək olması gözlənilən zamanda inkişaf etmiş dövlətlərin yeni müstəmləkə təfəkkürü ilə yanaşması dünyada hələ də mərhəmətdən məhrum olanların varlığına, ədalətin iə hələ də bərqərar olmadığına işarədir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri