Fev
2021
18:03
517
24
2807
Virtual karabakh

Şəhid ailələrinin ümid yeri, qaziləri yenidən yaşadan “YAŞAT” Fondundan FOTOREPORTAJ

5 Fev, 2021
18:03
2807

Şəhid ailələrinin ümid yeri, qaziləri yenidən yaşadan “YAŞAT” Fondundan FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsində iştirak edən ağır fiziki travma alan qazilərin reabilitasiyası üçün tədbirlər görülür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndimək məqsədilə “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha altı ədəd RGO tipli ortopedik reabilitasiya cihazı ölkəmizə gətirilib.

Sözügedən RGO cihazı vasitəsilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, cihaz artıq qazilərin ixtiyarına verilib:

“Qazilərin ən qısa zamanda sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni edirik. Tibb işçiləri tərəfindən hər bir qaziyə diqqətlə yanaşılır. İlkin mərhələdə həkimlər tərəfindən qoyulan diaqnozlara əsasən, altı qazimizin RGO tipli ortopedik reabilitasiya cihazı vasitəsilə müalicəsinə ehtiyac olduğu bildirilmişdi. Fondun vəsaiti hesabına bu cihazdan altı ədəd gətirilib. Cihazlardan biri daha əvvəl alınmışdı. Həkimlərlə mütəmadi olaraq əlaqə saxlanılır, qazilərin vəziyyəti dəyərləndirilir. Hansı cihazlara ehtiyac varsa, qeyd götürülür. Əgər həmin cihazlar ölkə daxilindədirsə, alınır. Yox əgər ölkə xaricindədirsə, zəruri sayda sifariş verilir və qısa zamanda gətirilməsi təmin olunur”.

Reabilitasiya otağında həkim müşayiəti ilə eyni anda beş qazinin müalicə prosesi həyata keçirilir. Qazilərin reabilitasiyasında yaxından iştirak edən həkim reabilitoloq-mütəxəssis Nuruzadə Gülnarə üç aydır bu prosesin davam etdiyini bildirib.

32 illik iş təcrübəsi olan həkim mütəxəssis İsveçrədən gətirilən cihazın qazilərin reabilitasiya prosesi zamanı bir il ərzində əldə oluna biləcək nəticələri beş aya nail olunmasına imkan verdiyini deyib.

G.Nuruzadə qazilərimizin hər birinin reabilitasiya prosesindən keçməli olduğunu qeyd edib:

“Onlar arasında yeriyə bilməyən, oturaq halda olanlar var. Eləcə də bazu sümüyündən, çiynindən əməliyyat keçirənlərin də sayı az deyil. Onların hər biri burada reabilitasiya prosesinə cəlb olunublar. Daha ağır vəziyyətdə olan, məsələn kəllə trepanasiyası (kəllə sümüyünün yarısının çıxarılması - red.) keçirən qazilərimiz var ki, onların sağlamlıqlarının bərpası üçün zaman lazımdır.

Daha sonra qəlbə yarası alan qazilərimiz var ki, sinirlərin zədələnməsi səbəbindən müəyyən çətinliklər yaşayırlar. Onlara əl-ayaq gimnastikasının xüsusi texnikaları vasitəsilə idmanlar tətbiq edilir. Bu prosedurla paralel olaraq dərman seçimləri də önəmlidir. Bu gün biz çox çətin vəziyyətdə olan qazilərimizə dəstək olaraq qısa zamanda onların sağlamlığında kifayət qədər irəliləyişin yaranmasına nail ola bildik”.

Həkimin sözlərinə görə, elə xəstələr var ki, bu cihazlar alınana qədər artıq yeriməyə, addım atmağa başlayıb:

“Elə qazilərimiz var ki, snayper gülləsi ilə yaralanıb. Sinirləri çox ağır vəziyyətdə idi, əksəriyyəti bel nahiyyəsindən əməliyyatlar keçirirdilər. Amma buna baxmayaraq, neçəsi demək olar ki, cihazlardan öncə yeriməyə başlayıb.

Reabilitasiya cihazlarından istifadə və müddət isə hər qazi üçün fərqlidir. Bu, individual prosesdir. Həm qazilərin vəziyyətinin ağırlıq dərəcəsindən, həm də orqanizmin reabilitasiyaya cavab vermə tezliyindən asılı olaraq müddət dəyişir. Bu cihazlar onların yeriməsinə 50 faiz dəstək olacaq. Amma elə hal ola bilər ki, 100 faizlik nəticə də əldə oluna bilər. Arzumuz budur ki, hər bir qazimizin yenidən ayağa qalxıb, sərbəst yeriməsinə nail olaq”.

Qazilər müalicə prosesinin nəticələrindən razılıq etdiklərini deyiblər. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən və yaralanan əslən İmişlidən olan qazi Əmirli Nicat Vahid oğlu bir neçə gündür reabilitasiya proseslərinə cəlb olunduğunu deyir:

“İkinci Qarabağ müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən zaman yaralandım. Yaxınlığıma düşmən tərəfindən atılan minaatan mərmisi düşdü. Başım və sol ayağımdan ağır yaralandım, eləcə də müxtəlif nahiyyələrdən qəlbə yaraları aldım. Bundan əvvəl dörd ay Tədris Cərrahiyyə Klinikasında müalicə almışam. Reabilitasiya prosesi ilə qısa zamanda ayağa qalxacağıma inanıram”.

Sonda jurnalistlərin suallarını cavablandıran “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov qeyd edib ki, bütün şəhid ailələrinin və qazilərin ailələri ilə görüş keçirilib:

“Bu günə qədər Fondun fəaliyyəti çərçivəsində şəhid ailələri ilə görüş keçirilib, qazilərimizin vəziyyətləri ilə maraqlanılıb. Müvafiq tədbirlər görülüb. Elə bir şey ola bilməz ki, hansısa şəhid ailəsi diqqətdənkənar qalsın. Son günlər şəhid olduğuna dair məlumatlar təsdiqlənən şəxslərin ailələri ilə yaxın zamanda görüşüləcək. Onların da vəziyyəti ilə maraqlanacağıq və zəruri dəstək göstərəcəyik”.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Könül Cəfərli
Foto: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri