25 
Fev
2021
12:00
243
42
1948
Virtual karabakh

Qarla söhbət: Dağlara yağ, Arana yağ, amma Bakıya yağma

25 Fev, 2021
12:00
1948

Qarla söhbət: Dağlara yağ, Arana yağ, amma Bakıya yağma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlkin Əhməd yazır

Uşaqlıqda sevindiyim o qədər şeyə indi sevinə bilmirəm ki... 

Daha doğrusu, kommunal xidmətləri göstərən qurumlar sevincimi qursağımda qoyur. Götürək yağan qarı. Şəxsən mən o qarı həqiqətən də götürdüm və sual verdim ki, yağmağa yer tapmadın? 

Məsələn, dağlara yağ, Arana yağ, amma Bakıya yağma. Yalvarıram, yağma! Axı sən yağanda 5-10 uşaq sevinirsə, minlərlə insan başını tutub, ah çəkir. 10-15 nəfər selfi çəkdirəndə, minlərlə insan əziyyət çəkir! Sanki göydən qar yox, dərd yağır. Dərdimiz az idi, biri yox, mini artdı... 

Ay qar, sənin üçün burnunun ucu göynəyənlər var, amma sən elə yerə yağmısan ki, qaz və işıq yoxdur deyə evimizin içində burnumuz donur. Burnumuzdan qabaq su borularımız donub. Hər şeyi burnumuzdan gətirdin! Əslində günah metereoloqlardadır: 1 həftə qabaq deyiblər qarın yağacağını. Gərək azı 1 il qabaq deyəsən... Çünki bu problemləri 1 həftəyə aradan qaldıra bilməzsən, azı 1 il lazımdır! Dövlət qurumlarının açıqlamasında maraqlı məqamlar var. Məsələn, qar yağmazdan bir gün qabaq “Azərsu” bəyan etdi ki, borularınızı isti-isti qucaqlayın ki, donmasın. 

Uzun sözün qısası, öz başınıza özünüz çarə qılın. “Azərişıq” isə açıqlama yaydı ki, biz hazırıq, problemin “dux”u çatırsa, bizim məmləkətə gəlsin, onun işığını söndürərik. Nə hacətdirsə, qar yerə düşər-düşməz, bir çox ərazidə işıq söndü, su isə gəlir... Yəqin, möcüzələrə inanmayanlar artıq inadından dönər...

Qazla bağlı da xeyli problem var idi. Əraziləri adbaad yazmağa ehtiyac yoxdur, lakin ehtiyac yaranarsa, bir-bir deyə bilərəm. Hər şey bir kənara, qurumların sözçülərinin yersiz açıqlamaları sanki adamı qaza gətirir. 

Deməli, Nərimanov rayonu ərazisində bir vətəndaş su borusunu qaz xəttinə qoşub. Təbii ki, mən bunu təqdir etmirəm. Ən azı ona görə ki, həmin vətəndaşa görə bir binanın sakinləri qazsız qalıb. Amma maraqlısı budur ki, “Azəriqaz” bu hadisəni fevralın 22-dən (yəni hələ qara yağmamış) əlində “al bayraq” edib. Sanki ölkə üzrə qaz təchizatındakı bütün problemlərin səbəbkarı bu vətəndaş imiş. Yaxşı ki, onu kameralar qarşısında üzr istəməyə məcbur etməyiblər... 

Yazını qələmə alanda təxminən 13 il öncəyə getdim. İlk TV reportajım Xırdalanda qaz problemi ilə bağlı idi. Belə bir anons yazmışdım: “Xırdalanın “Quşçuluq” yaşayış massivində qaz yoxdur! Söhbət quşdan yox, təbii ehtiyatdan gedir”. İnsaf naminə deyim ki, ilk qar dənəsi yerə düşəndən bəri qazımız sönməyib... 

Sizə bir məsləhət verim. Kefiniz olmayanda Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasını oxuyun. İlk dəfə oxuyanda elə bildim ki, Oxu.az-dakı həmkarlarım BŞİH ilə adı verdiyi proqnozdan uzun olan hidrometeoroloji qurumu səhv salıblar. Çünki bəyanatın 90 faizi hava proqnozu və onun normadan artıq olması ilə bağlıdır. Sona yaxın kiminsə yadına düşüb ki, axı biz yollarda görməli olduğumuz iş barədə heç nə yazmamışıq. Yəqin, işin özünü (hər mənada) görən olmayıb, ona görə də yazmayıb. 

Sonda yenə də üzümü qar müəllimə tuturam. Get, dəvə və fil olan yerlərə yağ. Burada dəvədən böyük fil, qardan böyük qarınqulu var. Və yaxud Qəbələyə yağ, amma Qələbə dairəsinə yağma! Bakıya qar yaraşmır... Selfi çəkdirmək istəyənlər, zəhmət çəksin, Şahdağa getsin! 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri