26 
Fev
2021
11:36
127
7
441
Virtual karabakh

Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO

Bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olmuş Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Hər il olduğu kimi, cari ildə də gənclər təşkilatlarının timsalında Azərbaycan gəncliyi Xocalı soyqırımının həm yerli, həm də beynəlxalq səviyyədə geniş təbliğini əsas missiya olaraq hədəfləyib.

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş ilkin tədbirlərdən biri olaraq NAYORA-nın təşəbbüsü ilə videoçarx hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Qısametrajlı videoçarxda Xocalı qətliamını əks etdirən kadrlar virtual reallıq (VR) eynəyi vasitəsilə xarici ölkələrin vətəndaşları olan gənclərə nümayiş olunub və iştirakçılar virtual şəkildə o gecəyə şahid olaraq sonda Xocalı qətliamı haqqında öz fikirlərini bölüşüblər. Videoçarxın hazırlanmasında əsas məqsəd digər ölkələrin diqqətini Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən soyqırımına yönəltməkdir. Videoçarx NAYORA-nın tərəfdaş olduğu xarici təşkilatlara göndərilib. Eyni zamanda Xocalı soyqırımı haqqında faktları əks etdirən ingilis dilində hazırlanmış posterlər sosial şəbəkələrdə xarici auditoriyanın diqqətinə çatdırılır.

Bununla yanaşı, NAYORA beynəlxalq təmsilçiliyin gücləndirilməsi üçün səylə çalışır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şanlı qələbəsindən sonra NAYORA üzvlüyündə olan gənclər təşkilatlarını beynəlxalq sferada fəal mübarizəyə çağırıb və bu istiqamətdə təşkilatların fəaliyyətlərinin inkişafı üçün əsaslı addımlar atıb. Bunlardan biri də 25 fevral tarixində “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin və gənclər təşkilatlarının rolunun artırılması” mövzusunda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla gənclər təşkilatlarının görüşünün təşkil edilməsi olub.

Görüşdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında gənclərin və gənclər təşkilatlarının düzgün təbliğat üsullarından istifadə etməsi, beynəlxalq təmsilçilikdə gənclərin və gənclər təşkilatlarının rolu kimi mövzular müzakirə olunub və Səməd Seyidov beynəlxalq təmsilçiliklə bağlı öz tövsiyələrini və təcrübələrini gənclərlə bölüşüb.

NAYORA Xocalı soyqırımının ölkə gəncləri arasında təbliği istiqamətində də addımlar atır. Gənclər təşkilatlarının təmsilçilərindən ibarət ictimai maarifləndirmə qrupları paytaxt və regionlarda fəaliyyət göstərərək Xocalı həqiqətlərini gənclərə çatdırır və bu istiqamətdə maarifləndirmə tədbirlərini həyata keçirir. 

Qeyd edək ki, gənclər təşkilatları üçün görüşlərin və maarifləndirmə işlərinin aparılmasında NAYORA-nın əsas məqsədi faktlara, beynəlxalq hüquq və normalara əsaslanan, vətənpərvər ruhlu, savadlı “Azərbaycan Gəncliyi Ordusu”nun yetişdirilməsində fəal iştirak etməkdir.

Tədbirlər çərçivəsində 26 fevral tarixində Xocalı soyqırımında qətlə yetirilmiş vətəndaşlarımızın ruhuna ehtiram rəmzi olaraq, eyni zamanda Azərbaycan gəncliyinin birliyini, qətiyyətini nümayiş etdirmək məqsədi ilə NAYORA-ya üzv təşkilatların “Ana harayı” abidəsinə yürüşü baş tutacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri