26 
Fev
2021
20:57
172
23
2331
Virtual karabakh

Emil Mirzəyev: “Ermənilərin azərbaycanlıların maşınlarını sındırdığı hallar da olub” - FOTO

26 Fev, 2021
20:57
2331

Emil Mirzəyev: “Ermənilərin azərbaycanlıların maşınlarını sındırdığı hallar da olub” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçdə yaşayan azərbaycanlılar ənənəvi olaraq Xocalı faciəsi qurbanlarının anım günü ərəfəsində müxtəlif tədbirlər keçirirlər.

Bu barədə Media.Az-a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib. O, həmçinin qurumun Avropa ölkəsindəki fəaliyyətindən və buradakı erməni diasporasının əməllərindən danışıb.

E.Mirzəyev bildirib ki, İsveç Azərbaycanlıları Konqresi üzvləri Reyxstaqın (yerli parlamentin) deputatları ilə görüşməyə başlayan ilk milli Avropa təşkilatlarından biridir.

“Hələ 2012-ci ildə, o zamankı fraksiya rəhbəri Məhəmməd Kaplanın dəstəyi sayəsində İsveç Reyxstaqında Xocalı soyqırımı məsələsi gündəmə gətirilib.

Soyqırımın 29-cu ildönümü ərəfəsində də diasporumuz iki tədbir planlaşdıraraq həyata keçirib. Onlardan birincisi fevralın 19-da onlayn formatda baş tutub. Tədbirdə İsveç Xarici İşlər Departamenti ilə yaxından əməkdaşlıq edən böyük etnik təşkilatlar iştirak edib. Tədbir zamanı azərbaycanlı tələbələr Xocalıda baş verənlərdən danışıblar.

İkinci tədbirimiz isə fevralın 23-də keçirilib. Fəallarımız böyük bir onlayn forumda iştirak ediblər. Tədbir çərçivəsində onlar Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı və ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs ediblər.

Bundan əlavə, Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu bannerlər Konqresimizin əsas ofisinin, eləcə də İsveçin müxtəlif şəhərlərindəki filiallarımızın qarşısında quraşdırılıb. Fəal üzvlərimiz yoldan ötənlərə faciə ilə bağlı tarixi faktların təqdim olunduğu bukletlər paylayıblar. Bir sözlə, bu istiqamətdə işlər çox intensiv aparılır”- deyə təşkilat sədri qeyd edib.

E.Mirzəyev məhz təşkilatın fəaliyyəti nəticəsində İsveçdə Azərbaycanın tanındığını və yerli cəmiyyətin Qarabağ həqiqətləri barədə məlumatlı olduğunu bildirib.  

“Əvvəllər isveçlilər Azərbaycanın harada olduğunu belə bilmirdilər. Təşkilatımızın fəaliyyəti sayəsində vəziyyət tədricən dəyişdi. Bu gün əlbəttə ki, onlar Qarabağ münaqişədən də xəbərdardırlar. Yeri gəlmişkən, Eurovision-2012 müsabiqəsinin Bakıda keçirilməsindən sonra Azərbaycan haqqında məlumatlı olanların sayı kəskin şəkildə artdı.

Bu gün bir çox siyasi partiya, dövlət qurumu İsveçdəki Azərbaycanlılar Konqresi ilə sıx təmasdadır, Azərbaycana hörmət və dəstək göstərir. Bu bizim üçün çox vacibdir, çünki hər zaman ermənilərin yalanlarına vaxtında cavab verə bilirik. Məsələn, erməni diasporu hər hansı bir dövlət qurumuna səhv məlumatlar əsasında, həqiqəti təhrif edərək məktub göndərirsə, bu sənədin bir nüsxəsi dərhal təşkilatımıza göndərilir”, - deyə diaspora rəhbəri qeyd edib.

E.Mirzəyev İsveçdəki erməni diasporasının əməllərindən də danışıb. O, bildirib ki, Skandinaviya ölkəsində bədnam qonşularımızın mövqeyi kifayət qədər güclüdür.

“Ermənilərin ən böyük qriqoryan kilsəsi İsveçdədir. Onlar artıq beşinci nəsildir ki, burada yaşayan assuriyalılarla yaxın dostdurlar. Assuriyalılar İsveç cəmiyyətinə çox sıx şəkildə inteqrasiya olan, yüksək vəzifələr tutan bir etnik qrupdur. Aralarında bir çox iri iş adamları da var. Əlbəttə ki, Qarabağ müharibəsi zamanı onlar erməniləri dəstəkləyirdilər. Bu səbəbdən də biz onlarla qarşı-qarşıya gəlməli olurduq.

Aramızda toqquşmalar da olub. Bu hallar əsasən aksiyalar zamanı baş verib, lakin dərhal yerli polis tərəfindən dayandırılıb. Ermənilərin azərbaycanlıların maşınlarını sındırdığı hallar da olub. Amma biz təxribata uymamağa çalışaraq, hər şeyi dinc yolla və ləyaqətlə həll etmişik”, - deyə Emil Mirzəyev bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri