Mar
2021
15:36
87
14
862
Virtual karabakh

Lənkəranda “Gənc fermer” layihəsi yekunlaşıb - FOTO

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Gənc fermer” layihəsi artıq yekunlaşıb.

Bağlanış mərasimində Milli Məclisin deputatları, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutu, “Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyi, Lənkəran Peşə liseyinin heyəti və layihə iştirakçıları iştirak ediblər.

RİİB-in dəstəyi, “Müasir gənclərin inkişafına dəstək” İctimai Birliyinin və Lənkəran Peşə liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Lənkəran rayonundan olan 10 gənc əvvəlcə nəzəri bilikləri əhatə edən onlayn və oflayn təlimlərdə iştirak edib, daha sonra isə praktiki təcrübə qazanıblar.

Layihənin icrası müddətində 7500-ə yaxın çay toxumu əkilib, 6200-ə yaxın çay tingi əldə edilib və onların satışı baş tutub. Bununla yanaşı layihənin davamlılığının təmin edilməsi üçün biznes model hazırlanıb. Layihə iştirakçılarının məşğulluğuna dəstək olmaq məqsədilə hazırlanmış biznes modelə əsasən, çay tinglərinin satışından əldə olunan vəsaitin 27 %-i iştirakçılara nağd şəkildə təqdim olunub. Satışdan əldə olunan məbləğin 73 %-i isə növbəti ildə layihənin davam etməsi üçün peşə məktəbinə təqdim olunub.

“Sosial layihələr” müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənc fermer” layihəsinin nəticəsində 4 nəfər iştirakçı öz həyətyanı sahəsində çay toxumlarının əkilməsinə başlayıb.

Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri