Mar
2021
16:33
24
236
5766
Virtual karabakh

Ağsaqqallar Şurasının sədri: “Beş ağbirçək yığışıb, bir təşkilat yaradıb” - MÜSAHİBƏ

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin Oxu.Az-a müsahibəsi:

- Ağsaqqallar Şurasının fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Şurada təşkilati məsələlər davam edir. Hazırda yerlərdə, rayonlarda seçkilər keçirilir. Biz öz nizamnaməmizi qəbul etmişik və rayonlar üçün də əsasnamələr hazırlamışıq, hamısı bir-bir qəbul olunur. Bundan əlavə, biz İdarə Heyətində 2021-2023-cü illər üçün iş planı hazırlamışıq. İşlərimizdə gecikmələr də var, səbəbi isə pandemiyadır.

- Ağsaqqallar Şurasının funksiyasına aydınlıq gətirmək lazımdır. Konkret hədəf və məqsədlər nədir?

- Azərbaycanda ağsaqqallara həmişə böyük hörmətlə yanaşılıb, onların sözü eşidilib. Belə bir məsəl var: “Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma”. Biz özümüzün də böyüdüyümüz atmosferdə, hətta kommunizm dövründə də ağsaqqallar, Ağsaqqallar Şurası var idi. Ağsaqqallar Şurası bu gün bütün türkdilli dövlətlərdə var və fəaliyyət göstərirlər. Biz ictimai əsaslarla işləyirik, yalnız Şuranın aparatında olan 5-6 nəfər əməkhaqqı alır. Əsas məqsədimizə gəlincə, bu, gəncləri düzgün istiqamətə yönəltməkdir. Vətən müharibəsində Azərbaycanın gəncləri şəhid oldu, qazi oldu. Bu gün milli ruh çox yüksək səviyyədədir, burada ağsaqqallıq institutunun da rolu böyükdür.

Sovet dövründə “vətən” deyərkən elə bilirdik ki, ancaq Moskva nəzərdə tutulur. Bu gün isə Vətən Azərbaycandır.

- Əvvəlki dövrlərlə müqayisədə Azərbaycanda ağsaqqallara etinasız, laqeyd münasibət olduğu haqqında iddialar var. Bu fikirlərlə razısınızmı?

- Gəlin, mənimlə Bakı kəndlərini gəzək, görün orada ağsaqqallara necə böyük hörmət var. Rayonlarda da vəziyyət eynidir. Ağsaqqallar Şurasının yerli təşkilatlarına sədr seçkiləri keçirilir, mən deyirəm ki, nüfuzu olan adamlar seçilməlidir. Daha “gör kimi seçdilər, nə nəsli bilinir, nə də kökü” deməsinlər. Biz artıq o dövrə gəlib çıxmışıq ki, bütün insanların, o cümlədən ağsaqqalların əsil-nəcabətinə baxırlar. Ağsaqqal düzgün qərar qəbul etməlidir, kiminsə qabağında əyilməməlidir, heç bir şəxsi maraq güdməməlidir. Ağsaqqalın marağı cavanların düzgün istiqamətlənməsinə yönəlməlidir.

- Eldar müəllim, boşanmaların səbəblərindən biri kimi ağsaqqallıq institutunun öz funksiyasını yerinə yetirə bilməməsini göstərə bilərikmi?

- Əvvəllər, məsələn, mən cavan olanda tək-tək ailələrdə boşanma olduğunu eşidirdik. Ata qızına deyirdi ki, səni ərə verirəm, oradan ölün çıxa bilər. Oğlana isə deyirdilər ki, ailən sənin qeyrətin, namusundur. İndi isə valideynlər gəncləri düzgün istiqamətləndirmirlər, nəticədə isə boşanmalar olur. Ağsaqqalın sözü keçməlidir.

Hər şey insanın tərbiyəsi və ağsaqqalın hörmətindən asılıdır. Biz uşaq olanda evdə deyirdilər ki, küçədə kimi gördün, salam verməlisən. “Qadın olanda başını aşağı sal, salam ver, kişi olanda adi qaydada salam ver” deyirdilər. Bu gün isə küçədən heç kim bir-birinə salam vermir. Mənim atamın dayısı evə gələndə, atam deyirdi ki, oğlum, qaç şapkanı gətir. Atam dayısının yanında şapkasız oturmazdı. Anam da evə ağsaqqal, ağbirçək adam gələndə gedib başına şal bağlayardı.

Təəssüflər olsun ki, biz Avropaya inteqrasiya edirik, amma mənəviyyatımızı itiririk. İndi uşaqlar televizorda, telefonda nələr görmürlər, nələr eşitmirlər? Sonra da gedirlər, narkotikə, siqaretə qurşanırlar. Bizə isə deyirdilər ki, siqaret, narkotik, qumar olmaz. Bu yaşıma gəlmişəm, bircə dəfə də siqaret çəkməmişəm. Ağsaqqallar cəmiyyətdə olmalıdır ki, gənclərin formalaşmasına yardım edək. Məqsədimiz odur ki, gənclərimiz savadlı, sağlam olsunlar, narkotikdən, zərərli vərdişlərdən uzaq dursunlar və gələcək nəsilləri sağlam şəkildə böyütsünlər.

- Ağbirçəklər Şurası ilə işgüzar əlaqələriniz var?

- Əslində, Ağbirçəklər Şurası yoxdur. Ağsaqqallar Şurası rəsmi qeydiyyatdan keçib. İndi beş ağbirçək yığışıb, bir təşkilat yaradıb. Ağsaqqallar Şurasında kifayət qədər nüfuzu olan qadınlar da təmsil olunur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri