Mar
2021
17:59
177
25
5950
Virtual karabakh

Ekspert DİM-i ittiham etdi: Qurumdan imtahan suallarının çətinliyi ilə bağlı iddialara CAVAB

3 Mar, 2021
17:59
5950

Ekspert DİM-i ittiham etdi: Qurumdan imtahan suallarının çətinliyi ilə bağlı iddialara CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 28-də Dövlət İmtahan Mərkəzi (DİM ) tərəfindən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib.

Abituriyentlər onlara təqdim olunan kitabçadakı sualların qeyri-adiliyinə təəccüb ediblər.

Məsələ barədə təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, DİM 2021/2022-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarının iki dəfə keçirməsində məqsəd qurumun daha çox kommersiya maraqlarına xidmət etməsidir:

“Çünki imtahan iştirakçılarının ikinci dəfə imtahanda iştirak etməsi onların daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Fevralın 28-də keçirilən imtahanda 20 minə yaxın şəxs iştirak edib ki, hər bir şəxs bunun üçün 50 manat ödəyib.

Nəticədə 1 milyon manata yaxın vəsait qurumun büdcəsinə daxil olub. Dünya təcrübəsi tələb edir ki, imtahanlarda pandemiyanın yaratdığı çətinliklər mütləq nəzərə alınmalıdır. Bir ildir ki, Azərbaycanda təhsilalanlar bu səbəbdən imtahanlara daha keyfiyyətli şəkildə hazırlaşa bilmirlər.

Eyni zamanda, zəfərlə başa çatan müharibə zamanı da internetin verilməsində məhdudiyyətin olması onlayn dərslərin keçirilməsinə təsir etdi. Tövsiyə edilirdi ki, hər iki vacib nüans nəzərə alınsın”.

Ekspert qeyd edib ki, keçirilən imtahanlarda müəyyən problemlər var idi:

“Birinci problem nəzərətçilərlə bağlı idi. Özləri tam şəkildə sual kitabçaları ilə işləmək qaydasını mənimsəmədiyi üçün onu imtahan iştirakçılarına izah etməyə çətinlik çəkiblər. Digər problem isə təqdim edilən test tapşırıqları ilə bağlı olub.

Təhlillər onu göstərir ki, hər hansı bir fundamental bilik yoxlanılmır. İmtahanda iştirak edən 20 minə yaxın şəxsin hamısı riyaziyyatçı deyil ki, testləri tam həll etsin. İmtahan iştirakçılarının öz ixtisasına uyğun məntiqi test tapşırıqları tərtib edilməlidir. Eyni zamanda, imtahanda təqdim edilən testlərdən birinin səhv tərtib edilməsi işə müəyyən qədər məsuliyyətsiz yanaşmanı özündə əks etdirir”.

“Suallar arasında quşun qanadlarının ölçüsü, yaxud da yerə düşmüş ağac yarpaqlarının təxmini sayı məsələsi hesab edirəm ki, DİM-in məntiqlə bağlı nəşr etdiyi test bankındakı sual nümunəsinə uyğun deyil. DİM bununla bağlı nümunə tipli sualları imtahan iştirakçılarına təqdim etməli idi. Bu onu göstərir ki, qurum test bankı çap etməklə yalnız öz kommersiya maraqlarına xidmət edir. DİM imtahan iştirakçılarını kurslara yönləndirir.

DİM ilə imtahanlarla bağlı əməkdaşlıq edən ekspertlərin hazırladıqları şagirdlər daha yaxşı nəticə göstərir. Bu düşünməyə bizi sövq edir ki, nə baş verir? DİM bu qədər çətin suallarla imtahan keçirir ki, iştirakçılar aşağı nəticə göstərsinlər və ikinci şansa qatılsınlar. Fikrimcə, bu təhsil alanların hüquqlarının tapdalanmasıdır”, - deyə, K.Əsədov əlavə edib.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi açıqlama verib.

DİM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci ilin 28 fevralında keçirilmiş qəbul imtahanında bakalavrlara təqdim olunmuş bəzi test tapşırıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub:

“DİM Mərkəzinin ekspertləri tərəfindən həmin tapşırıqlar yenidən araşdırılıb və onlarda heç bir elmi metodik qüsur aşkar edilməyib. Ağacın yarpaqları ilə bağlı test tapşırığının məzmunu isə sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib.

Xatırladaq ki, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı test tapşırıqları ilə bakalavrların praktiki riyazi təfəkkürünün inkişaf səviyyəsi, ədədlər arasındakı qanunauyğunluğu aşkaretmə qabiliyyətləri, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə və digər bacarıqları yoxlanılır.

Dünya praktikasında olduğu kimi, DİM-in istifadə etdiyi test tapşırıqları da cəmiyyət həyatının müxtəlif sahələri, təbiət hadisələri, canlı aləm, insan və onu əhatə edən ətraf mühit və digər mövzular əsasında qurula bilər və burada qeyri-adi heç bir şey yoxdur”.

“Məlum olduğu kimi, məntiqi təfəkkürü yoxlayan testlərdən maksimal olaraq 50 bal toplamaq mümkündür. Bu imtahanda 4 nəfər məntiq üzrə təqdim olunan bütün suallara düzgün cavab verib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstərici 26.96-ya bərabər olub). Bakalavrların nəticələrinin qənaətbəxş olduğunu söyləyə bilərik”, - deyə qurum əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri