22 
Mar
2021
11:35
236
16
4758
Virtual karabakh

Azad edilmiş ərazilərdəki su ehtiyatları hansı vəziyyətdədir? - MÜSAHİBƏ + FOTO

BMT-nin Baş Assambleyasının 22 fevral 1993-cü il 47/193 nömrəli qətnaməsinə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan edilib.

Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov Oxu.Az-ın suallarını cavablandırıb:

- Hazırda Azərbaycanda nə qədər su anbarı var? Yeni su anbarlarının inşası barədə məlumat var idi. Hazırda məsələ nə yerdədir?

- Azərbaycanın su ehtiyatları çaylarda, dağlarda, buzlaqlarda, su anbarlarında və göllərdə formalaşıb. Yeraltı sular bütün ölkənin su fondunu təşkil edir və dövlət tərəfindən mühafizə olunur. Ümumi su anbarlarının sayı 140-a yaxındır. Hazırda su anbarlarında su kifayət qədərdir. Mingəçevir su anbarında ötən ilin müvafiq dövrü ilə nisbətdə təxminən bir milyard kubmetr əlavə su toplanıb. 

Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub. Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay və digər ərazilərdə yeni su anbarları inşa ediləcək.

- Ölkədə su ilə bağlı Milli Strategiya hazırlanır. Sənəd nə zaman hökumətə təqdim ediləcək?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq ekspertlərin iştirakı ilə birlikdə su ilə bağlı Milli Strategiya hazırlanıb. Rəy və təkliflər üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Hazırda sənəd təkmilləşdirilir. Müvafiq qurumların müsbət rəyindən sonra sənəd hökumətə təqdim olunacaq.

Strategiyanın tətbiqi ilə qanunvericilikdə, beynəlxalq yanaşmada, idarəolunma prinsiplərində müəyyən tələblər qoyulur. Strategiya gələcəyə baxış və ölkədə su ilə bağlı üzləşdiyi problemin aradan qaldırılmasına yönəlmiş bir sənəddir. 

- Bildiyiniz kimi, ötən il Kür çayının suyunun azalması ilə bağlı fəsadlar baş verdi. Buna səbəb nə idi?

- Son dövrlər iqlim dəyişmələri nəticəsində ölkədə quraqlıq baş verdi. Yağıntıların aşağı səviyyədə olması Kür çayında sululuğun azalmasına təsir edir. Bildiyiniz kimi, ötən il bir sıra problemlər yaşandı və Neftçala rayonunda su ilə bağlı problemlər oldu. 

Dövlətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində su ilə bağlı problem həll olundu. Bu istiqamətdə işlər gedir, fəsadların aradan qaldırılması üçün dövlət tərəfindən müxtəlif addımlar atılır. Bunlardan biri də yeni su anbarlarının inşa edilməsidir. Eyni zamanda, biz tövsiyə edirik ki, insanlar da sudan səmərəli istifadə etsinlər.

- İşğaldan azad olunan ərazilərimizdəki çaylarda vəziyyət necədir? Məlumdur ki, düşmən tərəfindən həmin çayları çirkləndirmək üçün müxtəlif kimyəvi maddələr axıdılır.

- İşğaldan azad olunan ərazilərimizdə kifayət qədər su var. Bu su təxminən 2,5 milyard kubmetrdir. Bu sular əsasən bizim ərazimizdə formalaşır. Buradan tranzit keçən Oxçuçay, Bəsitçay, Bərgüşadçay Ermənistan tərəfindən Azərbaycan ərazisinə çirklənmiş vəziyyətdə daxil olur. Bu çirkləndirmələrlə bağlı tərəfimizdən mütəmadi olaraq monitorinqlər aparılır.

Nəticələr göstərir ki, bu çaylarda ağır metallar normadan artıqdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra biz monitorinqləri Oxçuçayın Azərbaycana daxil olduğu yerdə həyata keçirməyə başlamışıq. Azad edilmiş ərazilərimizdə kifayət qədər su anbarlarımız var. Oradakı məlumatlar su təsərrüfat balansına yerləşdirilir. 

İlhamə Əbülfət

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri