Apr
2021
13:06
102
41
6154
Virtual karabakh

Bakının əsrarəngiz məkanı: Minlərlə sevgiyə şahid olan bulvarla bağlı maraqlı FAKTLAR - MÜSAHİBƏ + FOTO

7 Apr, 2021
13:06
6154

Bakının əsrarəngiz məkanı: Minlərlə sevgiyə şahid olan bulvarla bağlı maraqlı FAKTLAR - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzərin sahilində yerləşən mənəvi sərvətimiz... Şərqin Parisi adlandırılan Bakımız... Son illərdə daha da gözəlləşən, qədimliklə müasirliyin vəhdətində inkişaf edən paytaxtımızın tarixi də görünüşü kimi əzəmətlidir.

Xəzər dənizinin sahilində insanların istirahəti üçün salınan Dənizkənarı Bulvar o qədər əsrarəngizdir ki, ölkəmizə gələn turistlər bu məkanı görmək üçün can atırlar. Bulvarboyu insanların rahat hərəkəti üçün zolaqlar və istirahəti üçün inşa edilən rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir.

“Bulvar” sözü fransız mənşəlidir və sahil boyunca gəzinti zolağı deməkdir.

Lakin əvvəllər “bulvar” kəlməsi “dairəvi müdafiə istehkamı”, “qala” mənasını daşıyıb. İlk belə bulvar 1428-ci ildə Orlean şəhərinin mühasirəsi zamanı ingilislər tərəfindən yaradılıb.

Həmin dövrdə də holland mənşəli “bolwerg” kəlməsi “dairəvi qala divarları” - şəhər ətrafında tikilən müdafiə tikilisini bildirirdi. Müasir yozumunu bu söz XVII əsrin sonunda, Fransa kralı XIV Lüdovikin sayəsində qazanıb. Onun fərmanı ilə istehkam qurğularının yerində gəzinti üçün yaşıllıq zolağı salınıb.

Bu gün Bakı Bulvarının yarandılmasından nə az, nə çox, düz 112 il ötür. Bəs bu gün bütün dünyanı valeh edən Bakı Bulvarı necə yaranıb? Bulvarın əsası necə və kimlər tərəfindən qoyulub? Ən müasir standartlara uyğun şəkildə inşa edilən Bakı Bulvarının ərsəyə gəlməsinə nə qədər vəsait sərf olunub?

Oxu.Az Bakı Bulvarının 112-ci ildönümündə Dövlət Bayrağı Muzeyinin direktoru, Tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva ilə həmsöhbət olub. 

- İstərdim tarixə kiçik bir səyahət edək. Başlayaq Bakı Bulvarının yaranmasından.

- Bulvar Bakımızın ən qədim istirahət guşələrindən biridir. Mən düşünürəm ki, müasir parklardan biridir. Çünki, Bakını digər ölkə və şəhərlərdən fərqləndirən əsas cəhət sahildə yerləşən istirahət guşəsi olmasıdır. Bulvarın necə yaranması hər kəs üçün maraqlıdır və bu təsadüfən, bir anda yaranmayıb. Bulvarın salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bildiyiniz kimi, 1859-cu ildə Şamaxıda zəlzələ baş verir. Bundan sonra quberniya mərkəzi Bakıya köçürülür və getdikcə insan axını artdığından şəhər genişlənməyə başlayır. Bu da şəhərin sahilədoğru genişlənməsini zəruri edir.

O dövrdə Bakı şəhəri ikiqat qala divarları ilə əhatə olunurdu. Bakı müdafiə istehkam qalası kimi öz əhəmiyyətini itirmişdi. İnsanların sahil zolağı ilə təmasına, rahat hərəkətinə maneələr yaranırdı. Bütün bu amillər Qala divarlarının bir hissəsinin sökülməsinə gətirib çıxardı. 1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi, general-leytenant M.P.Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran köhnə qala divarının sökülməsinə icazə verilir. Bakının inkişafı, əhalinin sayının artması, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin sahilə doğru genişlənməsi sahil zolağının formalaşmasına gətirib çıxartmış, paytaxtın ümumi görünüşünün daha da yaxşılaşdırılması zərurətini yaratmışdı.

Neft sənayesinin inkişafı nəticəsində Bakı böyük ticarət limanına çevrilir. Növbəti mərhələdə dənizkənarının abadlaşdırılması məsələsi gündəmə gəlir. Həmin illərdə sahil zolaqları iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada yük və sərnişin daşımaları həyata keçirilirdi. Ensiz sahil zolağında yerləşən müxtəlif körpülər və anbarlar buranı tamamilə baxımsız, yararsız vəziyyətə salmışdı. Sahil zolağı iki hissəyə ayrılırdı: qərbdə Aleksandrovski, şərq istiqamətində isə Petrovski sahili. Belə bir vəziyyət vahid sahil küçəsinin salınmasına məhdudiyyət yaradırdı. Eyni zamanda, şəhər əhalisinin dənizə çıxışına mane də olurdu.

- Bütün çətinliklərə, maliyyə ilə bağlı problemlərə rəğmən ilkin mərhələdə hansı addımlar atıldı?

- O dövrün şərtlərinə uyğun olaraq sahil zolağının nizama salınması  üçün torpaq töküldü. Lakin dənizlə sahil arasında daş səddin olmaması səbəbindən Xəzərdə suyun səviyyəsi qalxdıqca dalğa torpağı yuyub aparırdı. Dəniz dalğası bir tərəfdən, anbarlardan qalan tullantılar da digər yandan sahil zolağını daha da çirkləndirirdi. Bakı Şəhər İdarəsi dəfələrlə burada abadlıq işləri ilə bağlı layihələr hazırlayıb, müzakirəyə qoyurdular. Burada aparılan abadlaşdırma işləri heç bir nəticə vermirdi. Şəhərin dəniz fasadı, demək olar ki, yaradılmamışdı. Tarixi fotoşəkillərdə artıq 1901-ci ildə həmin əraziyə torpaq tökülməsi və daş səddinin çəkilməsinə dair fotolara rast gəlirik.

- Bakının ilk hazırlanan Baş Planında bu layihə yer almayıb?

- Bakının ilk baş planı görkəmli memar N.A. Fon Der Nonne tərəfindən işlənib. O da dənizkənarı sahilin yaradılması, bulvarın salınması ilə bağlı məsələyə müsbət yanaşır. Lakin yenə də çoxsaylı körpülərin və anbarların olması vahid sahil küçəsinin yaradılmasına mane olurdu. Belə desək, irəli sürülən layihələr sahibkarların maraqları ilə toqquşurdu. Amma bütün çətinliklərə rəğmən bulvarın salınmasına təkan verən məsələlərdən biri də burada yaşıllığın salınması idi. XX əsrin əvvəllərində bununla bağlı mühəndis K.B.Skureviç və şəhər bağbanı A.E.Vasilyev sahildə bağın salınması və burada yerli iqlimə uyğun olaraq güllərin, ağacların əkilməsi ilə bağlı layihə təqdim edilir.  Sahil zolağında yerli iqlimin xüsusiyyətləri nəzərə alınaraq xeyli ağac və kol əkilmişdi. Lakin maliyyənin ayrılmaması, daimi əsən külək və su qıtlığından bu layihə də uzun ömürlü olmadı.

- Nəhayət 1909-cu ildə Bakı Şəhər İdarəsinin tikinti şöbəsinin rəhbəri olmuş, istedadlı təşkilatçı Məhəmməd Həsən Hacınskinin irəli sürdüyü layihə ilə Bakı bulvarı yaradılır.

- Bəli. Bu istiqamətdə işlər Bakı Şəhər İdarəsinin tikinti şöbəsinin rəhbəri olmuş, istedadlı təşkilatçı Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə həyata keçirilib. Rusiyada təhsil almış M.H.Hacınski Bakı Şəhər İdarəsində fəaliyyəti dövründə şəhərin abadlaşdırılması və yenidən qurulmasında bilavasitə iştirak edib. O, Bakının ən məşhur abidələrindən biri olan Şirvanşahların qorunması və bərpasında da mühüm işlər görüb. Bu dövrdə maarifpərvər, vətənpərvər, Avropa təhsili almış ziyalıların yetişməsi və onların doğma şəhərini daha da inkişaf etdirmək və gözəlləşdirmək arzusu Bakı bulvarının salınmasında əsas rol oynayıb.

1909-cu il aprelin 7-də Məhəmməd Həsən Hacınski Bakı Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Onun bu iclasda qətiyyətli çıxışı Dənizkənarı bulvarın salınması məsələsində əhəmiyyətli rol oynadı. Həmin məruzə 1909-cu il aprelin 9-da “Kaspi” və “Bakı” qəzetlərinin 77-ci nömrələrində çap olunur. M.H.Hacınski məruzəsində Aleksandr sahil küçəsində bulvarın salınması haqqında tikinti komissiyasının müzakirəsinin nəticələrini diqqətə çatdırır və əhali üçün yeni bulvarın salınmasının vacib olduğunu sübut edir.

- Maraqlı məqamlardan biri Məhəmməd Həsən Hacınskinin təklif etdiyi layihədə özündən əvvəlki layihələrdən fərqli və şəhər rəhbərliyinin diqqətini çəkən məqam nə olub?

- O, çıxışında şəhərdə olan Mixayloviski bağının şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün azlıq etdiyini və bu məqsədlə geniş bir yerin ayrılmasının zəruriliyini qeyd edir və yeni salınacaq Dənizkənarı bulvarda çiçək və sərinləşdirici su köşklərin şəhər büdcəsinə ayda 4-6 min rubl mənfəət gətirəcəyini bildirərək layihənin iqtisadi cəhətdən səmərəli olduğunu açıqlayır. Bakı Şəhər İdarəsi Bakı şəhər Dumasına bulvar üçün Daş körpüdən Aleksandrovski çimərliyinə kimi torpaq ərazisinin ayrılmasını və bulvarın salınması üçün smeta xərclərinin təsdiq olunmasını təklif edirdi.

Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10 min rubl vəsait ayırır və onun saxlanması üçün illik 2500 rubl vəsaitin ayrılmasını təklif edir. Şəhər İdarəsi ümid edirdi ki, sərf olunan maliyyə xərcləri bulvar ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə öz həllini tapacaq. M.H.Hacınskinin bu məruzəsi Duma tərəfindən razılıqla qarşılanır və Şəhər İdarəsinə bu layihənin tezliklə həyata keçirilməsi tövsiyə olunur. M.H.Hacınskinin layihəsi bulvarın salınmasına maliyyənin ayrılmasına dair ilk sənəd idi.

Bakı Şəhər Dumasının növbəti iclaslarında Dənizkənarı bulvarın tədricən genişləndirilməsi müzakirə olunurdu. 1909-cu ildə bulvarın artıq üçdə bir hissəsi hazır idi: “Daş körpü”dən Gömrük körpüsünə (indiki Azneft meydanından “Bulvar” idman klubunun binasına kimi) qədər ərazidə bulvarın salınması ilə bağlı işlər tamamlanmışdı.

Bulvarın “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına kimi) qədər ərazinin uzadılması isə 1910-cu ildə baş verdi. Təxminən 600 metrə yaxın bir ərazi Bulvar şəklində paytaxt sakinlərinin istifadəsinə verilib. Beləliklə, ilk bulvarın ərazisi “Daş körpü”dən (indiki Azneft meydanından) “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına) kimi olan ərazini əhatə edir. Gələcəkdə bulvarda müxtəlif təyinatlı köşklərin və dəniz çimərliyinin salınması və s. layihələr də nəzərdə tutulurdu.

M.H. Hacınski bulvarda insanların istirahətinə böyük xidmət göstərəcək çimərliyin salınmasının vacibliyini vurğulayırdı. XX əsrin 50-ci illərinə qədər bu çimərlik insanların xidmətində olub. 1950-ci illərdə Xəzər dənizində suyun səviyyəsinin kəskin enməsi nəticəsində dəniz çimərliyinin taxta bünövrələri üzə çıxdı.  Dəniz çimərlikləri öz əsas vəzifəsini itirdi və istifadəyə yararsız olduğuna görə söküldü.

- Sovet dönəmindən sonra bulvar ərazisində hansı addımlar atılır?

 - Sovet dönəmində də bulvar ərazisində abadlıq işləri davam edir. 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci növbəsi tikilir. Kukla teatrından Bülbül prospektinə qədər olan ərazi abadlaşdırılır. Bulvarın növbəti inkişafı 1936-38-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə - Azneft meydanından köhnə İnturist mehmanxanasına kimi olan sahədə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri də həyata keçirilir.

Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın “qızıl dövrü” kimi qiymətləndirilir. 1950–60-cı illərdə burada “Bahar” və S.Vurğun adına yay kinosalonları, “Mirvari” kafesi, “Venesiya” su şəhərciyi və başqa istirahət obyektləri tikilir. 1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən Dənizkənarı Bulvarın yenidənqurulması layihəsi hazırlanır.

1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bulvar yeni inkişaf mərhələsinə qədəm qoydu. 1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı Bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı.

Belə ki, Bakı bulvarının əhəmiyyətini nəzərə alan Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb. Məhz bu Fərmandan sonra Dənizkənarı bulvar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Bu gün isə həmin illərin davamı kimi Prezident İlham Əliyevin tapşırığı ilə Bulvar ərazisinə xüsusi diqqət ayrılır. Bulvarın ümumi ərazisi 16 km-ə çatdırılıb. 200 hektardan çox ərazini əhatə edən Bakı bulvarı dünya ölkələrində mövcud olan bulvarlardan öz gözəlliyi və yaşıllığı ilə seçilir.

- Müstəqilliyin əldə edilməsindən sonra Bakı bulvarının yeni tarixi başlasa da, 80-90-cı illərin sonu Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşmüşdü. Bu, Bulvarda aparılan proseslərə nə kimi təsir etmişdi?

- Müstəqilliyin əldə edilməsindən sonra Bakı bulvarının yeni tarixi başlanır. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşmüşdü. Bu proses dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə, onların təsiri və Xəzərin dənizində suyun səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi.

Lakin bu çox çəkmədi. Bulvar ərazisi qısa müddətdə yenidən bərpa edilir və əvvəlkindən də gözəl, füsunkar mənzərə ilə əhatə olunur. Burada insanların istirahəti üçün müxtəlif növ attraksionlar quraşdırılır. İstirahət məqsədilə inşa edilən iaşə obyektləri paytaxt sakinlərinin ixtiyarına verilir.

Dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Yeni çəmənliklər salınmış, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilmiş, yeni attraksionlar quraşdırılıb. 2007-ci ildə Dənizkənarı Milli Parkda “Azneft” meydanının qarşısında musiqili fəvvarənin açılışı olub, Kukla teatrının yenidənqurması işləri isə başa çatdırılıb. 2008-ci ildə isə Hökumət evinin qarşısında ikinci fəvvarənin tikintisi başa çatdırılıb.

Bundan əlavə, 2005-ci ildə Dənizkənarı bulvarda Səməd Vurğun adına yay kinoteatrının əvəzinə tar formasında Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub. 2008-ci ilin dekabr ayının 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı olub.

Sonrakı illər ərzində bulvara olan qayğının təzahürü Respublika Prezidenti İlham Əliyevin 10 yanvar 2008–ci il tarixli fərmanı ilə oldu. Azərbaycan Respublikası Prezidenti Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, sosial-mədəni tədbirlərinin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək üçün Dənizkənarı Bulvar İdarəsinin yaradılmasına dair Fərman verdi.

- Bu gün Bakı Bulvarının ərazisi nə qədərdir və bu ərazidə hansı yeni təmir-bərpa işləri aparılır?

- Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Bakı İdmanı Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlanıb. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılır. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxildir.

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində də bulvar ərazisinin iki istiqamətdə genişləndirilməsinə qərar verilir. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən Bayıl Bulvarı, digər istiqamət isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər Bulvarıdır. Bakı Ağ Şəhər Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. Bayıl Bulvarının uzunluğu 2,3 kilometr, sahəsi 24 hektardır. Yeni bulvar ərazisində yenidənqurma və abadlıq işləri nəticəsində müxtəlif istirahət və iaşə obyektləri ilə yanaşı müasir mədəniyyət obyektləri də inşa edilib. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən Milli Parkda hazırda tikinti və abadlıq işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Sərəncamı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ilə Dənizkənarı Bulvar İdarəsi birləşdirildi. Bununla da Milli Parkın ərazisi 215,2 hektar olmaqla, uzunluğu 16 kilometrə çatdırıldı.

Bu il bizim zəfər ilimizdir və işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli, şanlı Azərbaycan bayrağı dalğalanır. Onu da qeyd edim ki, hazırda Bulvarda Bayraq meydanının bərpası ilə bağlı işlər davam etdirilir. Bulvarın da ən möhtəşəm yerində “Bayraq meydanı” müasir qaydada hazırlanır.

Tarixi ənənələrin qorunması məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib. Onlardan biri də “Qu quşları” fəvvarəsi yenidən bərpa edilməsidir ki, o da artıq paytaxt sakinlərinin istifadəsinə verilib. Bütün bunlar insanların tələbatına uyğun olaraq həyata keçirilir.

- Bakı Bulvarının baxımlı və gözəl görünüşünə neçə nəfərlik işçi heyəti nəzarət edir?

- Artıq Bakı Bulvarının yaranmasından 112 il ötür. Bu illər ərzində hər dövrə uyğun olaraq Bulvarda abadlıq işləri aparılıb. Əraziyə qulluq olunub. Təxminən 1000 nəfərdən ibarət işçi heyətimiz var. Onlar hər gün bu qədər ərazinin təmizliyinə cavabdehdir. Bu gün Bakı Bulvarının gözəlləşdirilməsi üçün vəsait xərclərindən qaçınılmır. Ən müasir avadanlıqlarla bulvara qulluq edilir. Bulvarda hər bir layihə gözəldir, qiymətlidir. Hər birinə özünə müvafiq şəkildə qulluq edilməsinə ciddi nəzarət edilir. Bütün bunlar Bakımızın daha da gözəlləşməsinə xidmət edəcəkdir. Çünki Bulvar hər birimizin uşaqlıq, gənclik xatirələrini özündə birləşdirən bir məkandır.

Qeyd edək ki, Milli Arxivdən əldə edilən tarixi sənədlərə əsasən Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu il olduğu qəbul edilib. Araşdırmalar nəticəsində əldə edilən tarixi sənədlər Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna və Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Qurumlardan gələn rəsmi rəylər əsasında, məhz 7 aprel tarixini bulvarın salınması günü kimi təsdiq etməyə əsas verir.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri