10 
Apr
2021
15:05
137
96
4886
Virtual karabakh

COVID-19-dan qurtuluşun bir addımlığında: Peyvəndləmə bizə nə vəd edir? - ŞƏRH

10 Apr, 2021
15:05
4886

COVID-19-dan qurtuluşun bir addımlığında: Peyvəndləmə bizə nə vəd edir? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusla dünya təşvişə düşdü. 

Əfsuslar olsun ki, bu xəstəlik sürətlə yayıldı, Azərbaycan ərazisində də yan keçmədi və COVID-19-a yoluxma halları qeydə alındı. Son statistikaya görə, Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir. Xəstəlik yayılan ilk gündən Azərbaycan hökuməti insanların sağlamlığı üçün addımlar atdı, ölkədə xüsusi karantin rejimini tətbiq etdi.

Buna baxmayaraq koronavirusla mübarizədə bütün ümidlər vaksinasiya ilə əlaqəlidir.

Artıq əksər ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər.

Yanvarın 18-dən etibarən ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesi başlayıb. 

İndiyə kimi peyvənd olanlar arasında hər hansı ciddi bir vəziyyət və yaxud şikayət olunmayıb. Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. 

Təbii ki, peyvənd olunanlar nə qədər çox olsa, pandemiyanın sona çatmasına gətirib çıxaracaq nəticələr bir o qədər uğurlu olacaq. Kütləvi peyvəndləmə kollektiv immunitetin formalaşmasının açarıdır.

Bir çox ölkələrdə vaksinasiyanın zəruriliyi və vaksin olunmuş şəxslərə imtiyazların verilməsi vəd edilir. Dünya təcrübəsinə baxsaq, beynəlxalq səyahət agentliklərində bu insanların daha rahat şəkildə səyahət imkanlarının tanınması istiqamətində müəyyən addımların atıldığını müşahidə edərik.

Belə ki, koronavirusa qarşı peyvənd olunan vətəndaşlar COVID-19 testi etdirmədən və karantin qaydalarını gözləmədən rahat səyahət edə biləcəklər. Eyni zamanda, peyvənd olunan şəxslər SMS icazə qərarından da azad oluna bilərlər.

Çünki vaksin olunmuş şəxslər risk daşımır və onlarda demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur. 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da mətbuata açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyadan keçən insanlara gələcəkdə imtiyazlar verilə bilər:

“Vaksinasiyadan keçmiş insanlar üçün gələcəkdə hansısa imtiyazların tətbiq olunması prosesi müzakirə edilir”.

Görünən odur ki, COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları, ölkədəki karantin rejiminin sərtləşdirilməsi halında müəyyən imtiyazlar əldə edə bilərlər. 

Qeyd edək ki, 2020-ci ilin iyun ayında Çin dövləti tərəfindən “CoronaVac” vaksini hazırlanıb. Artıq hazırda ölkəmizdə də Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini vurulur.

Son statistikaya görə, Azərbaycanda ümumilikdə 1 111 722 ədəd vaksin vurulub. Ölkə üzrə ümumilikdə birinci mərhələ peyvənd olunanların sayı 706 433 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 405 289 olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri