13 
Apr
2021
19:04
248
17
826
Virtual karabakh

“Yaşıl Marafon” çərçivəsində Cəbrayıl və Qubadlı rayonlarında ağacəkmə aksiyası keçirilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarına növbəti ağacəkmə aksiyası keçirilib.

Oxu.Az-ın məlumatına görə, ərazidə 750-ə yaxın ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub:

“Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl  və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız”.

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:

“Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi”.

F. Əliyev ermənilərin törətdikləri vandalıqla bağlı beynəlxalq qurumlara səslənib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Ağacəkmə kampaniyasından sonra mediatur başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri