17 
Apr
2021
11:00
291
29
6920
Virtual karabakh

“Dumanlar başımda dastana döndü” - “YARAT”dan təsirli ekspozisiya

17 Apr, 2021
11:00
6920

“Dumanlar başımda dastana döndü” - “YARAT”dan təsirli ekspozisiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya dövrü muzeylərin və digər incəsənət məkanlarının fəaliyyətinə də təsir göstərdi, onlar da öz qapılarını qonaqların üzünə qapamağa məcbur oldu. Lakin ilin əvvəlindən muzeylərin fəaliyyətinə icazə verildi və mədəniyyət ocaqları yeni layihələrlə çıxış etdi.

10 illiyini qeyd etməyə hazırlaşan “YARAT” Müasir İncəsənət Mərkəzinin qapanmadan sonrakı ilk layihəsi “Dumanlar başımda dastana döndü” qrup sərgisi oldu. Sərgi Qarabağ müharibəsinə həsr olunmaqla illərdir davam edən münaqişənin təsiri və nəticələri aspektindən bəhs edir, onun travmatik yaddaşını gündəmə gətirir.

Ekspozisiyanın diqqət mərkəzində müharibə acıları, ümumbəşəri dəyərlər və Qələbəyə gətirən yol diqqət mərkəzindədir.

Sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı həmçinin sərgidə nümayiş olunan installasiyanın tərkib hissəsidir.

Eksponat mərkəzində olan dəmir barmaqlıqlar və onların yaratdığı fon təsviri Zəfər yolunun çətinliklərinə işarədir. Barmaqlıqların arasından saçan işıq şüaları “86 600 kv/km” təsvirini yaradır - Azərbaycan dövlətinin ərazisinin sahəsi olmaqla onun bütövlüyünü və birliyini göstərir.

 

Digər eksponat qırılmış saxsı qabda yetişən Xarıbülbül çiçəyidir. Qarabağın simvolu olan bu çiçək 28 il bizim yolumuzu gözləyib, bu illər ərzində cücərib, əziyyətə tab gəlib, saxsı qab kimi sınmayıb.

Sərginin təsirli eksponatlarından biri də Erkin Ələkbərlinin “İz” installasiyasıdır. Qarabağdan qaçan həmvətənlərimiz çox vaxt yolsuzluğa davamlı UAZ markalı maşınlardan istifadə ediblər. Nümayiş olunan bu maşının palçıqlı təkəri Azərbaycan tarixinin ən ağrılı məqamına işarədir. Təkərin qoyduğu izdə isə torpaqlarımızın işğal tarixləri əks olunub.      

Sərginin divarlarının birində Birinci Qarabağ müharibəsi zamanı çəkilən fotoşəkillər də var. Digər divarda müxtəlif nəsillərin nümayəndələri olan məcburi köçkünlərin fotoları əks olunub. Şəkillərdə onların qoyub qaçdıqları doğma evlərindən apara bildikləri əşyalar nümayiş olunur.

Əks divarda isə Vətən müharibəsi zamanı çəkilən təsvirlər yer alır. Xalq birliyi, rayonlarımızın qaytarılması sevinci, Qələbə coşqusu – bunlar ən yaxın tariximizə, hamımızın 44 gündə yaşadığımız həyəcanlı anlara işarədir.  

Ekspozisiyada Maral Rəhmanzadə və Mikayıl Abdullayev kimi görkəmli rəssamlarımızın yaratdıqları rəngkarlıq tabloları, gənc incəsənət xadimlərinin fotoları, installasiyaları, video və rəqəmsal sənət əsərləri virtual bir dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqışəsinin mürəkkəb pazlını tamamlayır.

Bu sərgi həm ürəyi Vətən sevgisi ilə alışan insanlar, həm də şəhərimizin qonaqları üçün maraqlı ola bilər. Yaddaqalan, təsirli bir incəsənət nümunəsi olan ekspozisiya pulsuz nümayiş olunur və mədəniyyət sevənlərin üzünə həftənin 6 günü açıqdır (çərşənbə axşamı-bazar, saat 12:00-20:00).

Yeganə şərt – zalda eyni zamanda 10 nəfərdən az insanın olmasıdır ki, bu da karantin tələbatından irəli gələn təhlükəsizlik tədbiridir.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri