17 
Apr
2021
17:00
366
43
10896
Virtual karabakh

Nazim İbrahimovun qardaşı barəsində həbs qərarı verildi

17 Apr, 2021
17:00
10896

Nazim İbrahimovun qardaşı barəsində həbs qərarı verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün məhkəmənin qərarı ilə “STS” şirkəti, “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilir ki, Xətai rayon məhkəməsinin xüsusi qərarı əsasında S.İbrahimov barəsində 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İş adamı dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş, yenidən oxşar xarakterli cinayət əməlləri törətməsində şübhəli bilinib. 

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə “STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlər tərtib edib. 

Saxta sənədlər tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri