19 
Apr
2021
10:12
258
19
9593
Virtual karabakh

Şəhid yoldaşının qisasını alan qadın: “Dedilər Zakiri vuran budur, öldürmək istəyirsən?” - MÜSAHİBƏ + FOTO

19 Apr, 2021
10:12
9593

Şəhid yoldaşının qisasını alan qadın: “Dedilər Zakiri vuran budur, öldürmək istəyirsən?” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində iştirak edən beş qardaş... Bir ailənin Vətən uğrunda müdafiəyə göndərdiyi beş qardaşdan yalnız ikisi sağ qalır.

Əliyevlər ailəsi üç övladını Vətən uğrunda qurban verib. Qardaşlardan həyatda qalan Zahid Əliyev isə bu gün də ordu sıralarında xidmətini davam etdirir. Qardaşların göstərdiyi qəhrəmanlıqları özündə əks etdirən kitabda belə yazılıb. 

Bu dəfə sizinlə tanış edəcəyim qəhrəman beş qardaşdan şəhid olan 1951-ci il təvəllüdlü Əliyev Zakir İmran oğlunun həyat yoldaşı Əliyeva Gülzar Məhərrəm qızıdır.

1993-cü ildə düşmən Ağdam rayonunun kəndlərinə müxtəlif istiqamətlərdən hücuma keçib. Həmin ərəfədə rayonun Abdalgülablı kəndinin sakinləri torpaqlarının müdafiəsi qalxıb. Müdafiəyə qalxan əlisilahlı şəxslərdən biri də Gülzar xanımın həyat yoldaşı olub.

Zakir Əliyev kəndin girişində yerləşən postda 12 nəfərin həyatını xilas etmək üçün irəli atılıb. Daha ətraflı Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşının dilindən eşidək.

Oxu.Az həyat yoldaşının intiqamını alan şəhid xanımı Gülzar Əliyeva ilə müsahibəni təqdim edir:

- Ağdamın düşmən hücumuna məruz qaldığı o gün barədə nə xatırlayırsınız?

- 28 ildir o gün mənim yadımdan çıxmır. Hər zamankı kimi evimizdə oturmuşduq. Yoldaşım Ağdamın Yenikənd kəndində anadan olub. Mən onunla ailə quranda həmin kəndə gəlin köçmüşdüm. Daha sonra yoldaşım Abdalgülablı kəndində torpaq aldı. Yavaş-yavaş başladıq özümüzə ev tikməyə. Bir zülmlə, əziyyətlə o evi tikib başa çatdırdıq. Evimizin işlərini yekunlaşdırıb köçmək istəyirdik ki, kəndə hücum etdilər.

“Yoldaşım dedi ki, məni bağışla, bir gün belə sən o evdə qala bilmədin”

- Həmin gün siz kənddə idiniz?

- Bəli, mən və yoldaşım kənddə idik. Bir neçə gün əvvəl qohumlar kəndə gələndə uşaqları götürüb aparmışdılar. Elə ikimiz birlikdə kənddə qalırdıq. 1992-ci ilin mayın 7-i idi. Eşitdik ki, atışma səsləri gəlir. Yoldaşım hərbçi idi, durdu səhər işə getdi. Həmin gün elə yalvardım ki, nəsə narahatam, bu gün bəlkə işə getməyəsən? Dedi yox ki, yox, gedəcəm. Hələ təzə evə köçməmişdik. Yoldaşım elə hey deyirdi ki, “bağışla sən Allah, mən yenə bir gün bu evdə yatdım, sən heç bir gün də bu evdə qala bilmədin”. O gedəndən ürəyimdə elə bil tel qırıldı. Atışma bizim kənddə hər gün olurdu. Amma bu bir başqa cür dəhşət idi. Səslər qulaq batırırdı. Atışma olanda dağın başına qalxıb görüb ki, ermənilər Abdalgülablı kəndinin girişinə doğru hücuma keçirlər.

Dağın başında düşmənlə gücü çatdığı qədər atışmaya girib. Sonra snayperlə Zakiri vurublar. Dayım oğlu ona köməyə gedəndə görüb ki, Zakir ağır yaralanıb. Dayım oğlu onu götürüb gəlmək istəyib, amma Zakir deyib ki, silahı götür qaç posta, uşaqlara, kənd camaatına xəbər et. Dayım oğlu da silahı götürüb kəndə qayıdıb.

Bizim həyətdə su nasosu xarab olmuşdu. Bacımın yoldaşı düzəltməyə gəlmişdi. Bir anda işi qoyub qaçdı. Bu qaçanda bildim ki, nəsə pis hadisə olub. Mən də buna qoşulub qaçdım.

- Yoldaşınızın yaralandığını kimdən öyrəndiniz?

- Yeznəmlə kənd sakinlərinin yanına çatanda bildim ki, ermənilər artıq dəstə-dəstə kəndə giriblər. Hər tərəfdən kəndə hücuma keçiblər. Düşmənlə postun arasındakı məsafə qısa idi.  Kəndin çıxışında da, girişində də qızğın döyüş gedirdi. Qonşu kəndlərdən bizə köməyə gələnlər oldu, elə sağ olsunlar, ermənilərə layiq olduqları yeri göstərdi kənd camaatı.

Dayoğlu mənə dedi ki, Zakir ciddi yaralanıb, gərək gedək onu gətirək. Elə bunu eşitdim, əlim-ayağım boşaldı. Atışma o qədər güclü idi ki, Zakirə yaxınlaşa bilmirdik. Atışma bir qədər səngiyəndə, getdilər ki Zakiri götürsünlər, onda görüblər ki, artıq ölüb. Yoldaşımın nəşini gətirdilər qarşıma... Nə edim, bilmədim. Dünyam başıma yıxıldı.

“Yoldaşımı öldürən erməninin canını özüm aldım”

- Deyirlər ki, Zakir bəyi vuran ermənini sağ qoymamısız?

- Zakirin nəşini götürüb kəndə gətirəndə məni evə buraxmadılar. Çöldə qaldım. Elə hər kəs hazırlaşırdı ki, kənddən çıxsın. Biz də təzə tikdiyimiz ev-eşiyi, əşyaları, heç nəyi götürə bilmədik. Elə Zakirin nəşini götürüb kənddən çıxırdıq ki, 4 nəfər erməni tutub gətirdilər. Dedilər Zakiri vuran bunlardan biridir, öldürmək istəyirsən?

O an gözüm heç nə görmürdü. Ermənilərdən birini Zakirin qardaşı öldürdü, o birilərini dostları. Birini isə mən. O vaxt 32 yaşım var idi. Dolu silahı aldım, iki daraq gülləni erməninin qarnına boşaltdım. Yenə də hirsim soyumadı. Zakirin qan içində olan bədəni gözümün qarşısından getmədi. Elə bil həyatda deyildim, beynim dumanlanmışdı.

Səhərə kimi Zakirin nəşi yatağın üstündə qaldı, qanı ayağımın üstünə axırdı. Heç kimə bir kəlmə demədim. O ermənini öldürüb Zakirin qisasını aldım. Zərrə peşman deyiləm. Yenə olsa, yenə edərəm. Həyat yoldaşımın qisasını alıb Ağdamdan çıxdım.

-Həyat yoldaşınızı harada dəfn etdiniz?

-Səhər açılanda qardaşları məsləhət etdi ki, aparaq Mərzili kəndinə. Biz də elə etdik. Mərzili kəndində Zakiri dəfn etdik, yasını verdik. Onsuz burada qalmağımın bir mənası yox idi. Oğlumla qızımı da yeznəm ermənilər hücum etməzdən qabaq Bakıya gətirmişdi. Çıxdım gəldim Bakıya. Uşaqlarla Qaradağ rayonunda bir il yataqxanada qaldıq.

- Doğma ata-baba yurdunuzdan çıxıb Bakıya gəldiniz. İki uşaqla tək, çətin olmadı?

- Çətin idi, amma Zakirin yadigarlarına ona layiq şəkildə baxmalı idim. Bir il Qaradağ rayonunda yaşayandan sonra gəldik Suraxanıya. Burada bir ev tutduq. İki otaqlı ev idi, nə qapısı vardı, nə pəncərəsi. Adi döşəmə belə yox idi, beton idi. Qapı qoyduq, pəncərə qoyduq. Biz gələndə hələ binanın 8-ci mərtəbəsi tikilirdi.

Yemək yeməyə bir qab, yatmağa bir döşək belə yox idi. Qohumlar kömək etdi, hərə bir şey verdi, buranı ev halına sala bildik.  Artıq 28 ildir ki, bu şəraitdə yaşayıram. Yemək bişirmək zülm idi. Uşaqları dolandırmaq üçün nə iş olsa çalışırdım. Bir müddət çörək sexində işlədim, sonra şüşə zavoduna getdim. Ora bağlandı gəldim şadlıq evlərində aşpaz işləyirdim. Müdiriyyət vəziyyətimi görürdü, bəzən iki adamın işini verirdi ki, bir az çox pul qazanım, uşaqları dolandıra bilim.

- Hazırda işləyə bilmirsiniz, eləmi?

- Ürəyimdə ciddi problem yarandı. Sağ olsun dövlətimizin, Səhiyyə Nazirliyinin köməyi ilə ürəyimdən əməliyyat olundum. 3 damar dəyişildi. Həyata yenidən qayıtdım. Bu yaxınlarda da başqa əməliyyat keçirdim və onunla da iş qabiliyyətimi itirdim. Şəkərim yüksəkdi, birdən elə 400-500-ə qalxır, dünya başıma fırlanır. Ailədə bir oğlum işləyir, birtəhər dolanırıq. Şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı növbəyə dayanmışıq. İnşallah, dövlətimiz bizi də mənzillə təmin edəcək.

Könül Cəfərli
FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri