20 
Apr
2021
17:54
15
89
1006
Virtual karabakh

“Orqan bağışı problemi və transplantasiya” mövzusunda elmi konfrans keçirilib - FOTO

20 Apr, 2021
17:54
1006

“Orqan bağışı problemi və transplantasiya” mövzusunda elmi konfrans keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş “Orqan bağışı problemi və transplantasiya” mövzusunda onlayn elmi konfrans keçirilib.

Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ilk növbədə konfrans iştirakçılarını salamlayıb. 

Ölkəmizdə transplantologiya sahəsində olan inkişafın nümunəsi kimi Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin fəaliyyəti və burada icra edilən uğurlu transplantaloji əməliyyatlar barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi çıxışı zamanı həmçinin tibb elmləri doktoru Fəxrəddin Cavadovun səhiyyə sahəsində olan unudulmaz fəaliyyətinə də toxundu.

Ceyhun Məmmədov orqan bağışı məsələsinin həll yolu tapmasında cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirakının vacib olduğunu qeyd edib.

Konfransda həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov da çıxış ediblər.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə orqan nəqlinə olan ehtiyacın ödənilmədiyini qeyd edib.

Keçən il orqan transplantasiyası üzrə qəbul edilmiş və ilin sonunda Prezident tərəfindən təsdiq edilmiş qanun layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qanunda bütün aspektlərin, o cümlədən meyitdən orqan nəqli, donor bankının yaradılması, orqan bağışına hazırlanma prosesi, xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlərin də öz əksini tapdığını qeyd etdi.

Hazırda bu qanunun həyata keçirilməsi üçün icra mexanizmlərinin hazırlanmasının, təbliğat işlərinin aparılmasının qarşıda duran əsas vəzifələr olduğunu vurğulayan Milli Məclisin Səhiyyə Komitəsinin sədri sonda konfrans iştirakçılarına uğurlar arzu etdi.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı 1991-ci ildə ÜST tərəfindən Transplantasiya üzrə Rəhbər Prinsiplərin qəbul edildiyini və bu sənədin 2010-cu ildə yeniləndiyini qeyd etdi.

Ayrı-ayrı ölkələr arasında transplantasiya sahəsində, o cümlədən meyitdən orqan köçürülməsi sahəsində fərqliliklər mövcud olduğunu qeyd edən Hande Harmancı bu fərqliliklərin arxasında sosial, mədəni, dini səbəblər dayansa da əsas faktorlar səhiyyə qurumlarına olan etimadın, güvənin təmin edilməsi, əhali arasında təbliğatın aparılması olduğunu vurğuladı.  

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi və Konfransın sədri Rəşad Mahmudov tibb elmləri doktoru Fəxrəddin Cavadovun bu sahədəki mühüm addımları barədə məlumat verib. O, “Zəif nöqtəmiz haradadır? Problemə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxış” mövzusunda məruzə ilə çıxış etdi.

Eyni zamanda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi “Ölkəmizdə orqan transplantasiyasında 10 illik təcrübə”, Türkiyənin ilk orqan nəqli koordinatoru Ata Bozoklar “Orqan və toxuma transplantasiyası işinin inkişafında orqan bağışı və mərkəzləşdirilmiş koordinasiya xidmətinin əhəmiyyətindən danışıb.

Bu sahədə Türkiyə təcrübəsi, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Qulam Rüstəmzadə "Beyin ölümü diaqnozu kriteriyaları: diaqnoz necə və kim tərəfindən qoyulmalıdır?”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Orqan bağışı: psixoloji faktorlar; problemlər, perspektivlər” mövzuları üzrə təqdimatlarla çıxışlar etdilər. 

Konfrans zamanı tibb elmləri doktoru Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov da çıxış edərək təşkilati komandaya təşəkkür etdi və transplantalogiya sahəsi üzrə problemlərin həlli istiqamətində çalışan hər kəsə uğurlar arzu etdi.

Onlayn olaraq 200-dən çox dinləyicinin iştirak etdiyi konfransda sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri