30 
Apr
2021
11:18
14
103
3176
Virtual karabakh

Müasir bankçılığın neqativ tərəfləri: Pulumuzun öz əlimizlə oğurlanmasına səbəb oluruq

30 Apr, 2021
11:18
3176

Müasir bankçılığın neqativ tərəfləri: Pulumuzun öz əlimizlə oğurlanmasına səbəb oluruq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün əksər bank əməliyyatlarını onlayn şəkildə həyata keçiririk. Uzaqdan, banka getmədən həm vaxtımıza, həm də enerjimizə qənaət etmiş oluruq. Alış-verişlərimizin əksəriyyətini onlayn, pul köçürmələrinin böyük bir qismini terminallar vasitəsilə həyata keçiririk. Yəni, üçüncü tərəflər iştirak etmədən, ya da biz belə düşünürük. Çünki əslində bütün bu sadaladığımız əməliyyatlara uzaqdan müdaxilə etmək mümkündür.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Samir Ağamalıyev Oxu.Az-a bildirib ki, son zamanlar bütün dünyada kibercinayətkarlıq halları artıb.

Onun sözlərinə görə, bank kartları ilə bağlı məlumatları - mobil telefona gələn təsdiqləmə kodu (OTP), CVV, PIN kodu (kartı ATM-ə daxil edən zaman istifadə olunan şifrə) və s. kənar şəxslərin əlinə düşdükdə hesabımızdakı vəsaitlərin ələ keçirilməsi ilə nəticələnə bilər.

Bu hallarda bəzi qabaqlayıcı tədbirləri həyata keçirməklə məlumatların ələ keçirilməsinin qarşısını nisbətən almaq mümkündür.

Mütəxəssisin fikrincə, həssas yanaşmalı olduğumuz məqamlar xüsusilə, sizə məxsus kartın nömrəsi, onun etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üç rəqəmli kod), həmçinin təsdiqləmə kodlarının mühafizəsidir. Onun sözlərinə görə, sadalanan məlumatları bilən şəxs artıq hesabınızdakı vəsaiti mənimsəmək imkanına sahib hesab olunur.

Onlayn alış-veriş zamanı kartlardan istifadə edən zaman əsas hesab olunan bütün məlumatları qarşı tərəfə ötürürük. Əgər istifadə etdiyiniz və həqiqətən də alış-veriş platforması olduğunu düşündüyünüz sayt sadəcə bir maketdirsə deməli siz artıq kartınızdakı pulu öz əllərinizlə təmannasız şəkildə ona təhvil verirsiniz. Bu gün peşəkarcasına tərtib olunan və sizin üçün mükəmməl alış-veriş şərtləri təklif edə biləcək saytlar sadəcə “balıq tutmaq üçün istifadə olunan tilov” ola bilər. Ucuz qiymətlər, sərfəli çatdırılma şərtləri və s. cəlbedici görünə bilər. 

Digər əsas məsələ telefonumuza gələn müxtəlif təşviqedici təkliflər müqabilində kart məlumatlarımızın, şifrənin tələb edilməsi tələsinə düşməyin. Çünki, bununla siz şəxsi məlumatlarınızı müəyyən edilməyən mənbəyə ötürə bilərsiniz.

“İlk növbədə əsas məqamlardan biri kart məlumatlarınızı şübhəli sayt və ya internet xidmətlərinə, həmçinin tətbiqlərə daxil etməyin. Nəzərə alın ki, bank əməkdaşları heç bir halda müştərilərdən telefon vasitəsilə şifrə, təsdiqləmə kodu və s. bu kimi məlumatların təqdim olunmasını tələb etmirlər. Zəng və mesaj vasitəsilə kart məlumatlarını, yaxud SMS məlumatları tələb edən şəxslərə heç bir məlumat verməyin. Bu kimi şübhəli hallarla qarşılaşdıqda isə  dərhal əməkdaşlıq etdiyiniz banklarla əlaqə saxlayın”, - deyə Samir Ağamalıyev qeyd edib.

Bəzən bir çox elan yerləşdirmə saytlarında nəyisə satmaq və ya almaq üçün elan yerləşdiririk. Bu zaman poçt adresimizi, əlaqə telefonumuzu, üstəlik kiçik də olsa özümüz haqda “ipucu” da veririk. 

Mütəxəssis bu məsələ ilə bağlı bildirir ki, bəzən yerli alqı-satqı platformalarında elan yerləşdirdikdən sonra bizə xarici nömrədən məhsulu almaq üçün zəng, yaxud mesajla müraciət gəldikdə xüsusilə diqqətli olmalıyıq. Bu halda həmin şəxs sizdən pul köçürməsini həyata keçirmək üçün müxtəlif məlumatlar əldə etməyə çalışa bilər. 

Onlayn alış-veriş edən zaman bütün pulunuzun toplandığı hesabdan istifadə etməyin

Bütün bunlar məlumatlarımızı qorumaq üçün bizdə hardasa baza yarada bilər. Lakin, bu gün kibercinayətkarlığın bir çox növü var. Bəzi əlavə zəmanətverici tədbirləri də həyata keçirmək şərtdir. İlk növbədə mütəxəssislər bank hesablarını tez-tez, ən az həftədə bir dəfə yoxlamağı məsləhət görürlər. Onlayn alış-veriş edən zaman bütün pulunuzu saxlandığınız kartdan istifadə etməyin. Məsələn, çox insan özünəməxsus bir bank hesabı yaradır. Debet kartlarımızdan istifadə edərkən vəsait əksər hallarda bütün pulumuzun toplandığı hesabdan çəkilir. Ona görə də, bütün pulunuzu eyni kart hesabında saxlamayın. Alış-veriş edəcəyiniz məbləği alternativ kart hesabına ötürün.

Bankomatlardan istifadə edən zaman diqqətli olun

Əsasən, banklardakı bankomatlardan istifadə etmək tövsiyyə olunur. Çünki digər bankomatlara müdaxilə etmək nisbətən asandır. Marketlərdə, metro stansiyalarında, hava limanlarında və digər yerlərdə yerləşən ATM-lərə bir oğru tərəfindən müdaxilə edilməsi riski daha yüksəkdir. Bunu bəzən banklarda da etmək olur, lakin, müşahidə kameraları olmayan bir yerdə etmək daha asandır.

Həm müsbət, həm də neqativ cəhətləri ilə - təmassız ödəmələr

Belə ödəmələrin əslində bir çox müsbət tərəfi olsa da balansdan pulun oğurlanması üçün böyük fürsətlər təqdim edir. Şifrə tələb olunmadan (təbii ki, müəyyən limitə qədər) balansınızdan pulun çıxarılması həyata keçirilə bilər. Kartınız oğurlandıqda şifrə tələb olunmadığından vəsaitdən istifadə etmək asanlaşacaq. Digər tərəfdən kənardan müdaxilə ilə hesabınızdan pul transfert edilə bilər. Bunun qarşısını almaq üçün xüsusi kart daşıyıcılarından istifadə edin. Bu cür cüzdanlar artıq satışda mövcuddur. Hansı ki, onlar “RFID əngəlləyici” funksiyasına malikdirlər. Bu sayədə kartınızdan pul oğurlanmasınn qarşısını ala bilərsiniz.

Bütün bu halları nəzərə alaraq müasir dövrdə əslində rəqamsallaşmanın müsbət tərəfləri ilə yanaşı qarışıq sistemləri özündə birləşdirən müasir texnologiyalar bu işin “ustaları” tərəfindən qeyri-leqal formada istifadə olunduğu zaman mənfi təsirlərini də müşahidə edirik. Qeyd edilən əsas məqamlara diqqət etməklə bu kibercinayətlərin qarşısını nisbətən almaq mümkündür. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri